.....

.....

Fuad Səyyahın şeirləri

Fuad Səyyahın şeirləri

Qızıl balıq.

Toruma bir qızıl balıq düşəydi,
Mənim bir arzumu eyləyəydi çin.
Deyəydim azadlıq qarşılığında,
Məni bir saatlıq eylə göyərçin.

Bircə an vaxtımı itirməyəydim,
Geniş səmalara qanad açaydım.
Bir daha görüşmək ümidləriylə,
Sən olan yerlərə tərəf uçaydım.

O qara gözlərə,qara saçlara,
Birdə quş gözüylə heyran olaydım.
Qonaydım gəldiyin yolunun üstə,
Bir saat bitəydi insan olaydım.

Qonşu olaydıq

Deyirəm Allahdan qonşu olaydıq,
Hər gün görünəydim gözünə sənin.
Üz-üzə olaydı pəncərələrimiz,
Doyunca baxaydım üzünə sənin.

Salardım yolumu yolunun üstən,
Dostluq eləyərdim səninlə qəstən.
Sevdiyin vardırmı soruşanda sən
Sənnən danışardım özünə sənin.

Əgər xəstələnsəm gəlib dəyərdin,
Qonşusan qonşu tək əzizləyərdin,
Biz kimik deyəndə qonşu deyərdin,
Gülərdim bu məsum sözünə sənin.

Nə qonşu,nədə dost ola bildik biz,
Hərə öz yoluna səssiz səmirsiz.
Mən sənli xəyallar quranda sənsiz,
Kimsə qızım deyir qızına sənin.

Gəl və get

Gəl hardasan?.Səni gəzən gözlərin,
Azda olsa ehtiyacın ödə get.
Gəl deyim ki, şükür biri qayıtdı,
Axır vaxtı yaman düşüb gedə-get.

Gəl ağaran saçlarımı sığalla,
Sən nə yaman qocalmısan deyib get.
Gəl evimdə süfrə açım səninçün
Mənimlə bir şam yeməyi yeyib get.

Gəl sevdiyim kitabların içindən,
Götür ən çox oxuduğum birin get.
Gəl gedəndə izin qalsın otağda,
Dəyişdir hər bir əşyanın yerin get.

Gəl şikayət edim sənə bəxtimi,
Səndə bir az qarasına danış get.
Gəl ütüsüz paltarımın çirkinə,
Evin ağır havasına danış get.

Gəl Allaha dua edək bu axşam,
Gedəndədə tapşırım Allaha get.
Gəl heç zaman getməyəcəm deməyə,
Söz verirəm deməyəcəm daha get.

Ölən qadın

Eşit sözlərimi atam balası,
İnanma hər deyib gülən qadına.
Könül ver,üzünü güldürmək üçün,
Gözünün yaşını silən qadına.

Keçilməz yerlərdən keçib aşarsan,
Dəyişər həyatın,başqalaşarsan,
Sən istər istəməz doğmalaşarsan,
Səni öz doğması bilən qadına.

Amma ki,tək qoyub getsə unutma,
Özünü dərd qəmin üstünə atma.
Ona yaxşı yol de yasını tutma,
Bu ki xəyanətdir gələn qadına.

O qadın yerində olmasın heç kim,
Özünü o yerə salmasın heç kim.
Cənazə namazı qılmasın heç kim
Şairin şerində ölən qadına.

Haralardasan

Bir insan bu qədər unutqan olmaz,
Bir yada sal məni,haralardasan?
Mən qoyub getdiyin yerdəyəm,ancaq,
Hardan tapım səni haralardasan?

Düşündün bu atəş söndü gəlmədin?
Hər gün gözlədiyim gündü gəlmədin.
Bir günüm bir ilə döndü gəlmədin,
Yaş ötdü səksəni haralardasan?

Sönmədi,sönməz bu atəşin közü,
Sənə şeir yazdım darıxdım düzü.
Başımın bəlası,dilimin sözü,
Gözümün düşməni,haralardasan?
Bir yada sal məni haralardasan?

Gətir

Dolan hər yerdə xəyalım mənə bir müjdə gətir
Sənə ünvan verəcəm get ora tapsan nə gətir

Ora cananımın ünvanıdı sakitcə girib
Geri,həsrətlə yanan qəlbimə bir kölgə gətir.

Mən o bir kəlmənin eşqiylə kitablar yazaram
O danışdıqda eşitsən nəsə bir kəlmə gətir

Demirəm dağ gətir üstündə çiçəklər bitirim
Mənə dağdan daha qiymətlidir hər zərrə,gətir.

Ona çatdır Fuad həsrətlə baxır yollarına
Yox əgər gəlməyə meyl etməsə öldür və gətir.
Fuad Səyyah