Gəlirəm
Ayağını yol üstündən asmısan,
Gözlərimlə nədir qəsdin bilmirəm.
Sən sevgimin əllərindən çək apar,
Ürəyimi mən götürüb gəlirəm.
Yenə niyə küskün olub bu baxış?
Demirəm ki, nağıllardan gəl danış ,
Gözlərimə, sən gözlərindən danış ,
Xəyalları yatızdırıb gəlirəm.
İnanclara inanmırsan, ancaq var,
Közə ümid eylə hələ ocaq var,
Darıxmağa bir qucaqlıq qucaq var,
Dərdlərimi soyundurub gəlirəm.
Məndə qalmayıb ki,daha dözüm, tab
Sevgi sualıma gəl sən ver cavab,
Susamışam dodağından süz şərab,
Yandır eşq şamını gecə, gəlirəm.
***
Azadlıq…
Balıq qoxusudur azadlığın ən gözəl ətri
Bütün addımlarında ruhunu rayihəyə bürüyür;
-bilirsən qaçmaq azadlıq deyil.
Yem olacağından xəbərdar olduğun halda dənizə özünü vurmaqdır azadlıq!
Yıxılanda qanamış torpağını qucaqlamaq yox, öz ayaqlarından əsa kimi yapışıb qalxmaqdır azadlıq!
Yorğunluğun quyusuna düşəndə,
gözlərini yummayıb çarəsizliyə dik baxmaqdır azadlıq!
Doğrunun toxumlarını böyüdüb, yalanların toxumlarını çürütməkdir azadlıq!
Vicdan bazarında halalı almaq, haramı zibil qutularına atmaqdır azadlıq!
Libaslarınızı soyunmaq yox, əxlaqınızı geyinməkdir azadlıq!
Susmağı hədələyib, qorxunun üzünə hayqırmaqdır azadlıq!
Bütun qapıları bağlayıb, sevginin qapısını açmaqdır azadlıq!
Yaşamaq, yaşatmaq, yaratmaqdır azadlıq!!!✍️
*
Ötən günlərimdən düzəldirəm xatirələrimi!
Amma darıxma.
Darıxsan da eybi yox. Sadəcə xatırla!
Darıxanda mənim kimi rənglə xatirələrini:
Bir gün ağ, bir gün qara, bir gün də… nə bilim e…
gözlərinin rəngini!
Amma hər dəfə yol çəkirəm…
Gözlərimi deyirəm…
Rənginin arxasınca gəlirəm.
Hər gün bir rəngdəsən axı.
Gah sevirsən, gah darıxırsan, gah da ölürsən, guya.
Sən nə hayda, mən nə hayda!
Günlərdir də… keçir elədən elə, belədən belə.
Məni heç kim sevməyib axı belə.
Düzünü bilmək istəyirsən?
Sən məni sevəndən şıltaq olmuşam…
Barmaqlarım titrəyir ovuclarında
Dodaqlarım dodaqlarında.
Saçlarım küləyin hiyləsindən qorxmur sən yanımda olanda.
Sevirəm səni…
Və sən hey gözlərsən…
Sərhəd məftillərinə dolaşan kimidir naz bilməyən qadınların saçları…
Kirpikləri qırılmış çətir kimi süzər gözlərindən yağan yağışın damcılarını,
Təbəssüm qatarı yanaqlarının relsindən çıxıb yolunu azar.
Və sən hey gözlərsən…
Qolların dizlərinə qucaq, başın isə sığal olar təsəlli üçün
Ruhun əsir düşər düşüncələrinə ,
Qibləsini dəyişər qurtuluş üçün.
Etdiyin dualar qəbul olunmaz
Və sən hey gözlərsən…
Ürəyinə ilmə-ilmə yamaq atarsan keçmiş günlərin xatirəsindən,
Səfil görünüşüylə diləndirər səni, ac qalmış dünyası üçün
Gülənlərin saya gəlməz, dərdinə yananlar yanında olmaz,
Və sən hey gözlərsən…
Ağ günlərinin üstündən qara donunu geyinən qadın,
qol qaldırıb heç bir mahnıya oynaya bilməz.
Utanarsan rənglərə baxıb gülümsəməyin rəsmini çəkməyə .
Və sən hey gözlərsən…
***
Soyuq suyun ömrü isinənəcən,
Darıxmağın ömrü küsənəcəndi.
Bəhanə gəzirik biz barışmağa,
Ayrılığın ömrü bitənəcəndi.
Dərdin ölçüsü yox çəkib bitirək,
Gözümüz kor deyil gözdən itirək,
Keçmişdən nə qaldı nə də götürək?
“Gələcək” bu ömrü biçənəcəndi.
Nə olsun qucaqlıq qolumuz da var,
Sağa söykənməyə solumuz da var,
Şeytana daş atmaq yolumuzda var,
Çətini körpüdən keçənəcəndi.
İlləri boş yerə xərcləyir insan,
Yaxşıyla yamanı seçməyir insan,
Unudur, vərdişə çevirir insan,
Yaddaşı doyunca içənəcəndi.
Heç bilmir nə ilə yarışır ömrü,
Allah nə verdisə barışır ömrü,
Axırda torpağa qarışır ömrü,
Çətini dünyadan köcənəcəndi.