ÖZÜNƏ DÜŞMƏN
Yoxluğu varlıqda anlamaq çətin,
İnsan hər acıya dayanmır mətin.
İtirir zaman da, məsul sürətin,
Çökür ruhumuza peşmanlıq onda.
Verib ixtiyarı anın əlinə,
Çəkir məyusluğun boşluq gölünə.
Düşəndə həsrətin, dərdin dilinə,
Başlayır özüylə düşmanlıq onda.
Çoxu həqiqətə gətirib ləkə,
Az qalıb vicdanı nəfsinə bükə.
Kim istər dünyanın qəhrini çəkə?
Olur bəd əlində qurbanlıq onda.
Hər kim ki, zamana oyuncaq deyil,
Harama, yanlışa etmirsə meyil,
Axirət evində dolanmaz veyil –
Edər öz mülkünə sultanlıq onda.
Haqqın harayına boyun əyilsə,
Həqiqət hökmündə doğru deyilsə,
Əyər ki, vicdanlar əyri deyilsə,
Sürməz hökmü yerə nadanlıq onda.
KÖNÜL MƏCRAM
Hər dərdin bir qəlbə istilası var,
Zor tutub məskəni edib ürəyi.
Nə xoş arzuların bir cilası var,
Nə də bir təsəlli, ümid, gərəyi.
Hərdən bulud olub dağa qonaram,
Doldurar qayalar boşluğumu da.
Bir əlçim günəşi ümid sanaram,
Götürüb gedərəm yoxluğumu da.
Küsərəm cahandan, küsərəm eldən,
Ruhumun qanadı qırıq olanda.
Çırpınıb, didinib düşərəm əldən,
Köksümə dünyanın çəni dolanda.
Əsib gurladıqca qara buludlar,
Yağar səmaların qarı, dolusu.
Könlümün məcrasın bir atəş odlar,
Yağar göz yaşlarım könül dolusu.
ŞANLI ORDUNUN RUHUNA
Tarix yazan igid əsgər, baş əyirik qüruruna,
Tanrı sizi hifz eyləsin, bəstələsin öz nuruna.
Sizlər bizim zəfərimiz, qəyrətimiz, var gücümüz,
Düşməninə qan udduran, qisas dolu bir öcümüz.
Şanlı yurdun iftixarı, hünər dolu ər oğlusuz,
Koroğlusu, Babəkisiz, igidlikdə nər oğlusuz.
Türkün qanı qeyrətindən bəstələnib xəmirimiz,
Yumruqlarda bərkiyibdir, “dəmir bilək” dəmirimiz.
Güc almışıq Haqq yolundan, sahibiyik biz hünərin,
Əsalətlə ad qazanan, qolu güclü hər bir ərin.
Arxasında Saraların, Tomrislərin qeyrəti var,
Bu torpağa diş qıcayan necə düşmən heyrəti var!
Var ol, Vətən! Bu igidlik məktəbində ucal hər an,
Qoca türkün qeyrətiylə, yağılardan bac al hər an!
HƏMDƏMİM AY
Ruhumda həsrətin dərin acısı
İz salıb ömrümə — neçə zamandır.
Yoxdur yuxuların şirin yatışı,
Gecələr qüssəmlə qaralır axı…
Nə qədər “döz” deyim, basdırım ki, mən ,
Könlümün üsyanın, məlalın, dərdin.
Hövsələm tükənir, daralır axı,
Gecələr həmdəmim ay da bezibdir.
Bilirəm, əlimdən çıxmaq istəmir ,
Ürəyi daş deyil onun da axı.
Köksümdə qanayan yaralarımı
Bir qara pərdəylə büküb bələyir.
Məni öz dərdimdən yayındırmağa
Başıma zülməti necə ələyir…
Həsrəti köksümə yatmasın deyə
Əlimə bir qələm, bir də ağ kağız ,
Sərib, baxışları dikib oraya,
Ki, dərdi-sərimi səpim vərəqə.
Dağılsın ruhumun intizarı da…
Anlamır: ürəyin yanmağı varsa ,
Atəşi havadan alar, odlanar.
Nə qədər yazmağa qələm olsa da ,
Yenə qəmxarımız ürək adlanar.
Könül yanmayınca, göz ağlayarmı?
Qələm, öz-özündən söz ağlayarmı?
Vərəqlər boşuna dolmur, əzizim ,
Zülməti başıma ələməyinlə,
Mənim intizarım solmur, saralmır
Təzəcə açılmış gül kimidir o
Məni ovutmağa gecələr yetməz…