Kəsilmiş tut ağacı
Daha bu həyətdə ucalmır boyun,
Daha budağının kölgəsi yoxdu.
Sənin yoxluğunun iti həsrəti,
Mənim ürəyimə nizədi, oxdu.
Sən neçə sərçənin evi, eşiyi,
Neçə gül balanın pənah yeriydin…
Daş atıb qoynunda yuva dağıdan,
Neçə Allahsızın günah yeriydin…
Hər səhər havaya təmizlik qatıb,
Hər gecə qəlbimi dilləndirərdin;
Qoşa budağını yelləncək edib,
Körpə qızlarımı yelləndirərdin.
Çətirə dönərdin başımız üstə,
Bizi hifs edərdin qardan, yağışdan;
Biz sənin qədrini bilə-bilmədik,
Bağışla, ağacım, bizi bağışla…
Biz sənin ömrünü alıb əlindən
Qızındıq oduna, ömür eylədik.
Sən bizi istidən qorudun, ancaq
Biz səni yandırıb kömür eylədik.
Bir yaşıl ağaca uzanan əllər
Elə yerindəcə qırılsın, gərək!
O səndən düzələn kötüyün üstdə,
Bizim də boynumuz vurulsun, gərək.
Ölmüsənsə, məzarını at, baxım
Çək ömründə fəsillərin şəklini,
Payızını, baharını at baxım.
Baxım, görüm necə keçir güzarın,
Bir gününü, güzarını at, baxım.
Görüm mənsiz açılırmı səhərlər,
Ürəyinə necə yatır şəhərlər.
Ayağına yaraşırmı o yerlər,
Ayaq altda diyarını at, baxım.
Sən gedəndən danışmadım, gülmədim,
Ümid sonda ölür deyə ölmədim.
Dərdin nəydi, qayıtmadın, bilmədim,
Bir dərdini, azarını at, baxım.
Bir səs eylə, mən yuxudan oyanım,
Ayrılığı yuxu sanım, dayanım.
Ay özünü dağ başına qoyanım,
O dağ boyda vüqarını at, baxım.
At duyğunun, həm səsinin şəklini,
Ömrə olan həvəsinin şəklini.
Qalmısansa, nəfəsinin şəklini,
Ölmüsənsə, məzarını at baxım.
Gəlmisən
Sən bir nursan, bir yağışsan,
Küləyin üstə gəlmisən.
Bir məzarın üstündəki
Çiçəyin üstə gəlmisən.
Ələnmisən ələyimdən,
Möhkəm yapış biləyimdən.
Bir pay götür ürəyimdən,
Ürəyin üstə gəlmisən.
Gəl, ömrümə sən gəl təki,
Dağılsın dərdim var nəki.
Bir ümidsən, içimdəki
Diləyin üstə gəlmisən.
Məzarda çiçək inciyər,
Bədəndə ürək inciyər.
Qayıtma, çörək inciyər,
Çörəyin üstə gəlmisən.
Qayıtmadın
Yastığımı tumarladım saçın kimi
Qollarımda balınc tutdum, qayıtmadın.
Mürgü məni harda tutdu, orda qaldım,
Hər yerdə bir qulunc tutdum, qayıtmadın.
Öz dərimi öz əlimlə özüm soydum,
Nə dərd bitdi, nə vaxt yetdi, nə mən doydum.
Gah dilimin arasına şəkər qoydum,
Gah əlimdə qılınc tutdum, qayıtmadın.
Enişdən də, yoxuşdan da umdum səni,
Bir quruca baxışdan da umdum səni.
Yağış nədir, yağışdan da umdum səni,
Hər damlaya ovuc tutdum, qayıtmadın.
Naşı oldum, hər işimi naşı gördüm,
Naşı gördüm, gözlərimdə yaşı gördüm.
Görəcəyim ən sonuncu işi gördüm:
Namaz qıldım, oruc tutdum, qayıtmadın.
Balaca evlər
Böyük adamlarla dolu olardı
Bizim kəndimizdə balaca evlər.
Bəmbəyaz günlərin yadigarıydı
Tüstüyə bürünmüş qaraca evlər.
Yollar da ayrıca bir aləmiydi,
Cığırlar havada kəndir kimiydi.
Bütün kirpiklərdən buz sallanardı,
Bütün nəfəslər də təndir kimiydi.
Onda pərdəliydi qonşular, ancaq
Evlər arasında hasar yoxuydu.
Evdən böyük idi, bu kənddə daşlar,
Amma ki, bu boyda divar yoxuydu.
Gəzərdik daş üstə ayağı yalın,
Bərkiyib dönrədik bir dağa onda.
Anam yerimizi yerdən salardı,
Daha yaxın idik torpağa onda.
Mən elə bilirdim uçmaz, dağlmaz,
Dağa söykəyərdi özünü evlər.
Torpaq tökülübdür pəncərəsinə,
Beləcə yumubdur gözünü evlər.
Yiyəsiz qalıbdır həyət-bacası,
Çölünün dərdinə içi göynəyir.
O dilsiz-ağızsız daş evdən ötrü
Off! yenə burnumun ucu göynəyir.