.....

.....

Gündüz Sevindiyin qəzəlləri

Gündüz Sevindiyin qəzəlləri

***

Belə yağmaqla çəkirsən məni sən darə, yağış,
Bir gözəl namə yazım, al götür ol yarə, yağış.

Yağ, silinsin ürəyimdən dəli nisgil bu gecə,
Ki, bu həsrət eləyib ağ günümü qarə, yağış.

Yağ yağış, yağ ki, deyəm dərdimi bir-bir sənə mən,
Gözlərim yaşlı, dilim lal, cigərim parə, yağış.

Min təbib tapmadı bir yol mərəzi-eşqə əlac,
Nədi bəs dərdimə dərman, nədi bəs çarə, yağış?…

Su çilər ruhuna, Gündüz, bu yağışdır, ya dua?
Bir həyat çövhəridir sən kimi zəvvarə yağış!

***


Bir həzin, xoş söz üçün işləyərəm rəndə kimi,
Sözə xidmətdəki ən sadiq olan bəndə kimi.

Köz dolu təndirə bənzər Sözün atəş cəzbi,
Söz divaranda yapıllam, bişərəm kündə kimi.

Aşiqin ismi gərək aləmi-eşqə içrə hər an,
Tac-Mahaldan girə, ta ki, gələ Dərbəndə kimi.

Təlimi-eşqdə ruhum belə təlim olunub,
Rütbeyi-aliməqam tək gəzəndə danəndə kimi.

Ləbi-ləlindən o gün yar mənə ehsan elədi,
Rəğbətim yoxdur o gündən şəkərə, qəndə kimi.

Dərsi Məcnundan əgər, Gündüz, alıbsansa belə,
Daşqalaq eyləyəcək el səni, düz kəndə kimi.

***

Dedim: -ey gül, mənə zülm eyləmə, sevda pirisən,
Dedi: – get, sən də bu divanələrimdən birisən.

Dedim: – Allahı danıb Eşqə dua eyləyirəm,
Dedi: – sən də elə Sənan kimi din kafirisən.

Dedim: – hər gün dəli könlüm səni görmək diləyir,
Dedi: – eşqin məni sarmış qara bir zəncirisən.

Dedim: – həsrət dolu, möhnət dolu qəm təşnəsiyəm,
Dedi: – sən ki, qəmi ram eyləməyin mahirisən…

Dedim: – eşqin məni öldürdü, əlac et, ölürəm,
Dedi: – bu eşq ilə dünya yaşadıqca dirisən!

Dedim: – incə bədənin naz eləyir incə sözə,
Dedi: – Gündüz, sən elə incə qəzəl şairisən!

***


Qoy açılsın, edərəm sübhə şikayət gecədən,
Qəlbə qəm bəxş eləyən qəm dolu zülmət gecədən.

Görüşə gəlmədi yarım, nə səbəbdir görəsən,
Yoxsa küsmüş gülərüz, sevgili afət gecədən…

Nə günah eyləmişəm, sanki yazılmış yazıdır,
Niyə ancaq mənə göz yaşları qismət gecədən?!

Fələyin qəsdi budur canımı alsın, nə olar,
Sübhədək ömrümə Allah verə möhlət gecədən.

İntizarəm, elə bil bir də açılmaz bu səhər,
Çəkirəm sübhüm üçün mən necə həsrət gecədən.

O qızı görməyə, Gündüz, yenə var idi ümid,
Daha gəl gözləmə, gecdir, keçib əlbət gecədən…