.....

.....

Kor vicdan – Zemfira Ziyadqızının şeirləri

Kor vicdan – Zemfira Ziyadqızının şeirləri

….BƏX-Tİ-YAR…..

Milyon-milyon söz içində,
Üç hecalıq bir söz var.
Hər insanın qismətinə
Düşməz ki, o hecalar.
Axı hardan yaranıb, ilk dəfə kim işlədib
Bu sehirli kəlməni,
Axı hansı duyğular üç hecaya bölərək 
Dilə gətirib səni,
De, varlığın nə vaxtsa
Sübut olunub sənin?..
De, hansı muradına yetirmisən kimsəni?
Min illərdir beləcə adın dillərdə əzbər,
Amma ki varlığından bəşər oğlu bixəbər.
Sübut eylə özünü de, harda izharın var ?
Söylə, bu yer üzündə kim olubdur bəxtiyar?
Sən hardan yaranmısan?
Sənin kökün de harda?
Bəlkə açan çiçəkdə, üzə gülən baharda?..
Bəlkə səni axtaraq gülümsəyən çöhrədə,
Bəlkə də cingildəyən o çılğın qəhqəhədə?
Boşuna ümid etmə, yoxdur kökün bəx-ti-yar !
Ağlayanın dərdi bir,  gülənin min dərdi var.
Dinlə:
-Bu yer kürəsi ağlayıb qan yaş tökür !
-Neçə yetim körpələr, anasız boynun bükür !
-Neçə tənha qısılıb yaralı taleyinə !..
-Neçə gəlin geyinib, dul libasın əyninə!..
-Atalar əlləriylə oğul verir məzara !
-Söylə, varmıdır gücün, son qoyaq intihara!
Var dövləti başından, yağıştək yağan adam,
Yenə də söyləməz ki, mən necə bəxtiyaram.
-Saxla
-Sual ver
-Soruş: -Söylə bəxtiyarmısın ?..
İnan ki tökəcəkdir min yerindən göz yaşın.
-Bədbəxtəm söyləyəcək.-Özümü saldım işə,
Əlləşib pul qazanmaq çevrilib bir vərdişə,
Ömrümün yarısıyla, qazandığım sərvətin,
Qalan yarısıyla da, qorumaq olmuş çətin.
Gərək dəmir seyf alam, gərək tikdirəm qala,
Elə hasar çəkdirəm, nə bir quş lələk sala.
Oğru vahiməsini
Gətirib mənə sərvət,
Gecələr də qalmışam, şirin yuxuya həsrət.-
-İndi cavab ver mənə, ey cənab bəxtiyarlıq !..
Varmıdır yer üzündə, sənə sahib bir varlıq?..
Yer üzü yaranandan yazılıb taleyimiz,
Nəfsə giriftar olub əzablar çəkməliyiz.
Varlı da əzab çəkir-fəhlə də əzab çəkir,
Canı sağlam olan da, xəstə də əzab çəkir,
Qara taleyimizlə burax bizi baş-başa,
Sakit bir guşə axtar yaşa, özünçün yaşa.

◇◇◇◇

…….BAXIN GÖRÜN…
………GÜNƏŞ ÇIXIB..?

