.....

.....

İLQAR TÜRKOĞLUNUN ŞEİRLƏRİ

İLQAR TÜRKOĞLUNUN ŞEİRLƏRİ

QOCALIRIQ
Dağların zirvəsi çəndə itibdi,
Yolumu gözləmə sən, “Kəkil” yeri.
Daha pasportumda limit bitibdi,
Üzə gülümsəyir son şəkil yeri.

Nə vaxtdı yazıram dostlara bir-bir,
Ötürüb günləri ayı gözləyə.
Yadıma salıram “tost”ları bir-bir,
Baharı gözləyə, yayı gözləyə…

Seyrəlib nə vaxtdı, şənlik bölgəsi,
Azalıb səs-küyü, qulağı “deşmir”.
Çəkilib söyüdün “saqqal” kölgəsi,
Manqalın tüstüsü “bığ”ını eşmir.

Gözə dəymir daha “köhnə” cavanlar,
Başımı aldadıb bağa göndərə.
O meyvəsi ötən, gülü solanlar-
Yoxdu atam-anam, yığa göndərə.

Uşaqlıq illəri, köhnə yellənçək
Bir qoca çinardan asılıb gedər.
Dərdini özünlə, kefi elnən çək,
Bir qapının zəngi basılıb gedər…

Daha qoşa düşmür, zərimdən keçib,
Kimsə noğul dolu xurcunu istər.
Bir can paydı, “allah-kərim”dən keçib,
Əzrayıl gələndə “borc”unu istər.

Dağların zirvəsi çəndə itibdi,
Yolumu gözləmə sən, “Kəkil” yeri.
Daha pasportumda limit bitibdi,
Üzə gülümsəyir son şəkil yeri.

GÖZÜMÜN ÜSTƏ
Yaxşının yolunda daş dayanmasın,
Qurunun oduna yaş da yanmasın.
Nəyimə gərəkdi, qaş dayanmasın,
Dostları qoymuşam gözümün üstə!


Tən olsun cavana-qocaya dostu,
Tanrı qaldırıbdı ucaya dostu,
Bölmədim a dostlar, hecaya “dost”u,
Dost kimi durmuşam sözümün üstə!


Haqqın işığına çəni qatmayın,
”Vergülü qatmayın, “və”ni qatmayın.
Heç vaxt əyri işə məni qatmayın,
Hazıram ölməyə “düz”ümün üstə!


Əzəldən könlümün gözləri toxdu,
Quruca daxmamın əyarı çoxdu.
Görsəniz yalandı, heç biri yoxdu,
Söyləyin günahı üzümün üstə!


Seçib zərrə-zərrə Yaradan, belə,
Ağı ağdan belə, qaradan belə.
Damcı da, su keçməz aradan, belə
Bir Ocaq yandırın közümün üstə!


Yaxşının yolunda daş dayanmasın,
Qurunun oduna yaş da yanmasın,
Nəyimə gərəkdi, qaş dayanmasın,
Dostları qoymuşam gözümün üstə!

BU DA BİR GECƏ…
Bu gecə də başım çəndə-dumanda,
Kara gəlmir qədəhlərə süzülən.
Nə zamandı xəyalları gümanda
Bir sona var ümidləri üzülən…

Bir qədəhlə bəlkə kefim açıla,
Burax getsin, deyirsən at arağı.
Ay insafsız, gəl məni az acıla,
Üzə gülür süzəndə tut arağı.

Mən hələ də meyxanələr xəstəsi,
İstəyirsən qara bağla, bük ağa.
Ovutmayır “buz oda” nın bəstəsi,
Bu şərqidə tək özüməm-tək ağa.

Durultmayır bir şüşə də kefimi,
Siqarlarım bu gecənin ağ şamı.
Qarson dostum “yuyub-sərir” “şef”ini,
Müğənni qız yola verir axşamı.

Səbirsizəm bu axşam da zənginə,
Bilirsən ki, götürmürəm minnəti.
Vurulmuşam bu gecənin cənginə,
İstəmirəm, “huri-mələk” cənnəti.

Bir röyadır rəqqasənin gözündə
Tüstülərdə alov saçan hər gecə.
Süzüldükcə, qədəhlərin üzündə
Bədirlənir Ayla təzə-tər gecə…

Saqi gedib… xeyli keçib aradan,
Dəyişmirəm bu gecə də qaydanı.
Seçmək olmur burda ağı qaradan,
Daraldıqca sərxoşların meydanı.

Keçib daha, öyrəşmisən səfimə,
Aradabir sayaq olur tostlarım.
Nə vaxtdı ki, durulmayan kefimə
Nə yaxşı ki, dayaq olur dostlarım.

