HAYKULAR
(5+7+5)
Ən qısa gündür…
Adamı darıxdırır
Ən uzun gecə.
***
Sərin meh əsir,
Üzü payızadır vaxt,
Axır su kimi.
***
Bir ovuc hüzur,
Bir qab bulaq suyu…
Bir hovur mürgü…
***
Sahildə axşam…
Dəniz nəsə deyir
Balıqqulağına…
***
Sarı, sapsarı…
Kol-kos, otlar, ağaclar
Sozalır günəş…
***
At kişnərtisi…
Dördnala çapır kimsə,
Üzü üfüqə.
***
İri damlalar
Düşür aram-aram
Payız çisəyi…
***
Həzin bir mahnı,
Gəlir çox uzaqlardan…
Susmuş yaxınlar.
***
Məxməri payız…
Yarpaqların yağışı
Çox kədərlidir.
***
Yarı mürgülü,
Bir gecə var sabaha.
Arada zülmət…
***
Gecə saat üç,
Zaman dayanmış kimi…
Qulaq qut olur.
***
Ölüm kimidir
Gecənin lal sükutu.
Sabaha çox var…
***
Cəza evidir
Yerlə göyün arası,-
Bir məhbusu mən.
***
Yağış xofu var…
Dolmuş qara buludlar
Ürəyim kimi…