***
Gizlətdim gözlərimi eynəyin arxasında…kimsə görməsin,
gözüm,
Səni necə axtarır.
Nə qədər böyük imiş,
Səssiz imiş bu şəhər.
Can candan ayrı düşsə, böyüyər məsafələr.
Baxışlarım asıldı gedişinin səsindən,
Heç kimi diləmədim
Şəhərin kimsəsindən.
Tək diləyim sən idin…
Əllərim gəzdi səni,
Şikəst əl gəzər kimi.
Ahhh! bilsən,necə yoruldum
Dərd məndən bezər kimi.
Bir vağzalın küncündə necə durduq tək,yalnız.
Sən,mən və bir vağzal…adamsız.
Gəlib keçdi aradan axın- axın adamlar,
Uzaq,yaxın adamlar…
Bu əzabın acısı qovurdu küçələri,
Günəşdəndi sandılar.
Boynunu büküb durdun
Çarəsiz,
Dilsiz ,
Səssiz.
Sevdin məni bilirəm
Bilirəm gecəgözlüm.
Bükmə boynunu, bükmə,
Duruşunu sevdiyim.
İtirdik bu sevgini… bilməm kimlər tapacaq,
Bizim olan xəyallar kimə nəsib olacaq.
Səssizə al qəlbini,
asta söylə adımı,
Bəlkə, Tanrı duyacaq.
Get,dayanma istidir,ürəyin çəkilməsin,
Çarəsizik, bilirəm,
O uca vüqarın
Cilik-cilik olmasın
Yollara tökülməsin…mən səni elə sevdim.
Get ,
Gözləmə,qatarım yola düşsün,
Bağışla bu qadını.
Unut!
Unut!
Unutma…!!!
Sən unutsan ölərəm.
Qoyarsan övladına bəlkə, bir gün adını.
***
Bu gün də səni sevməyi unutmadım,
MƏNİ UNUTDUN DEYƏN, ADAM!!!
Bu gün də bir səhifə səndən oxudum,
Bir udum gözlərindən içdim,
Bir öpüş ovuclarından aldım.
Bir nəfəs saçlarından çəkdim içimə..
Bu gün də hər şeyi unutdum,
Unutdum uzun-uzun.
Çıxmadım yatağımdan,
Qapayıb pəncərələrimi
Səsdə qoydum divarın qulaqların,
Biraz da hirslənib qapıdan qovdum
səs salan məhlə uşaqların.
Gözlərimi tavana zillədim,
Toxunduğun yerlər nəfəs alırdı barmaq uclarımda,
Öpüşlərin canlıydı hələ də,
Hələ də sən qoxurdu çiyinlərim.
Teomanı dinlədim,
Sevdiyimiz mahnılarda rəqs elədik neçə xəyalarası
Səni sevdim,səni yaşadım sənə qurulu 24saat boyu..
Bu gün də yaşamağı unutdum
Tək səni sevməyi unutmadım.
Gülsadə