Sonuncu arzu
Yalvarıram Tanrıya, görməsin kimsə səni,
Gözümdə əksi qalan, gördüyüm o kəs kimi.
Eşitməsin bir kimsə duyduğum son kəlməni,
Yaşasın ürəyimdə gizli qalan səs kimi.
Təkcə məni yaşatsın,
Hər an dayana bilən sonuncu nəfəs kimi…
Dəniz ol, ləpələnmə, rəngin ağ- qara olsun,
Gizli qal məhvərimdə, mavi qəlbimə dolsun.
Boz örtüyə bürüyüm, lap düşmənin bil məni,
Gülün- çiçəyin olum, bütün çiçəklər solsun.
Çəmənlər saçın yolsun…
Mən gördüyüm yanını qoy kimsələr görməsin,
Dustaq ol baxışımda, kirpiyim çəpər olsun.
Qınama heç vaxt məni,
Gözlərinin rənginə yarpaq kimi əsəni…
Bilsələr ki, gözümdə ümman boyda sevda var,
Dalğalanır orada xoşbəxtliyin naxışı,
Alarlar o baxışı.
Gözlərimi yumaram sonsuzadək kor ollam,
Gizlədərəm sən dolu bu əzablı axışı.
Yağdıraram gözümdən leysantəki yağışı,
Bu işıqlı dünyaya ömürlük həsrət qallam.
Yumaram gözlərimi, baş qoyaram dizinə,
Yetər ki, görünmə sən kimsələrin gözünə..
İkinci həyat
Ümidin bitdiyi yerdə qığılcımlarından doğan
Həmin o atəşəm mən.
Nur salıram yoluma.
Öz odunda alovlanan, hər zərrədə çoxalan
Dünya boyda közəm mən..
İsinirəm oduma.
Acısından güc alıb dərdləriylə yoğrulan,
Küllərindən doğulan
Qadın adlı gücəm mən.
Oxşayıram adıma.
İllər boyu güc almışam kədərimdən, qəmimdən.
Yaşadığım illərimi toplayanda az etmişəm cəmimdən.
Yazılmayıb həyatıma “xoş gün” adlı dəmimdən.
Cənnətinə qovuşmamış qovulan
“Günahkar” bəndəyəm mən.
Yol aldıqca ölümə
Addım-addım yaxınlaşdım hər əzaba,zülümə.
Qismətimin girdabında boğuldum.
Yetişmədi bircə əl də əlimə.
Öldürməyən dərd yaşadır, gücləndirir,
Qazanılan hər xoş anı keçmişiylə bəsləndirir.
Mən də təkrar doğuldum.
Və qarışdım həyatımın ikinci dönümünə.
Küsməyin qaydası
Necə küsək son olmasın bu yazı?
Necə küsək danışmayaq, barışmayaq,
Qaynatsan da qarışmayaq,
Amma getmə.
Gözlərimdən bir an itmə,
Sənlə bağlı şikayətim,dərdim,sərim
Gözlərində yük olmasın,əvəz etsin işvə-nazı.
Qürurlarla yarışmayaq,
Payız gəlir, xəzan olmuş qəlb evimdə çiçək açsın sevda yazı.
Nə söyləsəm, əməl etmə,
Hirsli başda ağıl olmur,mən danışım, sən eşitmə.
Elə küsək, ayrılığa alışmayaq,
Vurmasın hicran ayazı.
Uzaq olaq gözümüzdən, xoş,mülayim sözümüzdən,
Daha birdə savaşmayaq.
Uzaqdan sev…Gəl sınayaq;
Necə oldu,boğulmadıq, nəfəs ala bildik axı,
Ölərəm deyirdik elə, yaşamaq da olur axı.
Günəş yenə işıq saçır,
Biz olmadan solur axı.
Niyə dünya dağılmadı, dərd- dərd üstə yığılmadı?
Hər şey necə öz yolunda, qaydasında olur axı?
Bircə mənəm darmadağın,
Yer də ayağımdan qaçır.
Payızdandır, soyuq alır.
Ayrılıqdan yana deyil, yemək də yemirəm axı.
Yoxsa niyə ürəyimdən ağrı qalxır?
Gözlərimdən sel-su axır.
Xəstəlikdəndir hamısı, qapıdan ha qovursansa,
Qayıdıb bacadan baxır.
Həə, nə isə…
Sağlıqla qal, ayrıldığım.
Yoxluğuna sarıldığım.
