Bəxtəvər küləklər, çılğın küləklər…
Bəxtəvər küləklər,
Çılğın küləklər,
Gün işığı saçlarına təsbeh çəkər.
Hər telini zikr eləsəm,
Tərifi tanrını aşar,
Açsam, sancağından
Sinəmin üstündən daşar…
Bəxtəvər küləklər,
Çılğın küləklər,
Pay çəkər küçənin tozundan sənə,
Pay çəkər dənizin duzundan sənə.
Öpsə, dodağının boyası gedər,
Mənim ürəyimdə bir işıq sönər,
Bütün leyləklərin yuvası gedər.
Məni qısqandırar,
Oxşar saçlarını bu kür təbiət,
İlahi, mənə də qismət…
Bəxtəvər küləklər,
Çılğın küləklər,
Qoymaram yolunu yanından alar,
Uzat əllərini, tut ətəyindən,
Gəlib qisasımı donundan alar.
Unutma,
Bir şair də sevər səni,
Bir şair də şeir qoşar.
Gülüşlərin səhnə alsa,
Üstünə alqış daraşar…
Bəxtəvər küləklər,
Çılğın küləklər,
Dağ kimi durmuşam önündə sənin,
Qalxıb göy üzündə buludları qov,
Görməyim yerlərə enəndə səni.
Görməyim bu qızı pıçıldayanda,
Görməyim bu qızı dinəndə səni!
Bəxtəvər küləklər,
Çılğın küləklər!
Dəlilik azadlığın ifrat formasıdır, qızım…
Göy üzüdür siman sənin,
Yer üzünə bulud-bulud kölgən düşür.
Bəlkə elə bu şəhərə yağışlar da səndən yağır,
Bəlkə elə bu şəhərə axşamlar da səndən düşür.
Saçlarında azıb qalan barmaqlarım,
Daha geri qayıtmaz.
Dizlərim darıxa qalar,
Ciblərim darıxa qalar…
Nə çətinmiş fironun Tanrıya inanması,
Möcüzələr olurmuş bu dünyada Musasız da.
Sənə demişdim axı,
Baxışına çətir tut ürəyimə dammasın.
İki böldün ürəyimi əsasız da…
Bilirsənmi?
Dəlilik azadlığın ifrat formasıdır, qızım,
Sevmək həddi aşmaqdı.
Eviniz evimizin bir dağ uzaqlığında,
Ətəyində bir cığır, bir sən,
Bir də başmaqdı…
Bu da çobanyastığı,
Ayrılığa düşəcək saysan onun içində.
Heç nəyi dərd eləmə,
Ağ bənizin solmasın qara donun içində.
Xatırlasan, inadın sükutuna görk olar,
Unutdunmu, görərsən, nə var soyuqluğu var?!
Üşüyəndə əyninə çərçivələr kürk olar.
Şəkilə çevrilmiş hər kəsin kürəyində divar soyuqluğu var…
İndi bu xaraba qalmış ömrümə bir bayquş da tapmıram,
Təkliyimi ulaya.
Bir itim də yoxdu ki, yata dizimin dibində dostca quyruq bulaya…