DƏYƏR VERƏ BİLƏN ÇƏKƏCƏK BAŞA
(İngilis soneti)
Dəyər verə bilən çəkəcək başa,
Zərgər zərin yerin tez biləcəkdir.
Nakəsi bəzəyib tutsan daş-qaşa,
Yenə kimliyini bildirəcəkdir.
Əxlaq təkcə zina etməmək deyil,
Sözü öz yerində, doğru danışmaq.
Yersiz maraq hissi çirkin bir ziyil,
Həm böhtan, ya qeybət, həddini aşmaq.
Gözünlə boyaboy süzüb, baxınmaq
Bəlkə qarşındakın rahatsız edir.
Söhbət eləyərkən əllə toxunmaq,
İnsanın ruhunu çeynəyib, didir.
Gözəl düşüncədən doğar zərafət,
Gəvəzə anlamaz nədir bu hikmət.
NECƏ GÖRDÜN
Siyirmə qılıncla gəldi üstünə,
Qəmin qılıncını sən necə gördün?
Baxmadı yaşına, durdu qəsdinə,
Əzab, işgəncəni hər gecə gördün.
Səadət peşındə insan hey qaçar,
Bir yandan bağlayan bir yandan açar.
Azıb dolaylarda, qalanda naçar,
Haqdır sarmalayan gizlicə, gördün.
Həyatın hikməti sorğuya gəlməz,
Zaman ustalıqla keçər, sezilməz.
Dünən iməkləyən körpəni gülməz,
Beş günə ixtiyar bir qoca gördün.
Könlün müştaq ola zinət-zərrinə,
Meyl etmə dünyanın inci-dürrünə.
Əsil xəzinənin varıb sirrinə,
Həyatı dərs verən bir xoca gördün.
İnsan çaşıb qalır, alsa da elmi,
Üç vur üç beş edir, elə deyilmi?
Səbrin qapısında ömür zailmi,*
Yetimə, fağıra, möhtaca gördün.
Gah ağla, gah bozla boyayıb vaxtı,
Yenə bəxş edəndir aldığı taxtı.
Başına tac edib qızıldan baxtı,
Düzər almazları o taca gördün.
Bu gün təriqət çox, bollucadır şərr,
Haqqi gəzə-gəzə çırpınır bəşər.
Cənnət də yerdədi, yerdədi məhşər
Tanrı dərgahını çox uca gördün.
Allah mülkü kimi təsərruf olmaz,
Bu mülkdə gecikmə, ya israf olmaz,
Yerdən daha gerçək bir əraf olmaz,
Ərafda duranı bolluca gordün.
Zeynəbin bir əli haqq ətəyində,
Bəsirət gözüdür gizli, beyində.
Allahın nurunu öz ürəyində,
Amma bu dünyanı tapmaca gördün.
GÜNAHKAR
Ürəyinin qəlibini çəkmişəm,
Bilirəm ki, yaşayacam səndə mən.
Xəyalımı düşüncənə bükmüşəm,
Tərk edəcəm, qayıdacam gündə mən.
Ürəyindən gözlərinə yol edən
Puçurlanan kədərinlə axacam.
Göz-göz olub, yuva tikib, sevgidən,
Yanağının batığından baxacam.
Sevgi candı, canındakı can kimi,
Qıymasalar, çiçək açar, yaşar o.
Ha qaçsan da, damardadı, qan kimi,
Sərab kimi hey arxanca qoşar o.
Bir qayığam, xatirə dəniziylə
Ay batanda çəkilmələr götürər.
O dənizin pozulmayan üzüylə
Ay çıxınca, qabarmalar gətirər.
Sən öldürdün, çoxdan bitib getmişəm,
Qurtuluş yox xəyalımdan, nə qov, qaç.
Mən deyiləm, mən ki, gözdən itmişəm,
Xəyalımdı, bu oynayan gizlənqaç.
Zaman durub, keçmişində qalmısan,
Ruhun tənbəl, umidlərin lap bekar.
Bu gününü özün dünən almısan,
Nə ağlama, nə axtarma günahkar.
Zeynəb Cəmaləddin. 16.12.2022.
DÜNYA AĞ VARAĞDI AXI
Necə lənət desələr, şeytan hələ sağdı axı,
Şeytanın dostlarının qafiləsi dağdı axı.
Lövhi-məhfuzla gəlib, xeyirlə şər əl-ələdi,
Yer üzü xali deyil, bir tikanlı bağdı axı.
Heç təəccüb eləmə, yaxşı-pisin birliyinə,
Çəkər hər kəs özünü, dünya ağ varağdı axı.
Yaradıb, xarüqələr, möcüzələr insan əli,
Şeytana yüklədilər, insan özü yıxdı axı.
Hər kəsin dilindədi, “özgədi pis, yaxşı mənəm”,
Topladım əməllərin, cavab mənfi çıxdı axı.
İnsan oğlu uydurar tutunmağa bəhanələr,
Şeytanın “öz” əməlindən xəbəri yoxdu axı.
Şübhəsiz var Yaradan, insan onun zərrəsidir,
Qalanı külli- əsər, bunca yalan ağdi axı.
Dördnala at çapasan ki, sən özünnən qaçasan,
Varacaqsan özünə, dünya yuvarlağdı axı.
Hər qaranlığ gecənin var işığlı təqibatı
Zeynəba, yaxşi əməl sönməyən çırağdı axı.