Üşüyürəm.
Soydaşımın bir birinə soyuq-soyuq baxışından üşüyürəm!
Üşüyürəm zəmanənin gərdişindən,
İnsanlıqdan uzaq düşən insanların vərdişindən üşüyürəm!
Köklənmişəm bir yaralı segah üstə, kaman üstə.
Ruhum yanır qan ağlayır gah ah üstə, aman üstə,
Anaların balam deyib nalə çəkən fəryadından üşüyürəm.
Ataların oğul deyb səssiz-səssiz ürəyinə axıtdığı dərya boyda göz yaşından üşüyürəm.
Həsrət didir ürəyimi için-için, sızım-sızım,
Üşüyürəm, gör nə qədər nakam gedib oğlum, qızım!
Üşüyəcəm, nə qədər ki torpaq altda yarım qalan ömür yatır!
Üşüyəcəm, nə qədər ki boş qanunlar, yalan və’dlər millətimin başın qatır!
Üşüyürəm qanunların bu “tısbağa” yerişindən!
Harınlamış mə’murların məzlumlara yürüşündən!
Bir yetimin gözündəki o nisgildən, o vəhşətdən!
Bir ananın səki üstə əl açaraq yaşadığı xəcalətdən!
Neçə-neçə körpələrin süngülərə sipər olmuş bədənindən!
Bu millətin qanın içib, göbək salıb, piy bağlamış qeyrətsizin boz rəngindən üşüyürəm.
Rütbə tutub, diyircəkli kresloda yırğalanan,
Sərvətini, torpağını, ovuc-ovuc satıb yada arxalanan o satqının xislətindən üşüyürəm!
Vətənimin başı üstə dalğalanan əzəmətli bayrağımın al qanına boyandığı şəhidinə baş əyəndə üşüyürəm!
Qələbəmiz sorağıyla doğulacaq o sabahı gözləyirəm!
Qalibiyyət zəfəriylə parlayacaq o günəşi gözləyirəm!
Gün gələcək bax o səhər doğulacaq!
Bax o ğünəş parlayacaq!
O günəşin doğuşuyla şaxta kəsmiş bu ürəyim isinəcək,
O sabahın doğuşuyla xain izi torpağımdan silinəcək.
Bax o zaman qalaq-qalaq bu dərdlərim çözüləcək,  ələnəcək! ələnəcək!
-Baxın görün günəş çıxıb?

◇◇◇◇

…….KOR VİCDAN. və ya
QISQANCLIĞIN BƏHRƏSİ.

Qısqanclıq,
-Bu hiss yaddır mənə                                        bilmirəm nədən,
Bəlkə çox acıdır qəlbi göynədən,
Bir az da var, içində sahiblənmək duyğusu…
Bir az da, azadlığın, rahatlığın oğrusu…
Bir az da yuxuların kabus dolu vərdişi…
Bir az ayaqlarının intizamsız gərdişi…
Bir az…bir az…bir az da…
Bu azlıqlar birləşib 
bir cəhənnəm yaradıb sənin baxışlarında…
Sanki dadı dəyişib, xəyanət dadı verir yağan yağışların da.
-Qısqanıram.-Bu sözün tək bircə mənası var!..
Mənə aiddi ancaq sənin bütün varlığın, o çatılmış qaşların, alovlu baxışların, bütün duyğun, düşüncən, atdığın hər addımın mənə təmənnası var.
Qısqanclıq bir xəstəlik, nəfsin itiliyidir…
Qapanmış kor gözlərin, o dar düşüncələrin mənəm-mənəmliyidir.
Sən ey hər kəlməbaşı-
-Səni sevirəm gülüm eşqin ilə yanıram,
Mən səni yeridiyin yola da qısqanıram-söyləyən kəs, deyən kəs!..
Kükrəyib addımbaşı sinəsinə döyən kəs!..
Düşündünmü bir anlıq, qısqanclığın səbəbi bəlkə elə səndədir!..
Yerli-yersiz qadağan, ya sıxma, boğmaların,
qəzəbli gözündədir.
Bəlkə də itirmisən özünə qarşı olan inamı etibarı…
Yersiz şübhələrinlə sevdiyin o qadının ətrafına hörmüsən həbsxana divarı.
Bəlkə zəif iradən?
Bəlkə soyuq nəfəsin?
İçindən üzə vuran qəzəbli sərzənişin səni özündən çəkib, o ülvi məhəbbətin yerinə şübhə əkib.
Baxdığın hər tərəfdə o ağaclar, o kollar, gözə dəyən hər nə var, qara kölgəyə dönüb çökəcəkdir sinənə.
Kor vicdanın susmadan təlqin edəcək sənə, sevginə xəyanəti;
-Durma, dayanma qəti…
-Boğsana!..
-Öldürsənə!..
Ayaqların mətbəxin qapısına sürüklər,
Əllərin yavaş-yavaş soyuq silah axtarar,
Böyük sevgilərin də, böyük nifrəti varmış,
Dəyərini bilməsən, dönüb zəhər dadarmış.
Ayaqların yol alar bir vaxtlar məhəbbətin sığındığı yuvaya,
Əlin qalxar havaya…
O mə’sum günahsıza vurduğun zərbələrin sayını itirərsən,
Vücudun səsə dönüb dəli kimi hayqırar;
-Bir…iki…dörd…beş…
Sonra birdən ayılıb ətrafına baxarsan, əllərin qana batıb, hər tərəf qan çilənmiş.
Ah Otello, Otello, inanıb köksüz-soysuz naqislərin dilinə, 
Qıydın öz sevgilinə.
Qarşıda iki yol var, biri qara torpaqdır, biri ömürlük məhbəs.
Sanma ki susacaqdır içindəki şübhə, səs…
-Bəlkə öldürdüm nahaq,
-Bəlkə yox imiş suçu,
-Bəlkə paxıl insanlar hörüb hiylə torunu, verdi mənə ipucu…
Dar divarlar qışqırar…
Bəlkə… bəlkə… bəlkələr,
Ayılar kor vicdanın elə sənin əlinlə öz kəndirini kəsər.

