Bax, yenə qarşılaşdıq
Yuxularda gecədir.
Məni satıb aldığın
O sevgilin necədir?
Heç olmaya sevirmi
Səni mən sevdiyimtək?
Sənə şeir yazırmı?
Oxu görək, de görək.
Gülə-gülə getmişdin,
Bu nə qəmli baxışdır?
Bilirsən ki, kövrəyəm,
Göz yaşını yığışdır…
Gözəldir
Yağışa bax sevgilim,
Palçığı da gözəldir.
Bu göylərin tutqunu,
Açığı da gözəldir.
Sən yaşayan küçə də,
Qalan evə də gözəldir.
Oxuduğun nağılda
Qorxunc div də gözəldir.
Bu dünya da gözəldir.
Sən dünyadan gözəlsən.
Səni nəylə vəsf edim?
Sən ki şeir, qəzəlsən.
***
Sən kiçik, dərin ağır,
Necə çəkim mən fağır?
Göydən ulduzlar yağır,
Tələs, tələs arzu tut.
Səmanın üzün silir,
İnan, danışa bilir,
Sənlə görüşə gəlir,
Salam gətirir bulud.
Ölmürəm, dirilmirəm,
Yanımdasan, görmürəm,
Mən unuda bilmirəm,
Mənim üçün də unut.
***
Son qərarımı vermişəm,
Gedəm sən olmayan yerə.
Hər gün bizi görüşdürən,
O yol, tin olmayan yerə.
Gücü itsin dizlərimin,
Canı çıxsın sözlərimin,
Nuru qaçsın gözlərimin,
Gedim gün olmayan yerə.
Bu nə ömürdü sürdüyüm?
Nə var yalandı bildiyim,
Gedim gəlişini gördüyüm,
Yuxum çin olmayan yerə.