.....

.....

Habil RzaNurun şeirləri

Habil RzaNurun şeirləri

Mən elə çox…

Mən elə çox darıxıram, İlahi…
Pəncərələr gözlərimə yas tutub.
Pərdələr də yamaqlardan ağlayır,
Şüşələr də xəcalətdən tərləyib.
Nə gələnim, nə gedənim var daha.
Gör nə vaxtdır bu evciyin bir kərə,
Bircə kərə, qapıları açılmır.
Daşa dönüb, cəftələri pas tutub.

Məktublar da cana gəlib əlimdən,
Göyərçinlər yoruldular, İlahi…
Bütün sevgi şeirləri yazıldı,
Bütün sevgi romanları oxundu.
Bütün qışı, səngərlərdə buz tutan,
Əsgərlərin corab payı toxundu.
Bircə mənim darıxmağım keçmədi.
Məktublarım əlimdəcə saraldı,
Builki qış nə sərt imiş, təəssüf,
Göyərçinlər qırıldılar, İlahi…

Sübh çağıydı, pəncərədən görürdüm,
Allah haqqı Ay Günəşlə görüşdü.
Mən sobadan, soba məndən donurdu,
Tavandakı hörümçək də tək idi.
Bir otaqda iki tənha varıydı,
Biri ovdan, biri yardan yanırdı.
Şüşələrin arasından izinsiz
Qonaq gələn külək belə tək idi.
Elə soyuq külək idi, inan ki,
Buza dönmüş nəfəsimlə qarışdı.
Bu qış idi, nələr olmadı, nələr,
Qonşu kəntdə qan düşmənı varıydı,
Dost oldular, onlar belə barışdı!
Bircə mənim darıxmağım keçmədi.
Mən belə çox darıxıram İlahi…

Harda nə vaxt, nə olarsa bilirdim.
Harda nə vaxt, nə olarsa duyurdum.
Külqabıyla ciyərlərim şərikdir,
Tənhalığa yoluxuram, İlahi…
Mən o qədər saf deyiləm, bilirsən.
Harda, kimsə, darıxsaydı, duyardım.
Mən hamının, mən hər kəsin yerinə
Darıxıram…
Darıxıram, İlahi…


Birdən ağlım karıxdı,
Nağıl olmaq istədim.
Mən də Məlikməmmədtək oğul olmaq istədim.
Div adlı dərd var idi bir quyunun dibində.
Mən əlləri cibində sadəlöv Məlikməmməd.
Yaxalaşdım o divə, gördüm ki, təqsiri yox.
Demə bu nağılda da biri varmış, biri yox.
Elə əsəbiydim ki, qaya yara bilərdim.
Nə yalvara bilərdim, nə ağlaya, nə gülə,
Sonunda razılaşdım, çıxıb getdim divgilə.
Muma dönmüşdüm, sanki, eləcə əriyirdim.
Mən öz dırnaqlarımı, div də məni yeyirdi.
Birdən qız səsi gəldi.
Əvvəl nəfəsi gəldi…
Adı ağrılar idi, divin nəvəsi gəldi.
Biraz içim ağrıdı,
qolum, qıçım ağrıdı.
Gördüm ki, kəfənlənir,
Yayın cırhacırında, elə bil, qar yağırdı…
qara saçım ağrıdı.

Divin iştahı böyük, ülfəti geniş idi.
Dost-tanışı yaman çox, külfəti geniş idi.
Nəsə böyüdü məclis…
Əvvəl yorğun küçələr,
Sonra,
soyuq gecələr,
Əzablar,
hönkürtülər,
gəlib tökülüşdülər.
Canıma doluşdular,
Ruhuma bulaşdılar,
Üzümə qırışdılar,
Nə bir salam verdilər, nə bir söz soruşdular.
Hamı yeyib doyurdu,
Hərə nəsə alırdı.
Hələ məclis sonuna
disertə göz yaşımla cavanlığım qalırdı.

Acığımdan gülürdüm, öz içimdən ölürdüm.
Dırnaqlarım qurtardı, mən acından ölürdüm.
Dedim göydən üç alma düşəcək, bəlkə, yedim.
Vaxt necə tez ötüşdü,
göydən üç alma düşdü.
Üçü də əzik-üzük.
Dil açıb danışdılar,
Budur payına qalan…
Üç alma elə bizik:
Yalan…Yalan… və yalan….


Noyabr günəşinə aldanıb çiçəkləyən gilas ağacı kimisən.
Adam qıya da bilmir.
Bir də, bəlkə bu yaz dərərlər deyə heç vaxt dərilməyən çiçəklər var.
Hansısa dağın hansısa qayasının dibində solanadək gözləyən.
Bir də, şairlər var….
Heç vaxt bağışlamaram, deyib şeirlərdə bağışlayan.
Qarğışları varaqların üzünü qara qoyan şairlər.
Bir də sən varsan…
Küləklərin rəsmini çəkən saçlarına and olsun.
Ana duası ilə güləşən düşmən mərmisi kimi əlacsızam.


Yatmadığım gecələrdə
Gördüyüm yuxum kimisən.
Bütün varlığım sən idin,
Olmusan yoxum kimi sən!

Sevişir dərdim başımla,
Nə durmusan, buyur şumla!
Sən onsuz da göz yaşımla
Yetişən toxum kimisən.

Budur mənim sədaqətim,
Elə safdı məhəbbətim,
Hərdən duam, ibadətim,
Hərdən də ahım kimisən.

Küsürsüzsə, küsün məndən,
İmanımı kəsin məndən.
Allah inciməsin məndən,
Elə Allahım kimisən.


Gülüşlər uşaqların,
Dualar, anaların dilində müqəddəsləşir.
Ən uzun yollar atanın alnındakı qırışlarla kəsişir.
Ən bahalı ərzağı kasıblar alır,
Ən zəngin mineral göz yaşı olur.
Ən əlverişsiz alver,
doğulanda aldığın nəfəsi, öləndə geri vermək.
Ən dadlı nemət, sədaqət ağacından bir öpüş dərmək.
Ən böyük günah peşmanlıq,
Ən zərərli dostluq düşmanlıqdı.
Ən ağrılı ayrılıq güllənin lüləni tərk etməyi,
Ən pis təkamül, insanların bunu dərk etməyi.
Ən güvənilir dayaq, bir qocanın əsası,
“Uzun sözün qısası”
Ən dəhşətli ixtira, abort masası…