◇◇◇◇

……..TARİXİNİ UNUTMA………..

Unuduruq, unutqanlıq necə asan,
Dərdi, qəmi çəkə-çəkə yaşamaqdan.
Biz nələri unutmadıq!
Ta qədimdən kölə kimi zəncirlərə vurulmadıq?
Başımıza endirilən qapazlardan-
Kor olmadıq?..
Kar olmadıq?..
Lal olmadıq?..
Görə-görə, duya-duya, susa-susa unutduq.

Biz nələri unutmadıq!
Dinimizə don geydirib, kökümüzə balta vuran ərəblərin istilasın?-
Ya dərisi diri-diri soyularaq susdurulmuş Nəsiminin haqq sədasın?
Hansı birin sayım ki mən,
Əl-Təbəri* tarixlərə həkk edərkən,
qan sızılıb vərəqindən.
Səbəb nəydi, bu millətin oyanışı?
zəncirlərdən qurtuluşu?
zaman-zaman dikələn baş “kafir” deyib kəsilirdi, məhbəslərdə əzilirdi.
Amma biz yenə də unutduq!

Unutmayaq, biz yaşadıq yetmiş illik kölə ömrü.
Tə’riflərə, təltiflərə satıb, verdik yelə ömrü.
Harda müsəlman adı var, həmən verilərdi qərar:

– Bu millətin ayılması fəlakətdir.
Çox incə bir siyasətdir.
-Qarşısına “sümük” atın, yaxasına medal taxıb başın qatın.
Unutmayın, imperiya yaradırıq, dəmir** verib can alırıq.
  
Kimliyimiz yazılanda, tərcümə-hal dolduranda diktə edən tapşırardı,
-Deməyin ki xaricdə vardır qohumun, yoxsa ki, kəsilər soyun.
Heç bir yerdə iş almazsan, bir vətəndaş sayılmazsan.
Axtarış başlar: -Nəçidir?..
-Ya qolçomaq nəvəsidir?
-Ya da ki, nə?
Amma biz yenə də unutduq.

Biz nələri unutmadıq!
Bir balaca dövlətik düz ekvator xəttində 
Yağlı bir tikə kimi aç canavarlar durub torpağımın qəsdində.
Mayası xəyanətdən, xainlikdən tutulan,
İylənmiş dırnaq kimi hey kəsilib atılan,
Bir ovuc torpaq üçün İvanlara satılan,
Gah da sinsi ilantək sancmağa həmlə gəzən bu murdar ermənilər-
İrzini, namusunu torpağa dəyişənlər,
Talayıb yurdumuzu qanımızı tökənlər,
Anaların qəlbinə çarpaz bir dağ çəkənlər deyin unudularmı?
Amma biz yenə də unudacağıq-
Yenə!..,Yenə!..,Yenə!.

*- tarixçi, salnamə yazan.
**- orden, medal.

Zemfira Ziyadqızı. Şair-publisist, qəzəlxan. A.Y.B – üzvü