Zənn etməyin
Ümidləri məftillərə bələməyin,
Xəyalların başına od ələməyin,
Ruhunuza əks olanı diləməyin,
Aldadacaq səbir sizi, daşanadək .
Əvvəl-əvvəl hər kəs sizi öyəcəkdir,
Düz yol budur, sən bilməzsən deyəcəkdir.
Arzularsa gözlərini döyəcəkdir
Gözlərindən bulaq kimi coşanadək.
Zənn etməyin gənclik hələ uzanacaq,
Qocalığın səndən zaman qazanacaq.
Gözlərində hələ pərdə, tül olacaq,
Dil-dodağın həyəcandan çaşanadək.
Sanma qəlbin vermədiyin taxt verəcək,
Yatacaqsan, gətirəcək baxt verəcək,
Tək sualın cavabını vaxt verəcək,
O nazlı da varlığın şərt qoşanadək.
Dön günəşə, kölgələri öndən itir,
Xalxın fikri yağan zaman tut bir çətir,
Qolundakı qüvvət bitir, ömür bitir,
O tərəfdən bu tərəfə aşanadək.
Keçir
Gözlərim yolda qalıb, qəlbim yolu izləyir,
Səbrim olub ağbirçək, məndən hörmət gözləyir,
Xiffət gülüşlərimdə öz- özünü gizləyir.
Həsrətin oxa dönüb, bağrımı dəlib keçir.
Sevinclərim köhnəlir, qəm əynimdə süzülür,
Qüssə meydan sulayır, şövqüm ürkür, büzülür,
Çəkisi azaldıqca sısqa ümid üzülür,
Cüssəli intizarım üstündən gəlib keçir.
Elə kövrəlmişəm ki, hər söz dəyir xətrimə,
Toxunur ən sevdiyim nəğmələr sarı simə,
Nigaran duyğulardan mən qərib desəm kimə,
Baxır ağlıkəm kimi, yanımdan gülüb keçir.
Qüsursuz
Tikanı vardır deyə ətri yoxdurmu gülün?
Qəfəsi nöqsanımı xoş nəğməli bülbülün?
Ruhdan ya dildən düşmək eybidirmi könülün?
İradları axtarsaq günahsızmıdır bəndə?
Gecə-gündüz, qara, ağ, acı, sevinc iç-içə,
İnsan nəfsi istəyir sadəcə birin seçə,
Naxışın xoş gəlməyən rəngini də tez biçə,
Səndə kəsir olanlar tamamlanmırmı məndə?
Gizlədib təqsirini qanaraq, bilə-bilə,
Axtarıb nöqsan tapan məsumca gülə-gülə,
Günahdan söz edərkən günah alan diliylə
Fərman verən biganə düşmürmü feli-fəndə?
İnsan insana dərman, sevgi yoxsa, yara var.
Yaralar sağalmırsa, qalınlaşır sərt divar.
Könüllərə düşməsə biganə gözlərdən xar,
Bürünməzmi insanlıq bala, şəkərə, qəndə?
Bütovü parçalayan ya tamahkar, ya nankor,
Ümidi görmədinsə, qəlbinin gözləri kor.
Qarmaqlara salmırmı eyibsiz bilinən tor?
Qüsursuz deyilmi eşq, qüsuruyla sevəndə?
Payız nağılları
Fəsillərdən yarpaqların tökülən,
Gül-çiçəyin yorğun olan vaxtıdır.
Baxışların uzaqlara dikilən,
Buludların tez-tez dolan vaxtıdır.
Boğazımda düyünlənən sözümdən
Kənar qaçır işıqların yaşılı.
Xırpalanmış qəlbim daşır gözümdən,
Kirpiklərim ürəyimdən dad qılır.
Yoxsa, ömrün payızıdır, əzizim,
Tez deyilmi, hələ nə yol getmişəm?
Nə salıb ki, addım izim, kam izim,
Heybəmi də hələ israf etmişəm.
Gəl dost olaq, dirəndirmə üzünə,
Sökdüyünü inşa elə, qur, həyat.
Mən yolunu gözlədiyim özümə
Hələ təzə qovuşmuşam, dur, həyat.
Qış gətirib, qar yağdırma telimə,
Öz ruhumu öz kölgəmlə qorxutma.
Bulud gözlər bənddir elə bir himə
Mənə payız nağılları oxutma.
Bağıranda
Varlıq içindəki qıtlıq fəslidir
Dillər kilidlənib, göz bağıranda.
Ümidin həyatda son gecəsidir
Kül altda sonuncu köz bağıranda.
Ayazlar arzunu həvəsdən salır,
Ruhum qanadını qoynuna alır,
Üsyanım səbrimi daha anlamır,
Yalvarır, hirslənir “döz” bağıranda.
Arzular qəfəsin içində dustaq,
Kəsir iliyimi şaxta, buz, sazaq,
Qışqırıq səsindən kar olur qulaq,
Ayaq sürünərkən diz bağıranda.
Gülşənlər diyarı xəzana çönər,
Dünyanın çarxı da tərsinə dönər.
Qəlbin köşəsində yetimə bənzər
Bir körpə, balaca qız bağıranda.
Cavab istəyirəm mən uzun-uzun,
Mənim qələmimlə kim yazır pozun.
Qoparar tufanın, qaldırar tozun
Bir özü olmayan “Öz” bağıranda.