.....

.....

İnqilab İsaq – onun qocalmayan şeirləri

İnqilab İsaq – onun qocalmayan şeirləri

O qız elçi gözləyir…

Göydən göymü çəkilib,
Bu torpağı yuxu tutub
Ayrılıqlar əkilib.
Gedən gedib baxışlardan…
doqqaz gedib, bulaq gedib.
Gedən gedib uzaq gedib.
O qız belə qarımazdı,
O qız elçi gözləyir…
Bu doqqazdan,
O doqqaza,
Könül köçü gözləyir.
Neyləsin ki, olacağa, olana
Qapıların kilidində
kiriyən bir könüldü.
O da bəxtin açılmayan üzündə,
Gözlərinə
xəyalları gömüldü.
Hər ümiddə
açılan bir qapı var.
Qız ürəyi bu qapıda tapılar.
Ömrün-günün
Qismətinə nə var ki?
Tale kimi
Tanrı gülsə açılar.
Hörükləri ay daraqlı,
Yuxuları yar soraqlı,
Çiçəkləri solur yaz, yaz,
Gözlərində, gözlərində,
O qız elçi gözləyir…

Bu yaz davalıdı

Çiçəyi çırtlayan çiçək ədası,
Küləyə qoşulub qaçar bir azdan…
Puçurlar çırpınan ətcə quşdumu?
Keçirər ehmalca köçünü yazdan…

Boy-boya barlanan pöhrələrə bax,
Süd daman torpaqda-ana döşündə.
Tövşəyən addımın niyyəti yanlış…
Könül atlandıqca yar görüşünə.

Çiçək havasında adam uçurmuş,
Bənövşə ətrinə salam verməyə.
Quzeydə təklənən qış sınaqları,
Güneydə yer tapmır təslimdi deyə…

…Qəlbimdə közərər həsrət nisgili
Bu yaz buludunu çəkər haraya?
Təntidir qanımı Şuşa nəfəsim,
Ayrılıq yolları düşən havaya.

Bu yaz davalıdı, hələ davada,
Tapmayır özünü pozulan səhman.
Qanını üstümə tökmək istəyir,
Lalə yanağında bitirdiyi qan.

Üzər sızıltılar istəklərimi,
Bu bahar beləcə açar çiçəyi…
Cığırlar fikirli, yollar fikirli
Boyum sarılar haçan çiçəyi?

Nə ayrılıqdı belə…

Telejurnalist, dostum

Qaraş İsmayılın xatirəsinə

Nə qara-qorxu xəbər

Nə ayrılıqdı, Qaraş?

Mən qardaş itirmişdim

Əcəl pusqudan çıxıb

Səni də tapdı, qardaş.

Dur, yalanı güldürüb

Elan eylə efirdən.

Doğra qəhər lentini,

Bu qəfil reportaja

İnandırma bizi sən.

Qızlarının gözündə

Qapanan ekranlara,

Açılmayan səhərə

Nə təhər dözəcəksən?..

Zarafatın ürəktək

Dostları dindirərdi.

Şəhərinə gəlmişəm

Zarafat eylə indi.

Nə qara-qorxu xəbər

Nə ayrılıqdı, Qaraş.

Nolar bir məni eşit,

Nolar mənə qulaq as.

Boşla-boşla sən Allah

Ölümlə zarafatı,

Belə zarafat olmaz.

GÖRDÜM KI…

Çoxdan unutduğum bir xatirədə,
Körpə balıq kimi düşmüşəm tora.
Amma kədərimin caynaqlarında,
Bilmirəm, özümü çəkirəm hara.

Xatirə ovundan azad olmağa,
Hava udmağa da acizdi gücüm…
Ömürmü yaşadım unudulmağa,
Məni xilas etməz buynuzlu bürcüm…

Deyən çox uzandı keçmişə nağıl…
Gəlmədi başıma ağılım, huşum…
Yaxamı çəkdikcə div dərdlərimdən,
Göylərə tapşırdım qəfəsdə quşu…

Di gəl, səngimədi xatirə odu,
Gizlədi sükutun külündə məni.
Açdı oxunmamış bir kitabını,
Tapdı sətir-sətir günündə məni.

Gördüm ki, unutmur kədər heç nəyi,
Nə dağ yuxu görür, nə aran yatır…
Oyaqdı ən körpə xatirələr də,
Ayaq ucundasa bir adam yatır…

ETIRAF…

Çoxdu bu dünya qadağalar, çox,
Kəndirbaz kimidi, düşünsən, hamı…
Qırmızı işıqdan məni qoruyar,
Anamın laylası, atamın qanı…

Qəmimdə oyaqdı ocaq yerləri,-
Kəndim fikrim kimi perikmiş yuva…
Körpə yuxuları qəribdən qərib…
Durna dəstəsinə qoşulan oba…

Mən də bu yaddaşın günahkarıyam,
Gecikmiş addımım sökür çəpəri…
Ancaq o dağların havası ilə
Fırlanır, fırlanır könlümün pəri…

Solsa da dünyanın bağçası, bağı,
Mənə qəhmər durur o dağ, o təpə.
Qucuram anamtək ana torpağı,
İpək duyğularla hey öpə-öpə…

Di gəl, ağrılarda bitişməz yaram,
Dilə-dişə salım doğmanı, yadı?
Atam, ovucunda od tutan balan,
Nə oğul, nə də ki, şair olmadı…

KÖKDƏN SALMA…

Qırışmış köynəyimlə
Kökdən salma yaddaşı.
Təzəsini alaram,
İstəsən, uzaqbaşı…

Amma ki, alnıma bax,
Şırımı hardan düşüb?
Saçlarım ağ çiçəyim-
Qışdan, bahardan düşüb.

Gün başıma döysə də,
Dərdlərimə çən gəlir.
Ağrısının çarəsi
Hələ şeirdən gəlir.

Neyləyək ağ, qaranı,
Bir-birinə qatmayaq.
Yurd məzarla oyaqsa,
Yad ocaqda yatmayaq…

Bu əzgin, üzüntülü,
Ömürə dur baş çəkək.
Dinlərə yürüş edək,
Kilsədə də xaç çəkək.

Günahın tərəzisi,
Döyməsin bircə gözü.
Tanrıda tez taparıq,
Bəndə unudan sözü…

Əlini uzat mənə,
Yoldan qaldıraq daşı…
Qırışmış köynəyimlə
Kökdən salma yaddaşı.