PAYIZ ELƏ PAYIZDI
”On yeddi”yə daha çələng düzmürəm,
Aramızda çox salıbdı davanı.
Bilirsən ki, ”Ayrılığ”a dözmürəm,
Dəyişərsən “on səkkiz”də havanı.

Səhərlərim saçlarının rəngidi,
Qollarımdan asılıbdı dan yükü.
Bu həsrətim uzaqların cəngidi,
Elə bilmə bu, sevdanın son yükü.

İşıq kimi tut üzünə yenə də
Mənim qəlbim qardan min qat bəyazdı.
Qaranlığı qalasan da sinədə,
İsinməzsən, payız elə payızdı.

“Cəm” elədim bircə-bircə “tək”ini,
Könlümdə yaz təzə çiçək açırdı.
Bu sevgidə istəmirdim ”iki”ni,
Zəndin yenə bir fürsəti qaçırdı.

Daraldıqca ümidlərin dalanda,
Səmum yellər saçlarını darayır.
Unudulub aramızda olan da,
İndi bizi xatirələr arayır…

Çəkilirsən uzaqlara yenə sən,
Dolanırsan xəyallarda yüz yeri.
Demirəm ki, şahlığından enəsən,
Saxla bir az qayıtmağa üz yeri.

Axır hələ aramızdan gur sular,
Bu günə də ”allah- kərim” deyərsən.
Xəbər alıb məni bir də sorsalar,
Bir də “canım”, bir də “ərim” deyərsən.

“On yeddi”yə daha çələng düzmürəm,
Aramızda çox salıbdı davanı.
Bilirsən ki, “ayrılığ”a dözmürəm,
Dəyişərsən“on səkkiz”də havanı.

HEDƏRBABAYA MƏKTUB
Heydərbaba, yollarına çən düşüb,
Bir ürəyim iki yerə tən düşüb,
Saçlarıma bir gecədə dən düşüb,
Qoy çalınsın vüsalımın nəğməsi,
Gözlə məni, gələsiyəm-gələsi.

Bu ayrılıq-iki əsrin yaşıdı,
O tay, bu tay bu ağrını daşıdı.
Nakam Araz gözlərimin yaşıdı,
Damcı-damcı əriyibdi giləsi,
Səni görsəm siləsiyəm-siləsi.

Heydərbaba, soylarını harayla,
Dədə Qorqud boylarını harayla,
Tonqal çatıb, toylarını harayla…
Qoy ucalsın Ocağının şöləsi,
Sevincimi böləsiyəm-böləsi.

Heydərbaba, gədiyində itən iz,
Xudafərin ürəyimdən ötən iz,
Nakam getdi Şəhriyarım vətənsiz…
Göz yaşıdı çiçəklərin jaləsi,
Axsa qanım, laləsiyəm-laləsi.

Heydərbaba, kədərinə qovuşdum,
Bir tarixin dərd-sərinə qovuşdum,
Arazboyu çox dərinə qovuşdum,
Öyünməsin, çox da, düşmən tələsi…
O tay, bu tay güləsiyəm-güləsi!

ŞÜBHƏLƏRİ VARAQLA
Bu dərdə də bəlkə əlac tapılar,
Bu sevdanı biryolluq göm ürəkdə.
Açıq olsun təki sənə qapılar,
Hələ mənim ağrılarım gömrükdə.

Nə zamandı gülümsəmir heç üzün,
Kədərlənmə bu yanıqlı bəstəmə.
Gözlərində yuva qurub iç üzün,
Heç bilmədim nədən durdun qəsdimə.

Keçəmmirəm, aramızda sayğı var,
Kefin mənsiz, halın mənsiz, necədi?
Bu həyatdı, hər addımda qayğı var,
Ömür tamam zülmət dolu gecədi

Sevən könlüm boyun əyməz hər dinə,
Bir yolum var, öz yolumdan azmıram.
Məlhəm olmur xatirələr dərdimə,
Hər dərdimi, hər ağrımı yazmıram.

O günlərin yarasını közləmə,
Ümidimi, gümanımı itirdim.
Bu sevgidə daha sınaq gözləmə,
İlk “dərs”imi bir sualda bitirdim.

Danışmadım bircə kərə hərcayı,
Ömür ötür qovğalarda, biləsən.
Yolun üstə sızqa axan bir çayı
Dəli keçir, düşünürsən hələ sən…

Elə bilmə küçənizdən keçirəm,
Yol gözləmə ta əzəlki maraqla.
Şərab süzür saqi yenə, içirəm,
Sən hələ də şübhələri varaqla.

Bu dərdə də bəlkə əlac tapılar,
Bu sevdanı biryolluq göm ürəkdə.
Açıq olsun, təki sənə qapılar,
Hələ mənim ağrılarım gömrükdə.