.....

.....

“Kövşən ətri gəlir şeirlərimdən” – Faiq Balabəyli (şeirlər)

“Kövşən ətri gəlir şeirlərimdən” – Faiq Balabəyli (şeirlər)

SƏNİ GÖRƏNDƏ

Qaya ovulardı, daş əriyərdi
Bulud üzülərdi göyün üzündən.
Dənizin tozunu külək silərdi
Xəfifcə əsərək suyun üzündən,
səni görəndə.

Üzünü üzümə söykərdin onda,
Boynuma sarılan qol görünərdi.
Məni xoş günlərə apara bilən,
Gözümə işıqlı yol görünərdi,
səni görəndə.

Bütün bu şəhəri – sən varsan deyə
Sıxardım, yığardım bağrıma qədər.
Elə sevinərdim, elə sevərdim
Bütün əzabları – ağrıma qədər
səni görəndə.

***

Bircəciyim, de sözünü, duruxma,
Ömür keçir, gözləyəmməz yaş durub,
Məndən xəlvət ağlamısan deyəsən,
Qurumayıb, yanağında yaş durub.

Belə getmə, görənlər var, dur görüm,
Bir gülümsə, gözlərində nur görüm.
Günahım var, gəl boynumu vur görüm,
Müntəzirdi, qabağında baş durub.

Ay gözləri yaşla dolan ağıllım,
Ay baxışı min ovsunlu, nağıllım,
İçərimdən söküm-söküm dağıldım
Ağlayacaq əvəzimdə daş durub

BİLİRƏM DARIXIRSAN

Bilirəm darıxırsan,
Gözlərin də yol çəkir.
Dərd, sevincin üstünə
İmza atır, qol çəkir.

Kəndimizdə ağaclar
Tökür yarpaqlarını.
Şəklimi bas bağrına,
İslat yanaqlarını.
Külək əssə, çıx çölə,
Gətirəcək qoxumu.
Sənsizlik ərşə çəkib,
Gözlərimdən yuxumu.

Kövşən ətri gəlir, bax
Mənim şeirlərimdən.
Zülmət düşəcək sabah,
Gəl yapış əllərimdən.

Şəklimi gözlərinə
Nə tutub bağlayırsan
Yaman islandı şəklim
Bu nədir ağlayırsan?..

***

Bağ ola, yanıyca çay axa elə,
Bir də ki baıaca yol aralıqda.
Baxasan qarşıda duran gözələ,
Bir az uzaq dura, qol aralıqda.

Qıya gözlərini, guya gün düşə
Yana bağrın başı, ürəyin bişə…
Sinədə nar bitə – qoşa, gülüeşə,
Hansını dərəsən, al aralıqda..

Baxışı ox ola, taxıla elə,
Düşəsən ovsuna, nağıla elə.
Görənlər key düşə, yıxıla elə,
Deyəsən beləcə öl aralıqda