.....

.....

Hər zaman fəxrinəm – Simuzər Paşayevanın şeirləri

Hər zaman fəxrinəm – Simuzər Paşayevanın şeirləri

HƏR ZAMAN FƏXRİNƏM

(Təyyarə qəzasında həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevaya ithaf)

Mən sənin hər zaman fəxrinəm, ana,
Bağışla, sözümü tuta bilmədim.
“Sabah gələcəyəm” dediyim halda,
Mən sabah yanında ola bilmədim.

Mən sənin hər zaman fəxrinəm, ana,
Vəzifə borcumdan keçə bilmədim.
Bir tək məyusluğum oldu həmin an,
Son dəfə üzündən öpə bilmədim.

ZALIM DÜNYA

Bu dünya elə bir zalım dünyadır,
Sevən sevdiyinə qovuşa bilmir.
Sevda atəşindən alışan qəlblər
Bir ömür birlikdə yaşaya bilmir.

Bu dünya elə bir zalım dünyadır,
Hicranın mənasın dərk edə bilmir.
Döyünən ürəklə ümidsiz qəlbin
Hər zaman fərqini gizlədə bilmir.

ANA

Ömrünə ömrümü qurban verərəm,
Gülən gözlərinə heyranam, ana.
Dediyin hər sözə “ay can” deyərəm,
Bütün sözlərinə qurbanam, ana.

Həyat hekayəmin əsası sənsən,
Gözəl baxışına vurğunam, ana.
Dəyərli anların mənası sənsən,
Sənli günlərimə qurbanam, ana.