***
Külək zərif bir əlin inadını qırarsa,
Çətir göydə quş olar .
Şimşək hansı buludun qanadını qırarsa,
O bulud yağış olar …
BALIQ GÖZLÜM
Balıq gözlüm, gözün yaşmı kürülədi
Bu qəm dolu dənizlərə?
Niyə artdı dərdin, qəmin günü – gündən ?
Canım qurban o gözlərə , Balıq gözlüm.
Kirpiklərin balıqların tir tikanı
Qaşların da yosun oldu.
Tilovumun metal yorğunluğu varmış.
Hicran yaman uzun oldu ,Balıq gözlüm.
Şəninə min sağlıq dedi Ölü Dəniz,
Sakit Okean dilə gəldi.
Şimalbuzlu Okeanda aysberqlər
Təbiətə sinə gərdi , Balıq gözlüm .
Sən Qırmızı Dənizdənmi don geyindin
Kefinin ən saz yerində ?
Yad balıqçı tilovuna düşüb qaldın
Ağlının dayaz yerində, Balıq gözlüm .
Xəzər kimi təklənirsən öz yerində,
Ondan daha qorxulusan.
Balıqların şahı çoxdan ölüb məncə ,
Sən öz nəfsinin qulusan, Balıq gözlüm…
GÖY ÜZÜ BOŞLUQ GÖTÜRMƏZ
Göy üzü boşluq götürməz
Ulduzun sayrışan vaxtı .
Sənə bəd dua etmərəm
İtlərin hürüşən vaxtı .
Baxışım tamam dəyişdi.
Elə bilmə yerin boşdu:
Gözümə kirpiyim düşdü
Sən gözümdən düşən vaxtı .
Nə idi o işvə nazlar ?
Yerli – yersiz etirazlar?
Axı iynə saplamazlar
Şər-xeyir qarışan vaxtı .
Ey eşqi ala- çiy adam ,
İşdahlanıb aram-aram
Sən ömrümü yedin tamam
Mən dərdində bişən vaxtı .
İndi udqun udum – udum!
Məncə, doğrusu da budur .
İlan da zəhərin udur
Qabığını dəyişən vaxtı.
SƏN GƏLMƏZ OLDUN
Divardan asılan saatın səsi
Boş-boş ölən vaxtın xırıltısıdır.
Elə bil otağım edam səhnəsi,
Sükutu cəlladın mızıltısıdır..
Sobanın içində alayaş odun
Uzaq meşələrin dərdinə yanır .
Dörd divar içində ölən vaxtımı,
Soba bir otaqlıq istiylə anır .
Axı stəkana, çaya yazıqdır
Mürəbbə xarlaşır, limon saralır .
Dəymirəm xətrinə qulpu qırıqdır
Çaydan öz xodunda hələ dəm alır .
Otağım istidir çayım da qaynar ,
Gülüm, mən nə qədər vaxt öldürüm tək?!
Qorxma!.. həsrətinə satmaram səni
Yetiş gəl vaxtı da qoşa öldürək .
QADIN
Məhəbbət bazarında
Qadın hünər göstərər.
Sevgi intizarında
Qaş alar , könül verər..
Alverin ən gözəli ,
Qazancın ən bahası
Budur !. daha nə deyim ?.
Yox qadından dahası .
Məncə qadın olmağı
Bacarmadıq, o üzdən,
Tanrı kişi yaratdı
Qadın xətrinə bizdən .
Məncə Tanrı zövqünün
Ən incəsidir qadın .
O qüdrətli əllərin
Səliqəsidir qadın .
Tarix qadın haqqına
Girməzsə yer üzündə ,
Məryəm Adəmi doğar
İsanın əvəzində .
Müəllif : ELVİN POLAD .