.....

.....

GÖZ YAŞIM OVCUNA SIĞMAZ – Cəvahir Tanrıverdi

GÖZ YAŞIM OVCUNA SIĞMAZ – Cəvahir Tanrıverdi

TƏZADLAR

Azad torpaqlara ruhum sevinir,

Şəhidimə ağlar bulud olmuşam.

Bir gözüm ağlayır, bir gözüm gülür,

Göz yaşı içində gülüş olmuşam.

Payızın sehrinə düşmüşəm indi,

Bar-bəhərli ağac vətən kimidir.

Ağacdan saralıb tökülən yarpaq

Vətənçün can verən əsgər kimidir.

Bir ana qol açır azad yurdunda,

Köçkünlük adından silinib deyə.

Bir ana qol açır məzar önündə,

Oğlu al bayrağa bələnib deyə.

Payız özü kimi təzad gətirdi:

Ağlamaq istərkən gülə də bildik.

Şəhid anasının önündə susduq,

Düşmənin canına qənim kəsildik.

TƏNHA QADIN

Sənin üzünəmi biçilib kədər?
Bircə yol çıxarıb ata bilmədin.
Sevinc atlı oldu, sənsə piyada,
Ha qaçdın ardınca, çata bilmədin.

Həyata keçməyən arzularının
Elə xəyalına sığınıb durdun.
Adının yanında “xanım” səsləndi,
Səni görmədiyin xanımlıq yordu.

Susdu ürəyində ümidin səsi,
Xoşbəxtlik ömrünə çıraq tutmadı.
Ah… nisgilli qadın,
Ah… tənha qadın,
Özündən gileyin heç dayanmadı.

Halal zəhmətinlə məğrur yaşadın,
Bir üzün qadındı, bir üzün kişi.
Sən ki dərdlərinə alovsuz yandın,
Fələyin səninlə nə idi işi?

Yenə dilindədir şükranlıq sözü,
Qabarlı əllərin dualardadır.
Gözlərində bir cüt kədərli baxış
Xoşbəxtlik gözləyən o yollardadır.

Ürəyin buz tutdu bəzən istidə,
Bəzən arzular da quş olub uçdu.
Elə günahları özündə gördün,
Bu bəxtsiz tale də bir cürə suçdu.

Yollara diksən də bəzən gözünü,
O ötən zamanlar gəlməz, bilirsən.
Ha gözün yol çəksin, ha ürəyin dərd,
Çəkdiyin dünyaya dəyməz, bilirsən.

Sənin üzünəmi biçilib kədər?..

GÖZ YAŞIM OVCUNA SIĞMAZ

Tutma ovcunu önümə,
Göz yaşım ovcuna sığmaz.
Məni kül edən ağrılar
Duysan da, səni yandırmaz.

Qırılmaz qəlbinin simi,
Hissimə şərik olsan da.
Açılmaz dərdin tilsimi,
Sözlərinlə ovutsan da.

Mənimlə bir ağlasan da,
Göz yaşın göz yaşım olmaz.
Alov düşmədiyi yeri
İstisiylə də yandırmaz.

Cəvahir Tanrıverdi