.....

.....

Həsrət – Arzu Tahirqızının şeirləri

Həsrət – Arzu Tahirqızının şeirləri

HƏSRƏT

Qaranlıq gecələrim
Sakit axan göz yaşımla yuyulur,
Ürəyimə ağır gələn dərdlərim
Gülüşlərim arasından duyulur.

Məharətlə gizlədiyim acımı
Hara getsəm, təbəssümə satıram.
Yastığımı isladan göz yaşımı
Gündüzləri gülüşümə qatıram.

Sevməsəm də saxtalığı, yalanı,
Bəzən yersiz sözə belə gülürəm.
Gülüşlərin arxasında olanı
Elə saxta gülüşümlə silirəm.

Ürəyimdə nələr yatır, eh, nələr…
Onu necə çəkir görən bu ürək?
Qınayıram, hələ bəzən deyirəm:
Niyə məni incidirsən, ay ürək?

Gecə çökür,
Qaranlıqlar gətirir öz sehrini…
Yenə köhnə xatirələr
bomboz rəngə boyanır,
Qaranlığa salmış yenə bu ürəyim meylini,
Sübhün al şəfəqlərilə yuxusundan oyanır.

Bir mərhəmət, pay umuram hər açılan səhərdən,
Xilas olmaq istəyirəm
Boğazımda düyünlənən qəhərdən.
Addımbaşı rastlaşdığım acılardan, kədərdən,
Baş götürüb birdəfəlik uzaqlaşmaq istəyirəm.

Dərdlərimə çarə olsa bu vəfasız dünyada,
Yaddaşımdan tamam silib olanları,
Heç salmasam kaş yada.
Nə qədər ki, öldürməyib çəkdiyim acı sevda,
Bu sevdanı silib atmaq, unutmaq istəyirəm.
Qəm-kədərdən uzaqlaşmaq istəyirəm…
Uşaqlaşmaq istəyirəm…

ÇOXDURSA

Ağlama, heyifdir göz yaşlarına,
Onun dəyərini bilən yoxdursa.
Kədərlə bəzəmə baxışlarını,
Yaşamaq həvəsin, sevgin çoxdursa.

Yük etmə özünə dərdi, gümanı,
Dağıt başındakı çəni, dumanı.
Qəhərlə doludur eşqin ümmanı,
Fikirdən uzaq dur, qəlbi sıxdısa.

Bütün qayğıları tamam unut, sil,
Həyatına inad fərəhlənib gül.
Deyil danışdığın daha səninz bil,
Bir söz ki ağızdan artıq çıxdısa.

Sözün çox dərindir gücü, qüdrəti,
Yerində deməzsən, olmaz hikməti.
Yoxdur kəlmələrin qədir-qiyməti,
Qəlbləri viranə edib, yıxdısa.

Arzunun arzusu çin-çin qalanar,
Sözü misra-misra bəndə calanar,
Ruhu şeirlərdə gəzər, dolanar,
Ürəkdə məhəbbət odu çaxdısa.

DARIXDIM

Xəyallarım uşaqlığa qayıtdı,
Güllü bahar, yazdan ötrü darıxdım.
Dağda, düzdə oynayardım, qaçardım,
O qıvrımsaç qızdan ötrü darıxdım.

Meşələrdən novruzgülü, bənövşə,
Dəstə tutub bağlayardım həmişə.
Gicitkənin vaxt-vədəsi yetişə,
Ovalayım, duzdan ötrü darıxdım.

Qış gələndə xoşbəxtliyə çatardım,
Sevincimi sevinclərə qatardım,
Qar yağmasa, dərdə-qəmə batardım,
Yağan ağ ulduzdan ötrü darıxdım.

Haraylardı sürüləri çobanlar,
Bulaq üstə yığışardı cavanlar.
Utancaqdı qız-gəlin o zamanlar,
Gözəllərdə nazdan ötrü darıxdım.

Payız gələr, bağlar dönər xəzana,
Dağlar tamam bürünərdi dumana.
Çox dəyişdi bizim dövran, zamana,
Həqiqətdən, düzdən ötrü darıxdım.

MƏHƏBBƏTİNDİR

Qırma bir qadının incə qəlbini,
O qəlbin ahını almaq çətindir.
Hər zaman əziz tut onun xətrini,
O sənin eşqindir, məhəbbətindir.

Ucuz etmə onu nadan yanında,
Uca tut hörmətin, adın-sanın da.
Onunla ötməyən hər xoş anın da
Ömrünə etdiyin xəyanətindir.

Nə könlünü incit, nə sözünü kəs,
Xəfif bir meh kimi başı üstə əs,
Səninlə illəri ötməsin əbəs,
Verdiyin dəyərin, sədaqətindir.

Könlün ala bilsən bir şirin sözlə,
Bir dünya bağışlar baxışla, gözlə.
İncik düşsən əgər, qəlbində gizlə,
Bağışlaya bilsən, məharətindir.

Təpər et, həyatın getməsin boşa,
Xoş gündə, dar gündə addımla qoşa.
Birgə vura bilsən bu ömrü başa,
Bil, sənin mərdliyin, şücaətindir.

YOLLAR

Nahamar yolların yolçularıyıq,
Baş alıb gedirik, bilmirik hara.
Bu uzun yolların yol adamıyıq,
Həyat çəkir bizi slnağa, dara.

Hey uzanıb gedir getdikcə yollar,
Enişi, yoxuçu, dağı, düzü var.
Ayaqlar altında tikanlı kollar,
Əllərdə, dizlərdə sıyrıq izi var.

Kiminə bu yolda yerimək asan,
Kiminə çətindən çətin görünür.
Kimi arzuların tutub əlindən,
Kimi arxasınca səssiz sürünür.

Kaş ki bu yolların əvvəli hamar,
Sonrası daş, kəsək heç olmayaydı.
Sonu görünməyən bu boz yollarda,
Atılan addımlar puç olmayaydı.