.....

.....

Kəmaləddin Laçınlının şeirləri

Kəmaləddin Laçınlının şeirləri


 
QARABAĞDA
Başına dolanım, ay şair qardaş,
Təbiətə tərif yaz Qarabağda.
Fəsillər çox gözəl keçir bu yerdə,
Cənnəti xatırlar yaz Qarabağda.
 
Çəmənin bəzəyir güllər, çiçəklər,
Meşələr qoynunda göy biçənəklər.
Daşlıqda zəngulə vurur kəkliklər,
Könüllər açan avaz Qarabağda.
 
Səfalı yaylağı, soyuq bulağı,
Yaşıl mənzərəli ceyran oylağı,
Heyrətə gətirir əziz qonağı,
Demək ki, olmuşam az Qarabağda.
 
Qoca, uca dağlar verib baş-başa,
Şuşa, Xankəndidi ona tamaşa.
Ağdamım, Tərtərim, Bərdəm yanaşa,
Gül edir bülbülə naz Qarabağda.
 
Ağcabədi, ulu Beyləqan qoşa,
Füzuli, Cəbrayıl gəlir çox xoşa.
Kəmaləddin, arzun dəyməsin daşa,
Qoy olsun kefimiz saz Qarabağda.
 
 
 
 
GƏLDİM
Həyatda özümü sevdirmək üçün,
Bu zalım dünyanı sevməyə gəldim.
Bir gözüm ağladı, bir gözüm güldü,
Sevinci, kədəri görməyə gəldim.
 
Şirin arzuları qəlbimə düzdüm,
Xəyal bir ümmandı, qoynunda üzdüm.
Ayrılıq şərbətin badəmə süzdüm,
Əcəli gözləyib ölməyə gəldim.


Tamahdı insanı hörmətdən salan,
Şeytandı aldadıb, ağlını alan.
Kəmaləddin, sözün olmasın yalan,
Mən də öz sözümü deməyə gəldim.
 
 
 
GEDİRSƏN
Gəlişin, gedişin ağladır səni,
Həsrətdən gözyaşın töküb gedirsən.
Ömür bir saraydı, sökülməz qala,
Əcəlin əliynən söküb gedirsən.
 
Könül ziyarəti eşqin məbədi,
Ömür bitsə, arzun itər əbədi.
Qürurdan enməyin budur səbəbi,
Sevgi önündə diz çöküb gedirsən.
 
Övladın yolunda əziyyət çəkdin,
Kədəri ağardıb saçında əkdin.
Düşündün, nə etdin, nəyə gərəkdin,
Axırda belini büküb gedirsən.
 
Kəmaləddin, xəyal eyləmə, bəsdi,
Hisslərin ötəri, duyğun əbəsdi.
İnsanın varlığı quruca səsdi,
Zamanı gələndə köçüb gedirsən.
 
 
 
GÖRMƏDİM
Birinə dost dedim, birinə qardaş,
Verdiyim dəyərə layiq görmədim.
Birin xoş əhvallı, birini kefsiz,
Bu çaşqın həyatda ayıq görmədim.
 
Ağlın var, yaxşını, yamanı ələ,
İnsanlığa dəyər qalmayıb, lələ.
Sevib arzulanan demirəm, hələ
Sözünə, əhdinə sadiq görmədim.
 
 
Su torpağı sevər, torpaq Günəşi,
Bağına baxmaqdı bağbanın işi.
Şərəflə zəhmətə qatlanar kişi,
Tənbəli zəhmətə aşiq görmədim.
 
Kəmaləddin, görüb, görmədim demə,
Nəfsinə hakim ol, haramı yemə,
Dünyanın varına könlünü vermə,
Cahan mülkün qula aid görmədim.