***
Yatmışdın mışıl-mışıl, qəfil niyə oyandın?
Qızaran dan yerinin atəşinə boyandın.
Bələnib qoxusuna, dondun, durdun, dayandın…
Adını bilmədiyin bir çiçəkdi bu sevgi.
Əlifbanı öyrənən qorxaq uşaq kimisən,
Hələ qələm dəyməyən ağ varaqdı gen sinən.
Kirpiyindir xətt çəkən ötən günün üstündən,
Keçmişə ayna tutan gələcəkdi bu sevgi.
Sığındığın yuvadı, tapındığın bir əldir
Gah dünəndi, gah bu gün…səndən, məndən əzəldir,
Eşitdiyin, duyduğun hər nağıldan gözəldir,
Səni, sənə qaytaran bir gerçəkdi bu sevgi.
İti qəlpə kimidir, çıxmaz, batıb dərinə,
Hər gün bir az düşərsən sehirinə, sirrinə.
Keçər hər günahından, yazar savab yerinə,
Əyil, öp əllərindən, bir mələkdi bu sevgi.
Nazını çək ürəklə, hər gün dolan başına,
Qismətinə şükür de, bir də çıxmaz qarşına.
Üzünü sürt hər səhər torpağına-daşına,
Qoyma küsüb getməyə, axı, təkdi bu sevgi…
***
Bu yuxudan oyansam, qaçıb sənə gələrəm,
Pozaram səsizliyin daş kimi sükutunu.
Hər sözünü dinləyib, hər dərdini bölərəm,
İstə,sənə verərəm üryimin odunu.
Hamıdan tez oyanıb səhər küləyi kimi,
Sevincimi, sevgimi yollarına səpərəm.
Anasından ötəri darıxan uşaq kimi
Saçını sığallayıb, əllərindən öpərəm.
Heca-heca oxuyub səni başdan ayağa,
Nəfəsinə isinib, ətrinə bayılaram.
Nəğmə tək çiçəkləyib dadağında hər gecə,
Ruhuna ayna tutub, könlünə yayılaram…
***
Getməsəydin,
həsrətini çəkməzdin belə,
dolamazdım yolları ayaqlarıma,
kipriklərimlə sökməzdim gecənin köynəyini…
Getməsəydin,
misra-misra tökülməzdim şeirlərə,
varaq-varaq üşüməzdim kitablarda,
lalə-lalə qızarmazdım
bir sevdanın bağrında.
Getməsəydin,
nöqtəsiz qalmazdı cümlələr,
vergülləri yaddan çıxmazdı
sonsuzluğa göndərdiyim məktubların.
Getməsəydin,
tarixin yaddaşından
silinəcəkdi Məcnun adı,
kim yanacaqdı Leylilərin halına.
Getməsəydin,
boyat sevgilərdən bezəcəkdi adamlar,
köhnə şeirlərin
toz basacaqdı üstünü…
Getməsəydin,ağarmazdı
saçlarım dən-dən,
payıza sığınmazdı könlüm.
Getməsydin,nə yazacaqdı şairlər…
***
Canım-gözüm, günü günə satma gəl,
Bir ömürdə bir də belə yaz olmaz.
Bircə dəfə xəyalından keçməsəm,
Bircə günüm yaddaşına yazılmaz.
Çiçək açdım qələminin ucunda,
Tanrı yazdı adım üstə adını.
Gözlərimdən gilə-gilə su verdim,
Yaxşı duydum həsrətinin dadını.
Zülüm elə, hərdən-hərdən küsüb get,
Nə gözəldi, qoy sitəmin bol olsun.
Gəlişinə baxışımı sərmişəm,
Gedirsənsə, sinəm üstü yol olsun.
Getmək asan, dönmək çətin…tələsmə…
Nə olsun ki, ay tələsir,gün uçur.
Surətini ürəyimə köçürüm,
Bir gecəlik gözlərimdə yuva qur.
Bir fürsətdi hər günümüz, gecikmə…
Sevinməyə belə gözəl vaxt hanı?
Ürəyində son nəğməyə dönəcək
Bəlkə elə bircə günün dastanı.
***
Nolar, burax bu inadı,
Nolar, hərdən insafa gəl!
Zalım, səni kim oxuyar
Axı, əllərimdən gözəl.
Gəl, könlümündən sal yolunu,
Bulaq olub qəlbimə ax.
Mənim kimi tellərini
Misra-misra kim sayacaq?
Ovsunlanım baxışında,
Gözlərində batım hərdən.
Gəl, özünü unut məndə,
Bir sevdaya olaq vətən.
Zaman ötdü, vaxt tükəndi,
Yuva saldı saçımda qış.
Gəl,arzular toza dönüb,
Gəl,ümidlər kül olmamış.
Gəl, ot basdı izimizi,
Gəl, yolları bürüdü çən.
Ötən günə libas tikək,
Gəl, bu günün köynəyindən.