.....

.....

Kövrək nəğmələrtək dinir yaddaşım – SAHİB İBRAHİMLİ (şeirlər)

Kövrək nəğmələrtək dinir yaddaşım – SAHİB İBRAHİMLİ (şeirlər)

GƏLİR

Bilmirəm bu nədir içimi yeyir,
Şərin əlindədir gəzdiyim xeyir.
Mənim yana-yana yazdığım şeir,
Köksümün odundan, közündən gəlir.

Könüldür gözlərin yaşına gələn,
Sevsən taleyindir qarşına gələn.
Dərilən güllərin başına gələn
Abırlı, həyalı üzündən gəlir.

Sinəmiz dərd adlı çiçək bitirir,
Yaxşılar iz salır, yaman itirir.
Varlılar yedikcə Allah yetirir,
Kasıbın yediyi gözündən gəlir.

Qanad sınıbdırsa lələk neyləsin,
Unumuz daşdırsa ələk neyləsin.
Axı şir neyləsin, pələng neyləsin,
Çaqqala çaqallıq özündən gəlir.

Ürəyi yaşadan sözün qanıdır,
Söz ki, var min ildir haq divanıdır.
Sairlər hamısı söz qurbanıdır,
Şairə nə gəlsə sözündən gəlir.

İMZAMI DÜNYAYA NAHAQ GƏTİRDİM

Üz tutub getdiyim yolu itirdim,
Sındı həyatımın köhnə nizamı.
İmzamı dünyaya nahaq gətirdim,
Boğmaq istəyirəm mən öz imzamı.

Yaşadı köksündən qan dama-dama,
Nələri itirdi bu puç həvəsdə.
Məni tanıtmadı beş-üç adama,
Kölgəsi düşmədi balamın üstə.

Yetmədi şöhrətdən ona bir dadım,
Yiyəsiz pöhrətək düşdü küləyə.
İmzamı bir yana çıxarammadım,
Çatmadı imzamın əli çörəyə.

Yanardı qəlbində ümid adlı şam,
İnanıb tapındı haqqın boyuna.
Qapıdan qovulan utancaq imzam,
Bacadan girmədi…Güldülər ona.

Qırmızı arzular çəkirdi onu,
Qırmızı üzləri görmürdü hələ.
Ordenli imzalar kəsdi yolunu,
İmzamı qocaltdı “gənc” adı ilə.

İmzam od daşıyıb əzabkeş təki,
Heç kimin bağına bir daş atmayıb.
Vaxtilə o qədər döyülübdü ki,
Gözü qıpıq qalıb, boyu artmayıb.

Allah, daha imza bazarı da var,
Bazar ölçüsüdür daha şor tamı.
Başı boş, cibləri dolu imzalar
Bir küncə qısnayıb yazıq imzamı.

Hardadır o dəli günləri, harda?!.
Onda ki, xəyalı göylərdə idi.
Bir zaman sevərdi onu qızlar da,
Bir damcı sevgiyə möhtacdır indi.

Üz tutub getdiyim yolu itirdim,
Sındı həyatımın köhnə nizamı.
İmzamı dünyaya nahaq gətirdim,
Boğmaq istəyirəm mən öz imzamı.

BİR ZAMAN 16 YAŞIM VARIYMIŞ

Bir zaman 16 yaşım varıymış,
Bu dünya mənimmiş bir zaman, allah.
Mənimmiş hər çiçək, o qar, o yağış,
Hər ulduzlu gecə, hər nurlu sabah.

Keçirmiş yollarım göyqurşağından,
Köksüm böyüyürmüş dənizlər boyda.
Məskənim göylərmiş mənim bir zaman,
Bir zaman ovcumdan doğurmuş Ay da.

Sən demə, bir ömrün bahar yaşında,
Quşlara qoşulub uçmaq olarmış.
Bir zaman gözümdə qara daşın da
Göyərmək, gül açmaq gümanı varmış.

Ata ocağımız – o ev, o eyvan,
Mənim gözlərimin işığı imiş.
Araz aşığımdan, Kür topuğumdan,
Qayalar boyumdan aşağı imiş.

Hələ tumurcuqmuş arzum, istəyim.
Güvənc bildiklərim uca dağıymış.
İndi məzarına layla dediyim
Anamın o zaman cavan çağıymış.

Hanı bir ilahi nura boyanıb
“Sevirəm” dediyim o qərib axşam?
Bir vaxt bir sevdanın oduna yanıb,
Tənha gecələrə həmdəm olmuşam.

Dərdlər tanımırmış bir vaxt yaxamı,
Qəlbim görünürmüş çəmən-sərgidə.
Mənə doğma imiş, əzizmiş hamı,
Yoxuymuş dünyanın qara rəngi də.

Kövrək nəğmələrtək dinir yaddaşım,
Bəlkə xatirədir köç edən bulud?!.
E-heyyy!..De, hardasan, 16 yaşım,
Bu yol yordu məni, gəl, qolumdan tut!..

Sahib İbrahimli