Lənətli koma-1
Niyə gəldim bu evə?!
Çox soyuqdur bu koma.
Tutum kimin əlindən?!
Deyim:-Məni tək qoyma.
Küncdə xeyli qurbağa,
Bir neçə kərtənkələ.
İlahi, necə qorxdum,
Birdən üstümə gələr.
Nəm divardan asılmış,
Çərçivəsiz şəkillər.
Bilmədiyim bir dildə,
Hey danışıb-gülürlər.
Yeddibaşlı əjdaha,
Od püskürür ağzından.
Küpəgirən qarının,
Pislik keçir ağlından.
Dilim də gəlməyir heç,
Divlərdən danışmağa.
Mənim gücüm yetərmi?!
Onlarla yarışmağa?!
Komanın hər küncündə,
İlanlar mələşirdi.
Gülərüzlü hurilər,
Cinlərlə güləşirdi.
Bu evin divarları,
Niyə ləkə içində?
İnanmıram ev ola,
Belə iyrənc biçimdə.
Timsahlar ağzın açmış,
Gözləyir öz şikarın.
Var gücümlə qışqırdım,
-“Məni burdan çıxarın”.
Özümü çölə atdım,
Hövlənak, qaranəfəs.
O daxmaya girməyə,
Məndə qalarmı həvəs?!
Qapısını bağladım,
O lənətli komanın.
Hər şey bir hissəsiydi,
Uydurulan romanın.
Lənətli koma-2
Divarı qan içində,
Bu lənətli komanın.
Mən də baş qəhrəmanı,
Bu qorxulu romanın.
Küncdə şikar gözləyir,
Pələnglər, həm də şirlər.
Burda köməyə gəlməz,
Nə ocaqlar,nə pirlər.
Otaq zülmət qaranlıq,
Çilçıraqda siçanlar.
Ətrafımda qaynaşır,
Zınqırovlu ilanlar.
Zəhərli sarmaşıqtək,
Bədənimə dolandı.
İndi kimə söyləsəm,
Deyəcək ki, “yalandır”
Bu lənətli komada,
Tutmuşdum nəfəsimi.
Kimsə eşidər deyə,
Çıxartmırdım səsimi.
Vahiməli otaqda,
Buz kəsmişdi cismimi.
Qorxudan,həyəcandan,
Unudurdum ismimi.
Ruhum göydən asılmış,
Bir qarmağa ilişdi.
Belə yuxular görmək,
Mənim üçün vərdişdir.
Vahiməli yuxu.
Mən arabir tapardım,
Belə şirin yuxunu.
Unutmaram gördüyüm,
Yuxuların çoxunu.
Belə yuxu görmədim,
Mən heç bu yaşımacan.
Bir vahimə bürüdü,
Ayaqdan başımacan.
Yatdığım o yer, döşək,
Mənim evim deyildi.
Əşyalar təzim edib,
“Mənim divim” -deyirdi.
O evdə xəstə idim,
Canım sanki yaraydı.
Yanımda ailəmdən,
İki nəfər varıydı.
Divarlar rütubətli,
Yatağımsa ağ idi.
Mənzərəni görəndə,
Hələ canım sağ idi.
Yastığımın altına,
Kiçik mis cam qoyulub.
O genişlikdə otaq,
İndi mənə dar olub.
Yad dildə hərflərlə,
Yazılmış idi o cam.
Rəngli saplar, iynəylə,
Doldurulmuşdu tamam.
Ay Allah, bura hara?!
Əcaiblər ölkəsi?!
Beynimdə dalğalandı,
İynələrin kölgəsi.
Şəffaf bir pərdə ilə,
Örtülmüş idi tamam.
Qorxu aman vermədi,
Gözümü yumub, yatam.
Düşündüm ki, pərdə var,
Əlimi cama atdım.
Bilmədim necə oldu?
İynə əlimə batdı.
Bədənimdə, qanımda,
İynələr dolaşırdı.
Ruhum Uhud dağında,
Düşmənlə savaşırdı.
Qulağıma hardansa,
Bir qadın səsi gəldi.
Görüm o yataqdaca,
“Səni öləsən”-dedi.
Elə həmin o anda,
Qanadlandı ruhum da.
