.....

.....

KƏPƏNƏK ÖMRÜ – Əzizə Həsənova

KƏPƏNƏK ÖMRÜ – Əzizə Həsənova

KƏPƏNƏK ÖMRÜ

Qazan dibi tutmuş ayrılıqların
Gözümə çəkdiyim yolu gödəkdir.
Kəpənək ömrümü elə yaşadım,
Kəpənək özü də bilməyəcəkdir.
Təqvimi illərə naxış düzdüm eee,
Toylarda bilsəniz necə süzdüm eee,
Elə dənizlərdə elə üzdüm eyy,
Kəpənək rəqsinə bürünəcəkdir.
Özgənin gözündə tiri görmədim
Yeddini götürdüm, biri görmədim.
Sağolsun ölənlər diri görmədim
Kəpənək həbsində sürünəcəkdir.

MƏMMƏD ARAZA İTHAF

(Ruhun şad olsun şair)
Məmməd Araz demişdi eee yadında?
“Bir ümidin ətəyindən tutub da fırlan”.
Bax o ümid nə qədər insanın xilasgarına çevrildi
bilirsən?
Ya da “Mən özümlə oynadığım şahmata güldüm”.
Gülüşlər insanın ömrünün dörd fəslində yerləşən təbiət
mənzərəsidir məncə.
Beşinci bahara addım atan körpə məsumluğu tək.
Ağ-qara fotoşəkillərin şahmat taxtasında hökm edən
bihudə duyğuların tablosu…
Ehh… Şair, nə tez qocaldın Sən! Tərk elədin bu dünyanı.
Dünya sənə də qalmadı.
Dünya sənə də qalmadı heç.
Dünya sənin, Dünya mənim, Dünya heç kimin…

YAD XƏYAL

Yadıma da düşmür bir an
Tanış üzün, tanış siman.
Yaddaşımdan da çıxmısan
Zaman unutdurub çoxdan.
Bilirəm ki, ürəyinin
Mən tərəfi boşdu hələ
Unut yavaş-yavaş məni,
Unutmağın xoşdu hələ.
Sənli, sənsiz günlər üçün,
Bircə dəfə darıxmışam.
Çoxdan unutmuşam səni,
Nə yaddaşsız adammışam.