.....

.....

Gülnar Səma – Sənsizliyi öldürə bilmədim

Gülnar Səma – Sənsizliyi öldürə bilmədim

Sənsiz yuxularım

Sənsiz yuxularım ərşə çəkilib
Sənli yuxuları görə bilmirəm.
Gözümdən o qədər yuxu tökülüb
Sənin yuxuna da girə bilmirəm.

Səni unutmağın zamanı gəldi
Məni unutmağın zamanı keçmiş.
Özünə o qədər yalan söylədin
Mənə inanmağın imanı keçmiş.

Nəyə istəyirsən ona da inan
Bircə sevgimizə inanma daha.
Ümid ayrılığa qalası olasa,
Onun da astarı üzündən baha.

Ən böyük nifrətlər
başlanğıcını sevgidən götürənlərdir.
Daim axtarışda olanlar
sevgisini əbədi itirənlərdir.

***

Axtardığın heç nəyi tapmazsan
axtarmadığın hər şey
səni tapar.
Kəlmeyi-şəhadətini oxuyan sevgiyə
“Ya allah!”, “İnşallah!” söyləyən
nifrət hopar.

Sən məni

Sən məni hər gün
ümid-ümid öldürürsən.
Beynimə həkk olunub
yaddaşımı sildirirsən.

Mənim sənə qıymadığım
hər əzabı
sevə-sevə mənə yaşadırsan.
Daha bitdi, söyləsəm də
dönə-dönə yaşadırsan.

Mən əzab çəkmək planını
çox gənc yaşımda doldurmuşam.
Səndən başqa
mənə əzab verən hər kəsi
yolum üstdən qaldırmışam.

Sənin ümidinə qaldığımı
hər addımda üzümə vurma.
Hər gün qatili olacaqsansa,
mənə ümid vermə.

Mən də hamı kimiyəm

Mən də hamı kimiyəm
sənin verdiyin əzabları sevirəm.
başqasının sevgisinə qarşılıq vermədən.
Özümə problem yaradıram
problemlərinlə sənin arana girmədən.

Mən də hamı kimiyəm
səndən də fərqlənmək istəmirəm.
Səninlə mübarizə aparıb
təklənmək istəmirəm.

Sevdiyindən əzab görənlərin
başında palıd ağacı olmur ki
mən də hamı kimiyəm…

Ömrümdə bir dəfə
sevdiyimi dərk elədim.
Onda da səni
ölümə tərk elədim.

Sənsizliyi öldürə bilmədim
sənsiz öldüm.
Ayrılıq anlarını topladım
həsrətinə böldüm.

Sənə tərəf getdikcə
yollar ayrıcında qaldım.
Ölə-ölə sevmək mənlik deyil
mən də sevə-sevə öldüm.