Elə kirləndi bu dünya ki, gözəl vaxti deyil,
Elə korlandi ki, dövranın əzəl vaxti deyil…
Tökülür ömr ağacından neçə tər,pöhrə həyat ,
Qarışır torpaq ilə, leyk xəzəl vaxtı deyil…
Nə bəlalar görürük,əcnəbi yellər gətirir,
Qorumaq müşkül olub,yurdun özəl vaxtı deyil…
Bəyaz əlcəklilərin “əyri əməl” səhnəsidir…
Düz əməl qıtlığıdır,çünki düz əl vaxtı deyil…
“Şe’rilə duyğunu izhar elə!”,hey “yaz!”deyərəm,
Deyərəm Fatimə, əfsus, qəzəl vaxtı deyil…
***
Siz,ey gecə-gündüz,ucalan şahə buludlar ,
Fəth eyləyən ümmanları , səyyahə buludlar…
Çirkablı günahlar da,səvablar da bizimdir…
Siz tab eləyirsiz bu qədər ahə ,buludlar …
İblis elə tüğyan eləyir, burda məkrsiz,
Yoxdur yer üzündə bir ovuc sahə, buludlar…
Gözlərdən axan qəmləri illərdir içirsiz,
Bir çarə qılan yoxmu bu eyvahə ,buludlar ?!
Zalımlara meydan,qoca dünyadır əzəldən ,
Qalmış yenə yaltaq ilə məddahə ,buludlar…
Acgöz dərəbəylər,qaniçən kinli köpəklər,
Gəlməzmi görən bir kərə islahə,buludlar?!
Mən bəndəsinin bəlkə də çatmaz ona ərzi,
Lütfən ,yetirin naməmi dərgahə,buludlar …
Axşam yetişir ,Fatimənin qəlbinə xatir,
Bir ləhzə salam söyləyin,ol mahə buludlar …
***
Sevdiyim,hicrin ilən,dərdü-məlal eyləmişəm,
Sənin eşqinlə nahaq,zənni xəyal eyləmiıəm.
Bəs edər bəs,bu qədər qəhrinə tab etdi könül,
İncimə,gör nə qədər zəhrini bal eyləmişəm…
Mən ki qəlb əhdini sərvətdə ilantək qorudum,
Gözüyox,nəfsibütöv,nitqimi lal eyləmişəm .
Dərdim ittək qaparaq,qəlbimi qəltan elədi,
Gözümün yaşını öz dərdimə yal eyləmişəm.
Nə təsadüf,nə zərurət,olan olmuş deyəlim,
Qəmi kəffarə verib,haqqı həlal eyləmişəm.
İstəməz Fatimə,gəlmə, buna var çün səbəbi,
Şəmsə “Dostum” demişəm, yarı hilal eyləmişəm…
***
Dedilər dəhr* çökür,vəhmli bir şayə gəlib,
Nəyə məcburdu ki,ömrü bu qədər sayə gəlib?
Günahın bir tərəfi, Adəmə düşmüşsə nə qəm,
Alovun gur dilimi, nəfskar Həvvayə gəlib…
Ruzi bəxş etdi Xuda,kəsmədi bir sübh-zöhr,
Məgər ol bin-bərəkət, bizlər üçün zayə gəlib?
Dedilər-“Ərköyünük,çün bizə qəyyumluq edən,
Turabın yeddi qatından, o dəcəl, dayə gəlib…
Sənə çox sərf edəcəkdir bu gedişat, zalım,
Günü-gündən azarıq ta , yeni sövdayə gəlib,
Mənə heç fərq eləmir, sur səsidir, yoxsa muğam,
Axı son dəvətimiz, Fatimə, üqba*yə gəlib…
Dəhr-dünya
Dəcəl-Dəccal
Turab-Torpaq
Üqba-Axirət
***
Qurmadım bir kimsənin könlündə taxt, bilməzmisən?
Ol zamandan olmadım bir dosta yar, görməzmisən?
Həsrətin çəkdim müdam pünhan ki, yadlar gülməsin…
Sən də agah olduğun andan baxıb, gülməzmisən?
Verdiyin dərd oldu hey, “Qismət” deyib şükr eylədim,
Mən yedim nuş eylədim, sən bir para bölməzmisən…
Etdiyin min-bir xəta,sədparə etmiş ruhumu,
Anlasan bir səhvini, etsən həya, ölməzmisən?
Bitsin artıq, yol yaxınkən dönməyin olsun qazanc,
Tövbənin kəndarına, sən Fatimə, gəlməzmisən?