.....

.....

Kəmalə Ənvərqızının şeirləri

Kəmalə Ənvərqızının şeirləri

Bəhanə
Nə yazmışdıq imza ilə, adı nəysə?
Nigah oldu, kəbin oldu, yoldaş olduq.
Sirdaş olduq ildən-ilə, illər ilə.
Əvvəli nə,axırı nə? Tale adlı bir bəhanə.

Necə sığdı ömür adlı karvanına
Sevinc, kədər, qorxu, qüssə?
Bir dastanı vurduq başa,
Mövzusu nə? Oxunuşu bir bəhanə.

Yelkən atdıq dənizinə, küləyinə.
Çıxdıq yola, sahil almaq niyyətinə.
Hara getdik, harda bitdik,
Gözdən itən qayığı da bir bəhanə.

Heç bilmədən atılmışdıq ələyinə,
Ümid olduq ələyənin biləyinə.
Gah yem olduq, gah qum olduq,
Ən sonunda çörəyi də bir bəhanə.

Yeni yaş

Aylar əvəzlənir,günlər ötüşür,
İlin bu gününə “Ad günüm” düşür.
Bu necə yarışdır, necə döyüşdür?
Qalib də görünmür , təqvim dəyişir.

Artıq bu yaş deyil, keçən ömürdür,
Hər keçən gününə sarılmam gərək.
Acısı, şirini, hamısı birdir,
Vuran dalğasında durulmam gərək.

Əllini keçibdir, qalanı
Gələni ötəndən
çox olmayacaq.
Bacar bir anını sən geriyə al,
Bu qatar yenidən yol almayacaq…

Dünya

Mən elə bilirdim böyükdü dünya,
Demə ona baxan gözlər kiçikmiş.
Tək deyil sayarsan çıxar milyona,
Bir dünya üzünə üzlər çəkilmiş.

Nə sonsuz deyilmiş, nə son deyilmiş,
Nə liman deyilmiş, nə yol deyilmiş.
İnsan gözlərində kiçik bir yeri,
Böyüdüb, böyüdüb dünya deyibmiş.

Biri barmaqlıqdan baxarmış ona,
Biri azadlıqda xoş gəlir yaman.
Biri anasızdır dünyanı bilmir,
Biri atasızdır yarısın görmür.

Təlaşı olançün yavaşdı dünya,
Qovğası olançün savaşdı dünya.
Harın baxan üçün dünya oyuncaq,
Xəstə yatan üçün üç-beş gün ancaq.

Kasıbın gözündə cibində olan,
Varlının gözündə nifaqlar salan.
Doğru insan üçün bu dünya “yalan”,
Yalançılar üçün böyük bir meydan.

Bunun kəndlisi var ,şəhərlisi var,
Hər gün kədərlisi, sevinclisi var.
Başqa dünya görür fərqli baxanlar,
Hər kəsin gözündə başqa ” dünya” var.

Kor elə birlir ki, rəngsizdi dünya,
Kar elə bilir ki, səssizdi dünya.
Biz elə bilirik bizimdi dünya,
Bir də görərsən ki, bizsizdi dünya.

Sabah

Çox çətindi sualdı gedim düşünüm,
Sabah bir cavabın deyərəm sənə.
Sabaha saxlayıb bu günün işin,
Sabahın yükünü artırdım yenə.

Sabah danışarıq, baxarıq sabah,
Sabahlıq işlərim bu günkündən çox.
Bir az vaxt tapacam, mütləq bu sabah,
Etmək istədiyim, etdiyimdən çox.

Sabah yenisini alaram bunun,
Sabah lap yaxşısın taparam yəqin.
Hələ gətirməmiş bu günün sonun,
Mənə borclu gəlir sabahım mənim.

Sabahı gözləmir səhhət, sağlamlıq,
Sabah bir həkimə gərək görünəm.
Sabahın işləri yaman qarışıq,
Vaxt tapıb bir ara anama dəyəm.

Məni olduğumdan fərqli bilirlər,
Yanlış anlayırlar yaxın insanlar.
Bəlkə də xudpəsənd, soyuq deyirlər,
Sabah baş çəkəcəm, xəstə qohum var.

Sabah bitəcəkmiş soyuq havalar,
Sabah durulacaq bulanıq sular.
Sabah qaça bilsək bircə ölümdən,
Sabaha bir ömür planlarım var.

İnşAllah demədən, amin demədən,
Sabaha köçürük sabah gəlmədən.
Sabahlar, sabahlar “sonsuz” sabahlar,
İşim baş tutmazsa sizsiz günahkar.

Ürək
Ürək dörd hissədi deyir tibb elmi,
Onun istəyini dördə bölümmü?

Keçirir ələkdən gedib-gələni,
Onun da işini özüm görümmü?

Rüşvətsiz, filansız seçir, sovurur,
Əmrə tabe deyil onun düzümü.
Qayda pozanları bir küncə qoyur,
Hökmünə qul edib mənim özümü.

Yeri qalacaqmı görən sonraya,
Sinəmdə gəzsə də sora bilmirəm.
Barı vəvasızı yaxın qoymaya,
Onun da səhvinə mən üzülürəm.

Təbabət mat qalıb onun elminə,
Ömrümüz bağlıdı vuran ritminə.
Sirrimi o bilir, sirr vermir mənə,
Bir gün mat qalacam son döyümünə…

Kölgəm mənim
Yaranışdan bir çıxarıq yola hər gün.
Yer üzündə bir can kimi dolaşırıq.
Sənin özün, mənim özüm,
Biz səninlə yoldaş kimi anlaşırıq
Kölgəm mənim

Bilirəm ki, bir ömürlük qismətimsən.
Sevməsəm də təkrarımı,təqlidimi,
Hara getsəm, harda olsam mənimləsən,
Deməsəm də gözlə məni, izlə məni,
Kölgəm mənim

Dinləyirsən gizli-gizli öz-özümlə söhbətimi.
Çəkinmirəm ən yaxınım,sirr yerimsən.
Heç üzünü görməsəm də, elə mənə bənzəyirsən
Aramızda yeri olmaz bir kimsənin
Kölgəm mənim

Kədərimin, möhnətimin elə bil ki şərikisən,
Hey susursan, qaçmayırsan heç yerə sən.
Bənzəsən də insanlara çox fərqlisən,
Umacağın yoxdu məndən
Kölgəm mənim…

Kəmalə Ənvərqızı