Əməlimə savaş açan
Dilimdəki yanıldığım
Küsməyin qaydası
Necə küsək son olmasın bu yazı?
Necə küsək danışmayaq, barışmayaq,
Qaynatsan da qarışmayaq,
Amma getmə.
Gözlərimdən bir an itmə,
Sənlə bağlı şikayətim,dərdim,sərim
Gözlərində yük olmasın,əvəz etsin işvə-nazı.
Qürurlarla yarışmayaq,
Payız gəlir, xəzan olmuş qəlb evimdə çiçək açsın sevda yazı.
Nə söyləsəm, əməl etmə,
Hirsli başda ağıl olmur,mən danışım, sən eşitmə.
Elə küsək, ayrılığa alışmayaq,
Vurmasın hicran ayazı.
Uzaq olaq gözümüzdən, xoş,mülayim sözümüzdən,
Daha birdə savaşmayaq.
Uzaqdan sev…Gəl sınayaq;
Necə oldu,boğulmadıq, nəfəs ala bildik axı,
Ölərəm deyirdik elə, yaşamaq da olur axı.
Günəş yenə işıq saçır,
Biz olmadan solur axı.
Niyə dünya dağılmadı, dərd- dərd üstə yığılmadı?
Hər şey necə öz yolunda, qaydasında olur axı?
Bircə mənəm darmadağın,
Yer də ayağımdan qaçır.
Payızdandır, soyuq alır.
Ayrılıqdan yana deyil, yemək də yemirəm axı.
Yoxsa niyə ürəyimdən ağrı qalxır?
Gözlərimdən sel-su axır.
Xəstəlikdəndir hamısı, qapıdan ha qovursansa,
Qayıdıb bacadan baxır.
Həə, nə isə…
Sağlıqla qal, ayrıldığım.
Yoxluğuna sarıldığım.
Əməlimə savaş açan
Dilimdəki yanıldığım
“Gəl,bərabər unudaq”
Elə unudacam ki, düşməyəsən yadıma.
Varlığınla yoxluğun hər ikisi öldürür.
Çevril artıq,sən Allah, bir əsrlik yadıma,
Bu nə dərddir, bilinmir,ağladır, ya güldürür.
Get hara gedirsənsə…
Geri gəlməyəsən ha, yerin-göyün xətrinə,
Kimi sevirsənsə ha, bircə onun xətrinə.
İstəyirsən yalvarım, torpaq olum tökülüm ayağının altına.
Öldür əlinlə dəfn et tapdadığın torpağın yeddi arxa qatına.
Çıx get, qalma yanımda, səni sevmək öldürür göz görə-görə məni.
Get,uzaqlaş gözümdən, bu yaralı qəlbimdən, Səni,məni, sevgini Yaradanın xətrinə.
Ölmüşəm,ya qalmışam çox da seçilmir axı,
Həyat çəkir sınağa.
Günahkar axtarma heç, borclu çıxarıq axı.
Gələrik bu sevdada dünya boyda qınağa.
Səssizcə unut məni, ikimizin xətrinə.
Getməsin barmaqlarım o qələmi tutmağa,
Ürək dolub daşdıqca sənə şeir yazmağa.
Gözlərim qan-yaş tökər, səni anladan eşqin hər sözünə,sətrinə.
Qurban olum, uzaqlaş yaddaşımın səddindən,
Ağlıma bir də gəlmə.
Qoxunu da uzaq tut nəfəs ala bildiyim havanın sərhəddindən.
Burnumun ucu sızlar,göynəyərəm ətrinə.
Xatirəni götür get, oxa, gülləyə dönüb yaddaşımı da dəlmə.
Yaran incidir axı..
İnsafın olsun,zalım, gözümdən axan yaşlar
Oxşamağa qıymayıb gözümdə qurutduğun
Həmən incidir axı.
Gəl, bərabər unudaq, biz axı söz vermişdik hər dərdlə bir savaşa,
İndi demək olarmı, bu yüklə təkcə yaşa?
Müştərək idi həyat, yadındadır demişdin,
Üzüləcəkdik birgə başımıza gələnə, bütün dərdlərə,qəmə.
Sevinəcəkdik birgə hər xoş günə, sevincə, sevgidən doğan dəmə.
Bir ürəyik demişdin.
Gəl,bərabər unudaq, bərabər də sağaldaq
Eşq adlı yaramızı.
Tək adam işi deyil, gəl bərabər bağlayaq
Yarımçıq sevdamızı.