.....

.....

Gündüz Sevindik – Vətənin şeirini Şəhidlər yazdı

Gündüz Sevindik – Vətənin şeirini Şəhidlər yazdı

Özü boyda sevgi yağa

Nola, mən deyən gün doğa…

Doğa, zülmətləri boğa!

Özü boyda sevgi yağa,

Görəm, dünyanın üstünə.

Dadmayam ömrün dadını,

Lap unudam öz adımı…

Bir quş olam – qanadımı,

Gərəm dünyanın üstünə.

Olam bir sehrin hakimi,

Qıram Dərd adlı tilsimi…

Buludları yorğan kimi,

Sərəm dünyanın üstünə!

Demək olmur

Nakam bəxtin yüz rəngi var,

Qarasını demək olmur.

Sevgi dolu bir ürəyin,

Yarasını demək olmur.

Qırılmaz bənddi ki sevgi,

Keçilməz səddi ki sevgi,

Elə bir dərddi ki sevgi,

Çarasını demək olmur.

O qız bir yaz yağışıydı,

Naxışların naxışıydı,

Armudun ən yaxşısıydı,

Sonrasını demək olmur…

Məni səbrimdə az sına

Hər gün diril, min dəfə öl… varmı bundan sonra daha,

De, sinəni nə gərmisən mənim kimi dərdə, aha?

Yanındayam, gəl soruşaq, qorxma… üz tutaq Allaha,

-bu nə Yükdü daşıyırıq?

Tale bizə nə veribsə, addımbaşı başa qaxıb,

Bəxt dediyin köz-köz olub, bizi hey yandırıb-yaxıb.

Əlimizdən nə gəlir ki, elə məlul-məlul baxıb,

başımızı qaşıyırıq…

Məni səbrimdə az sına, demə səbri-dərya mənə,

Bir körpənin gülüşündən dəyərsizdi dünya mənə.

Gendən baxıb güləcəksə Məcnun sənə, Leyla mənə –

Ölək, niyə yaşayırıq?…

Başdaşı

Tale üzə gülmür ömrün qışında,

Həyat balıq kimi əldən sürüşür.

İnsan şəkilləri qəbir daşında,

Nədənsə həmişə qəribə düşür.

Üstə doğum ili, ölüm ili var,

Bir bəndlik şeir də gor nəğməsidi.

Məni qınamayın, başdaşı sanki,

Ölənin “şəxsiyyət vəsiqəsidi”…

Min illik sualın cavabı varmı,

Ruhum candan çıxdı, ağlım da başdan.

Görəsən, bir zərrə savabı varmı,

Ölənin başına bu boyda daşdan?!

O kimin yaşıdı, çatsın yaşına,

Yönünün yöndəmi, təhəri yoxdu.

“Allahlıq edirsən” sinə daşına,

Allahın heç səndən xəbəri yoxdu…

… Sanma özüm boyda dağam, qüruram,

Sənin daş vüqarın ruhumu əzir.

Vallah, ayaq üstə güclə dururam,

Mənim başdaşılıq halım nə gəzir?…

Vətənə şeir yazmazlar!

Ha yansan, alışsan, yarıdı, azdı,

Vətən öz qəbrini şeirlə qazdı,

Vətənin şeirini Şəhidlər yazdı –

Vətənə şeir yazmazlar!

Bu Vətən, bu da ki, minillik yara,

Vətəndir Vətəndən çəkilən dara…

Vətənə lazımdı bu cızma-qara?

Vətənə şeir yazmazlar!

Dünyanın dibindən gələn səsdirsə,

Ruha möhürlənmiş bir nəfəsdirsə,

Vətən uludursa, müqəddəsdirsə,

Vətənə şeir yazmazlar!

Yaz! Əgər yazdığın solmayacaqsa,

Vətənin gözləri dolmayacaqsa…

Sözün VƏTƏN BOYDA olmayacaqsa –

Vətənə şeir yazmazlar!

Vətənə şeir yazmazlar!