.....

.....

FƏRQANƏ SƏFƏRLİNİN YENİ ŞEİRLƏRİ

FƏRQANƏ SƏFƏRLİNİN YENİ ŞEİRLƏRİ

Ümid – qarğış çantası

Allahın ətəyinə
Boşaltdım çanta-çanta
Şifahi qarğışları…
Alın yazım olmadı
Göy üzünə həvalə –
Əzbərlərini pozmur
Bildiyim alqışların…

Bir Şahməran vurmuşdu
Yerin əncər qatında
Köklü diləklərimi…
”Yolçu yolunda gərək”
Deyib asdım çiynimə
Yaşlı ümidlərimi…

YERSİZ BAŞLADIQ

Ağlımız göydə qaldı,
Yerdən yersiz başladıq.
Ay-ulduzun vaxtını
Səbəb yoxkən daşladıq.

Yelləncək göy üzündə
İntihara ip oldu.
Dar ağacı şər kimi
Adsız, yurdsuz doğuldu.

Günəş də çaşıb qalıb
Dörd fəsilli sakinə.
Kölgə vaxtın düz bilir,
İnsan gəlmir təmkinə.

Arzunun həya donu
Batıbdı bataqlığa.
Ərköyün günahları
Yazmışıq şıltaqlığa.

Ağlın yeri dar qalır,
Gündüz qorxur gecədən –
Qucaq dolu xəstəyik
Bircə ovuc sağikən.

DÜNYANIN QIRAĞINDA

Alabaxta səs salır,
Dünyanın qırağında.
Günəş qərib boylanır
Yerində, bucağında.

Üzülüb üzüm beli,
Şərab olanda lili –
Mövsümlərin ən zili
Yanılıb ocağında.

Ölənlər yuxu hörüb,
Günü gecəyə bölüb –
Ay gündüzdən üz görüb:
Dad qalıb damağında.

Arılar gülə bəstə
Oxunub bal şikəstə.
Sünbülü saçı üstdə,
Kəsiblər darağında…

Sevgi eşqin qızıdı,
Dünyanın tarazıdı
Həyat ömrün nazıdı
Ölümün sorağında.

YEDDİ ƏKİZ

Göyün bağrı yarıldı:
Doğdu göy qurşağını.
Yeddi əkizi gördü –
Yer dəyişdi çağını.

Şeytan da öz canından
Ağı, bozu atmadı –
İşin elə bərk tutdu,
Cənnətə qayıtmadı.

Səs-səmiri boğuldu
Mələyin qorxusundan.
Sevdası əcəl çıxdı
Hicranın yuxusundan.

Cəftəsi boş qapıdan
Haram halallıq aldı.
Bəyquş Simurqu tapdı,
Yolun gecədən saldı.

Başıdaşlı günahlar
Özünə gün ağlayıb –
İnsan səcdəyə gəlmir,
Belin nəyə bağlayıb?!

ŞAM AĞACI

Səmaların adəti,
Üstünə çökən ağac.
Dünyanın xəcalətin,
Əzabın çəkən ağac.

Toz-torpağın sığınıb
Yağışların ətrinə.
Söz-söhbətin yığılıb
Yaşıllığın bətninə.

Qismətdi kor baltaya
Lal ömrünün taleyi.
Yanıb-yanıb içindən
İsitmisən fələyi.

Könlünün gözü düşüb
Qışın ruhsal evinə –
Hər ilin son gününü
Asmısan buz telinə.

Kam almadın eşqindən,
Yerin oldu şam bağı.
Boyun göz dağı oldu,
Sinən oduncaq dağı.

Dünyanın dar yerindən
Səbrin bir gün daşacaq.
Kölgəndəki sevgilər
De: – Harda ovunacaq?!

ÜÇ NÖQTƏDƏN BİRİ

Cümləmdə şəxs əvəzliyi axtardım,
Yerinə qoymağa –
Nə sən deyə bilirəm,
Nə də mən varam:
Biz olmağa…
Ürkək-ürkək ayrılırıq,
Üç nöqtədən biri qalır.
Dizə kimi yalın qalan
Bu xoşbəxtlik
Fikrə dalır.
Tuturam boz hekayəmin
Soldan beşinci barmağın –
Ötürürəm qaranlığa,
Pozuram
gündən saymağın…