Doğma şəhər
Bu gün yaşadığım doğma şəhərə,
Başqa düşüncəli göz ilə baxdım.
Yanıb külə dönmüş cavanlığımın,
İndi yorğun düşmüş közünə baxdım.
Baxdım daşa dönmüş xatirələrə,
O qaçıb büdrəyən deyinən qıza.
Ayrılıq gününü bəyan edəndə,
Sevgidən həsrətin geyinən qıza .
Baxdım tələbəlik adın alanda,
Sevincdən bu yolu qaçıb gedənə,
Baxdım ilk görüşə tələsdiyində
Günəşi göylərdə qucub gedənə.
Baxdım pis qiyməti alıb çıxanda,
Göz yaşı gözündən axan uşaga.
Eh nələri gördüm bir xatirədə
Xəyallar apardı məni uzağa.
Bu gün öz şəhərim,öz işıqlarım,
Mənə yad ölkənin şəhəri oldu.
İndi bu çıngılın sevdiyim yollar,
Həsrətin canımdan keçən yoludu
Dünya
Gözümdən düşmüsən dünya,
Düşdüyün yerdən kiçiksən.
Balaca yumru top kimi,
Bir sabah birdən kiçilsən.
Səni elə ataram, bil,
Kainatın olmazına
Sənin kimi yalan dünya,
Bir də təkrar olmasın ha.
Acı – acı, yarpaq – yarpaq,
İnsan bitir torpağında.
Göz yaşından bac alırsan,
Buluduna pay verirsən.
Belə çıxır bizim ilə,
Hərləyirsən boş başını.
Ona görə, ləngirləyib,
Yavaş – yavaş hərlənirsən.
Dığırlanıb hara qədər
Gedəcəksən, qoca dünya.
Qocalmısan insanların,
Dişlərindən düşür gedir.
Şirlər gəlir bir kəpənək
Boyda qalmır aləmində,
Həşəratlar aşıb, daşır,
Durub gedəndə şir gedir.
Torpaq olub bir də səndə,
Allah məni cücərtməyə.
Qapın olsa lap birinci
Mən çıxardım bu türmədən.
Bir çiçəyi sona qədər,
Qorumayan qoca dünya.
Nə fərqi var sənin üçün,
Ruham indi yoxsa bədən.
Hanı bu evin adamı?
Hanı bu evin adamı?
Hərə bir yerə dağılıb,
Sınıq – salxaq xatirələr,
Kövrək ürəkdə dağ.
Atam ağ saçlı nağıldı,
Bibilərim baharlı gül.
Gəl indi bu gündən sonra,
İnsanlara bağlan, de, gül.
Xəyallarda üzür bu qız,
Üç qardaşın bir bacısı.
Hanı bu evin qapısı,
Hanı bu evin bacası.
Sütunları yedi fələk,
Göz yaşımı sel apardı.
İndi gözüm zəif görür,
Bəlkə – bəlkə yol tapardı.
Mənə düşüb dərdin yemi,
Dənlə – dənlə bitmir hələ.
Nə olardı bu qapıdan,
Hamı durub bir də gələ.
Hanı bu evin adamı,
Qapı susub, cığır susub,
Tek tənha qoca dünyanı,
Ha səslə, ha çağır – susub.
Dünya özu qoca evdi,
Köçən köçür, qalan qalır,
Bir oyunun qurbanıyiq,
Allah verir torpaq alır.
Hanı bu evin adamı,
Hərə bir yerə dağılıb.
Sınıq- salxaq xatirələr,
Kövrək ürəkdə dağ olub.
Ruhu dəli
Hər dəfə özüm ücün,
Özümdən pay saxladım.
Hamı atıb gedəndə,
Tutsun əlimdən mənim.
Özümlə oxuduğum,
Kitablar çox şey bilir.
İçdiyim qəhvə tək tünd,
Dərdi sərimdən mənim.
Canımı saran ağrı,
İliyimə işləyir.
Yeyib, bitib, yapışıb,
Quru dərimdən mənim.
Güzgü də tərslik edir,
Bu gün solğun göstərir.
Bu dünya nə istəyir,
Ruhu dəlimdən mənim.
Külək
Nə yaman sıxıldı canım,
Gün işığı tələsmə.
Külək bir az aram ol,
Birdən üstümə əsmə.
Bu qədər sevmə məni,
Bu qədər çox gərəkməz.
Adam sevər adamı,
Olmaz içində əzməz.
Dünyanın qanunu bu,
Ayrılıqlar, ölumlər.
Hələ doğulmamışdıq,
Bizi ayrı bölüblər.
Bir sevincin fərəhin,
Min əvəzi zülmlə.
Bir yer ki, sonu bitir,
Ha yaşasan ölümlə.
Heyf ki yığmaq olmur ,
Bu dünyanı rəflərə.
Yazıb bitirmək olmur,
Allı güllü dəftərə.
Yuxudan oyanmışam,
İçimdə ağrı ilə.
Yalan meydan sulayır,
Biçarə doğru ilə.
Qorxutmuram sərçəni,
Sakitcə dənin yesin.
Dünyadı da fanidir,
Fağır axı neyləsin?
Biz üstündə gəzəni,
Sanıram işi bitib.
Nə tərs gəlir söyülür,
Görmürsən başı itib.