.....

.....

İlqar Kamil – Dua kimi oxuduğum, hardasan?

İlqar Kamil – Dua kimi oxuduğum, hardasan?

***

Gözlərimi qapatdım ki, gizlənəsən, ağlayaq,

“Alma” desəm gələcəkdin, “alma” dedim, gəlmədin.

Hanı birgə əl sallayıb, öpəcəkdik qürubu

Axşam düşdü, ay göründü, su duruldu,

gəlmədin…

Söylə indi kainatın hansı məhbəsindəsən?

Söylə görüm bulud varmı, yağış varmı orda da?

Heç olmasa, ax insafsız, əllərin də yoxdu ki,

Axşam-axşam darıxanda adam tuta təsbeh kimi oynada.

Heç unuda bilmədim ki, gözlərinin rəngini.

O qədər çox sevərdim mən saçına gül düzməyi.

İndi mənim dünya boyda bağlı ayaqqabım var,

Səndən sonra tərgitmişəm ayaqyalın gəzməyi.

Üstüm-başım, ev-eşiyim, sər-səliqəm, səhmanım,

Nə gülməsi, nə qəh-qəhə, əcəb ağıllanmışam;

Aya da vaxt ayırıram, günəşə də yetirəm,

amma yenə dolmur zaman,

Sən gedəli bom-boşam.

Qoca, cavan, uşaq-böyük, hamı məndən razıdır.

Gecələrin sükutunu pozmaq nədir, bilmirəm.

Axşam düşdü, salam-məleyk, ən birinci evdəyəm,

Küçələrdə veyil-veyil gəzmək nədir, azmaq nədir, bilmirəm…

Sən gedəli əməllicə düzəlmişəm, gördüyün,

Məni pozan sən imişsən, hamı belə danışır.

Bircə sənin o gözlərin, o gözlərin olmaya,

Xəyalıma gələn kimi bütün nizam qarışır.

Hər şey gözəl, qaydasında, ancaq belə qəribə.

Günlər gəlir-keçir, gedir, yadda qalmır amma ki.

Sən gedəli…

necə deyim, qoy lap düzün deyim də,

Sənsiz adam olmaq olur,

Sənsiz olmur amma ki…

O QADIN…

Vaxt var idi əlçatmaz idi o qadın-

Dəryaların gözəgörünməzində,

Dağların ta zirvəsində.

Hünərsiz, gücsüz, aciz kişi aldatdı

Aldatdı onu “azadlıq” adlı bir ağacla,

aldı Həvvadan Adəmin qisasını

Allaha inad, dedi,

“azadlıq”-ın meyvəsindən dad, dedi.

Gəldi şorgöz kişinin oyununa

O gündən gözü-giryan oldu qadın.

Daddı o ağacın kal meyvəsindən

töküldü büsbütün əynindəkilər

lüt-üryan oldu qadın.

Vaxt var idi, əlçatmaz idi o qadın

dağların ta zirvəsində.

Dağları dəlməyə yetmədi gücü aciz kişinin

Fərhadlar keçmişdə qaldı, dedi,

eşdi bığlarını,

onu başdan-ayağa bic-bic süzdü şorgöz kişi

“Azadlıq tikəsini” göstərə-göstərə

gətirdi ayaqlarının dibinə onu

əlçatmazlığını çözdü şorgöz kişi…

İndi o azaddı

Hər kəsin istismar edə biləcəyi qədər azad

Hər kəsin dada biləcəyi,

Lazımsız bir əşya kimi

istifadə müddəti bitdiyində unuda biləcəyi qədər azad…

İndi o elə qapılıb ki, bu anormal azadlıq hallarına

Məsələn, sexsual fiqura xəyallarına –

yad olub əsl sevgiyə,

özgələşib müqəddəs Eşqə.

Vaxt var idi, o qadın qadın idi

İndi isə hər şeydi,

qadından başqa.

Niyə axı əbədidir ayrılıq..

Belə olmamalı, olmamalıdı

istəmirsə, getməməlidi heç kim;

bu nə məcburiyyət… bu nə azadlıq?

Qəfil gözdən itməməlidi heç kim.

Ayaqları kəsilməli hamının

ax bu etibarsız, qansız ayaqlar;

Qəlbin istəyinə sayqı duymalı

cismi dartmamalı cansız – ayaqlar.

Mənə qalsa lap cəza kəsilməli

bu zalım ayaqlar dağlanmalıdı;

Mənə qalsa… bütün, bütün sevənlər

kəndirlə bir-birinə bağlanmalıdı.Hələ bu əllərə, bu əllərə bax

niyə tutunmadı hardansa bərk-bərk?

Axı görürdü ki getmək istəmir

elə gərək partlayaydı bu ürək?

Belə çətin gündə dərdə dəymirsə,

bəli, bu əllər də qırılmalıdı

Belə çətin gündə tək qalan ürək

Ilahi, gör necə yorulmalıdı

Niyə axı bir anlıqdı vüsallar?

Üç günlükdü, beş günlükdü vüsallar.

Düşünürəm, gecə yarı,

gözüm bağlı, qəlb qırıq

niyə axı, niyə axı,əbədidi ayrılıq?

Dua kimi oxuduğum, hardasan?

Sənsiz yenə qəribsəyib təkliyim;

nəsə belə fərqli oldu,

ağır oldu bu qürub

niyə getdin, ay içimə nəfəs kimi çəkdiyim?

Əlim əlinə çatmırsa, əzizim

nə fərqi var hansı uzaqlardasan?

Qəm eləmə,

dərd eləmə amma ki

harda olsan mən duyacam – ağlasan