.....

.....

Gülnar Səma – “Sənsizliyin başını qatmaq”

Gülnar Səma – “Sənsizliyin başını qatmaq”

Sevdim

Mənə çox zülm elədin

Səni zülm-zülm sevdim.

Eşqə ölüm dilədim,

Səni ölüm-ölüm sevdim.

Sevdim, qəmə bələdin

Məni çox itələdin

Doğram-doğram elədin

Səni dilim-dilim sevdim.

Sonluğu tez gətirdin

Yarı yoldan ötürdün

İlim-ilim itirdin

Səni ilim-ilim sevdim.

Mən səninçün

İsgəndərin yandırdığı “Avesta”yam,

sən mənimçün

xeyirlə şər mübarizəsinin qalibi.

Mən səninçün

Həmzənin oğurladığı Qıratam,

sən mənimçün

Misri qılıncın qəlibi.

Mən səninçün

atəşpərəstliyin oduna yandım,

sən mənimçün

Zərdüşt olmadın.

Mən səninçün

Koroğlunu mat qoydum,

sən mənimçün

Çənlibeldə qalmadın.

Sən mənimçün

neynədiyini bilməsən də,

mən səninçün

neynədiyimi bilirəm.

Sən mənimçün

öz yolundan dönməsən də,

mən səninçün

öz yolumla gəlirəm.

Xilas

Rəvayətə görə

Rusiyanı iki dəfə

qarlı qışın şaxtası

ölüm hökmündən xilas edib.

Birinci dəfə Napoleon

Rusiyanın ürəyinə qədər irəliləyib,

sadəcə bir qış şaxtası ucbatından

qayıdıb gedib.

İkinci xilaskarlıq

“Türkmənçay”la yekunlaşıb.

“Gülüstan”ın qisasını almaq istəyən

Türk-iran ordusu

şaxtalı qışla vuruşub.

Ya tanrı, ya da Qış

Rusiyanı qoruyub.

Taleyə bax ee

rus qışından da yarıyıb.

“Qış olub üstümə niyə gəlmisən”

ritorikan cavabsız deyil.

Məni qış yuxusuna vermə

artıq özün ayıl…

Həyatımızda

etdiyimiz yaxşılıqlara görə

daha çox peşmançılıq hissi keçirmişik,

nəinki səhvlərə görə.

Nankorlardan ötrü

özümüzü uçurmuşuq,

nəinki saflara görə.

İnsan belədir,

öz gözündə tiri gözməz.

Görsə də,

sonrakı peşmançılıq

fayda verməz.

Sənsizliyin başını qatmaq

Sənsizliyin başını qatmaq üçün

neynədimsə, sənsiz olmadı.

Sənsizlik başımı qatmadı

başım sənsizliyə qarışdı

neynədimsə, bunsuz olmadı.

Hər şeyə son qoymaq istəyim

sonsuz da olmadı.

Özümü aldatmağa çalışmağım,

onsuz da, olmadı.

Dünyada heç bir ayrılıq

vətənsiz olmasın.

Heç sənsizliyin özü də

sənsiz olmasın.