.....

.....

Göylərdən ucadır taxtı Allahın – Qılman İman (şeirlər)

Göylərdən ucadır taxtı Allahın – Qılman İman (şeirlər)

***

Zərgər zər aşiqi, qızıl tüccarı
Olsa da, zibada, zərdə yaşamır.
Yay elə qurudur yaz küləyilə,
Payızın xəzanı tərdə yaşamır.

Nə çoxdur riyanı beh verib alan,
Dəllal bazarıdır, alverçi kalan.
Qorxub həqiqətdən gizlənən yalan
Ünvanı naməlum sirdə yaşamır.

Təptəzə ölkəyə biz köhnə təbəə,
Köçə bax, yollarda növbədir, növbə.
Burda nə görübsə, gedənlər, tövbə,
Qayıdıb dünyaya bir də yaşamır.

Yanır pərvanəsiz öz oduna şam,
Dilim nalə çəkib, deyir “əlif”, “lam”.
Xəbərin olsun ki, indi, ya imam,
Hökmü cəddinizin “mir”də yaşamır.

Axşam günəşitək qaralır vaxt da,
Sevincin gülüşü üzündə saxta.
Sən mənim günümə, bəxtimə bax da,
Nəzir dediklərim pirdə yaşamır.

Göylərdən ucadır taxtı Allahın,
İşi çox, heç olmur vaxtı Allahın.
Onda gətirib ki bəxti Allahın,
O da bizim kimi yerdə yaşamır.

29 yanvar-2013

***

Adam kimi yaşamaqmış
Adamın adına borcu.
Yaddaşın bağlayıb, düşmür
Çoxunun yadına borcu.

Bəndə çoxdu, Allah təkdi,
Gör tək olan nələr çəkdi…
Göyün başına dönməkdi
Quşun qanadına borcu.

Qurbanlığın canı pir ki,
Sehr dönüb olub sirr ki.
Ödəsə də, ödənmir ki,
Kişinin qadına borcu.

19 yanvar, 2017

***

Ömür dəftərimi yoxlayıb dünən,
İllərin çoxunu boş çıxarmışam.
Atamın, anamın kəbini yalan,
Özümə yeni bir yaş çıxarmışam.

Yolumdan çıxıram, yolumu çaşıb,
Bir az yaddaşımın lenti dolaşıb.
Hisslərim o qədər kiristallaşıb,
Ürəyin yerindən daş çıxarmışam.

Sac üstə yemişəm ağ lavaş ömrü,
Sürmüşəm yollarda mən yavaş ömrü,
İstidə, soyuqda bu nimdaş ömrü,
Neçə yaz geyinib, qış çıxarmışam.

Tək baxdım dərdimi təkcə böyüdüb,
Könlünü oxşadım, incə böyüdüb,
Dilimin altında sərçə böyüdüb,
Ağzımı açanda Quş çıxarmışam.

Yüz ilgək açılıb düynümün üstə,
Dərdlərim biçilib əynimin üstə,
Qoyub ayağımı çiynimin üstə,
Əlimlə bir təhər baş çıxarmışam.

2008

***

Danışıb, susan – dilinə;
Görən – gözünə uduzur.
Bu dünya bir görk yeridir,
Əyri, düzünə uduzur.

Eh, inansın bəxt hansına?
Zaman batıb vaxt yasına.
Donan – soyuq, şaxtasına,
Yanan – közünə uduzur.

Misra-misra çəkib əzab,
Şeir-şeir gətirir tab.
Vərəq-vərəq, kitab-kitab,
Şair sözünə uduzur.

Ananlar, niyə az anır?
Qışı oyanıb yaz anır.
Yüzü birindən qazanır,
Biri yüzünə uduzur.

Tum salıbsa tamah harda;
Daş dönüb mum olar orda!
Ömür adlı bu qumarda,
Adam özünə uduzur.

2011

***

Canın can verən yeri kaş
Həsrət koğuşu olmasın.
Deyin dərdin anasına
Bir də doğuşu olmasın.

Bu dünya qıymaz “sağ ol”un,
Yuyar gözümdə su yolun.
Allaha gedən bu yolun
Keşkə yoxuşu olmasın.

Oxusan əgər “əmmə”ni,
Güləm, arıtək əm məni.
Bir ömür yedi qəm məni
Heç halal xoşu olmasın.

29 iyul 2024

Yuxu

Çıxıb bu həsrətin, qəmin sonuna
Sərhədlər keçmisən kim bilir necə…
Bürünüb fevralın bəyaz donuna
Yol azıb yuxuma gəlmişdin gecə.

Gizli gəlişində min-min həyacan,
Hamının yuxuya qarışıb başı.
Mənim ünvanımı necə tapmısan?
Sən yola nabələd, yol sənə naşı.

Uçub mələk kimi yerlərdən göyə,
Axı necə gedib, necə gəlirsən?
Gündüz günəş səni görməsin deyə
Onunçün görüşə gecə gəlirsən?

Üç il bundan qabaq biz görüşəndə,
Əl edib, “əlvida” – dedin son dəfə.
Sevincdən yuxuda səni görəndə,
Dolandım başına bəlkə on dəfə.

Nə yaxşı heyrətdən gecə ölmədim,
Eşqimi köksünə sıxıb getmisən.
Arxanca qaçsam da çata bilmədim,
Sabah ayıldım ki, çıxıb getmisən.

Buz kimi üşüdür dilimi adın,
Həsrətin qəlpətək gəzir bədəndə.
Bir söz də söyləyib sağollaşmadın,
Xəbər eyləməzmi adam gedəndə?

Yanar çırtım-çırtım eşqin sacında,
Nə vaxt sənin üçün darıxsa ürək.
Durub axşamların yolayrıcında,
Yuxumun gəlişin gözləyim gərək.

Qəlbimin arzusun söyləsəm olar?
Hopub balıncıma sən vuran ətir.
Bir də görüşümə gələndə nolar,
Gedə bilmədiyin yuxunu gətir.

2022-ci il