Bu gecə yarı
Bir külək başlasa bu gecə yarı
Gəlib otağımdan götürsə məni.
Heç vaxt görmədiyim heç tanımadığım
Nağıl küçənizə ötürsə məni.
Sən də darıxıb eyvana çıxsan
Səsin yetməyəcək qədər uzaqda,
Lap xırdaca göz yaşı boyda
Parlayan ulduzlara baxsan.
Qarışsam özümtək utancaq mehə
Qarışsam gecənin melodiyasına
Çırpsam özümü yanaqlarına
Dolaşsam tellərinin arasına
Doğma nəvazişlə saçını hörsəm
Öpsəm, doyunca öpsəm nəfəsindən
Hamıdan xəbərsiz alıb götürsəm
Səni tənhalığın dar qəfəsindən.
Darıxmaq
Darıxmaq dünyanın ən pis vərdişi
Darıxar dünyada ən küt biri də.
Darıxmaq,dünyanın ən çətin işi
Darıxar hər qəlbin hissiz yeri də.
Mən də darıxaram, darıxar kölgəm
Azalıb hər şeydən itərəm dən-dən.
Nə aclıq bilərəm,nə də ki yuxu
Lap özüm olaram özümə düşmən.
Göylərin kefi yox, yerlər kimsəsiz
Darıxar hava da, darıxar su da.
Mənimlə darıxar dilimdə sözlər
Darıxar sükutun pıçıltısı da.
Elə darıxmalı havadı bu gün
Qorxuram yenə də düşəm tələyə.
Qapı-pəncərəni bərk bağlamışam
Darıxmaq içəri girməsin deyə.