.....

.....

“Güləcək o ayrılıq qoxulu daxma” – AYDAN (şeirlər)

“Güləcək o ayrılıq qoxulu daxma” – AYDAN (şeirlər)

***

Yolçu gedər, yol axsar
Dilində sağ ol axsar
Bir meh əsər, su axsar…
Ruhumda… görən olmaz.

Qəfil torpaq olar üzün
Sənlə gizlənqaç oynar
Elə gecən-gündüzün
Tapıb gətirən olmaz..

Hanı ananın ovcunda
Gülümsəyən əlləri?
Get barışdır həyatla
O küsəyən əlləri…
Saçını hörən olmaz.

Ana əli dəyməsə saçlarına
arada..
Bəxtin sığalsız olar.
Yuxun nağılsız olar..
Ana sığalı görməyən
Talelər tez qocalar..
Üzünə gülən olmaz…

Şükür, anam da sağdı
Gözləri nilufərdi
Qolu budaq-budaqdı..
Bir gileyim var təkcə
Ayrılığın üzünə
Elə çox baxdı, baxdı..
Qızı da gedib elə
Ayrılığa oxşadı..
Deyə də bilmədim ki
Ay sonam, belə olmaz…

İndi şeir yazıram
Qələmimi batırıb
Gözümdəki sabaha,
Dua edirəm Allaha…
“Allah, gedənim gəlsin..
Gedən gedir yol üstə
Dönürəm külə… olmaz…”

Anam da ürəyində
Deyir vərəqlərdə də
Sən demə gül bitərmiş…
Hələ ki mənim gülüm
Yerdə nəfəs dərməmiş …
Allah, onu soldurma…
Solmaq o gülə olmaz…

Ay kədər, nə işin var
Hər şeirimin içində
Nə vaxt baxsam oyaqsan
De nə vaxt gözlərimdən
Gendə dayanacaqsan?…
Bir az mürgülə… olmaz…

***

İnnən belə yol yüyürəcək üstünə
Toz yüyürəcək, su yüyürəcək üstünə
Üzünə güləcək qəfil bir çiçək
Üzün bilməyəcək kimdi o gülən.

Qapına gələcək xatirə üzlü,
Gözləri gecəli, gündüzlü bir qız..
Ruhunda üşüyər bir qərib məzar
Ruhunu saxlayar ovcunda sirr qız..

Sənin sirr açmağa həvəsin yoxdu
Üzümə baxmaqdan gen qaçır üzün..
Qəflətən qardaşım yadıma düşür
Dolur yaddaşımın ah dolur gözü..

Yenə də üzünə gülür keçmişdə
Xatirə üzlü qız .. üzünü görcək..
Üzünə o qədər güləcək ki o
Ocağın yanacaq, qapın döyüləcək..

Ürəyin döyünəcək təzədən ata…
Baxma ki dən düşüb adına.. baxma..
Səni qaytaracağam mən bu həyata…
Güləcək o ayrılıq qoxulu daxma..

Amma ki arada hər ömür baxır
Darıxıb divarda dil açan saata…
Adam əvvəl axır öz ömrünə də
Bağışla deməyi öyrənir, ata…

Gecikmə.. hələ ki vaxta var tələs..
Gəl sən də ömrünə bağışla denən..
Şeirim vərəqlərin xoşuna gəlməz
Eh nə şeir?! qardaşım ölüb e dünən…