***
Pəncərəmdən gizlin-gizlin baxırdıq,
Səmadakı qara-qara quşlara.
Yay bitirdi durnalar köç edirdi.
Düşünürdüm bir də yayda gələrlər.
Bir payızda durnalara qoşuldun.
Bir payızda durna oldun, quş oldun.
Quşlar gəldi səndən xəbər çıxmadı.
Quşlar gəldi bir daha yay gəlmədi.
Ondan sonra gözüm göydən yığışdı.
Ondan sonra gözüm yaşdır, yağışdır.
Kölgəsində söz verdiyin ağaclar,
Nə qədər ki saralmayıb, solmayıb,
Götür məni bu zülmətdən sağ çıxart.
Başım üstü dolu-dolu buludlar,
Yağış yağır, yağır.. yağır qurtarmır.
Vaqif kimi durnalara hay vurub,
Soruşuram “Nə diyardan gəlirsiz”?
Hay salıram büsatımla, ahımla,
Ha deyirəm məni də apar,
Apar, apar.. aparmır.