Halbuki mən sağ idim,
Gördüyüm o yuxumda.
Bədənim tapşırılan,
Adi qəbir deyildi.
Məni orda saxlayan,
Vallah səbr deyildi.
Ürəyim sığışmadı,
Sanki köksüm daraldı.
Bircə onu bildim ki,
Gözlərim də qaraldı.
Düşündüm qorxuludu,
Gözümü qan bürüdü.
Bu dəmdə yaxınıma,
Ruh əkizim yürüdü.
O qorxunun gücündən,
Ruhum da qan ağladı.
Ruh əkizim əliylə,
Yaraları bağladı.
Dedim ki, kömək elə,
Axı qorxudan ölləm.
Dedi-“Artıq ölmüsən”,
“Sənə neyləyə billəm?!”.
Ruh əkizim bir anda,
Sirrə, qeybə çəkildi.
O yoxa çıxan kimi,
Nurlu adam göründü.
Əgər demək lazımsa,
Sözlərin doğrusunu.
Mən həmin an unutdum,
Ölməyin qorxusunu.
Diri ikən ölmüşdüm,
Öldüm sonra dirildim.
Bilmədim neçə saat,
Ya da bir gün, bir ildi.
Qəbir evim işıqlı,
Necə də rahat idi.
Üzü nurlu o adam,
“İndi dincəl, yat”-dedi.
Aramlanmış ruhum da,
Aləmi-zərrdə idi.
Məni nurdan ayıran,
Sadəcə pərdə idi.
Nurüzlü həmin adam,
Gülüb, tutdu əlimdən.
Elə bildim tökülür,
Mirvarilər dilindən.
Mən o nurlu aləmdən,
Gördüm öz evimi də.
Dedim-“Yandırın camı”
Rədd edin o divi də.
Mis cam yananda gördüm,
Evimin içindəyəm.
Taqətdən də düşmüşəm,
Tükənmiş biçimdəyəm.
Bu ki yuxu deyildi,
Lap gerçəyin özüydü.
Məni ayaqda tutan,
O kişinin sözüydü.
Oxuyub misraları,
Deməyin-“Mif söyləyib”.
“Dediyi hər kəlməni,
Yəqin ki, div öyrədib”.
Yuxumdan sonrasını,
Danışmağım çətindir.
Mənə hər iki evdə,
Uca Allah vəkildir.
Qorxu.
Yenə gözümdə qorxu,
Ürəyimdə min təlaş.
Çağladı bir dəniztək,
Qorxular yavaş-yavaş.
Zəncirlənmiş qapımın,
Ardında bir zəbani.
Görkəmcə nə cin idi,
Nə də ki, qulyabani.
O lənətli komanın,
Təzə misafiriydi.
Bəlkə həmin qorxulu,
Yuxulardan biriydi.
Nifrətli baxış ilə,
Gözlərimə zilləndi.
Vahiməli səs ilə,
Bağıraraq dilləndi.
Dedi-“Gendə durma sən,
Gəl,ol söhbətə dair”.
Adım keçir “Təhrim”də,
“Müddəssir”də və sair.
Bəlkə gücüm çatmazdı,
Onu məğlub etməyə.
Çıxış yolu axtardım,
Bu komadan getməyə.
Alnındakı bir gözü,
Yırtıcı nəzərində.
Qan içində bir ayna,
Masamın üzərində.
Gecə kimi qaranlıq,
Müəmmaydı gəlişi.
Çağrılmamış qonağın,
Olmalıydı dönüşü.
Boz dumanlı komada,
Başladı bir titrəyiş.
Gözlərim qan içində,
Heç bilmədim bu nə iş?
On doqquz damla düşdü,
Qan bürüyən gözümdən.
Heç nə başa düşmədim,
Söylədiyi sözündən.
Qan axdıqca komaya,
Yoxa çıxdı misafir.
Dəhşətdən qapanırdı,
Gözlərim ağır-ağır.
Bu kimin işgəncəsi?!
Bu nəyin sevdasıdır?!
Bəlkə məni qoruyan,
Anamın duasıdır?!
Şeirdə xatırladım,
Bütün olub-bitəni.
Qorxuyla yola saldım,
Vahiməli gecəni.
İlahi.
Nə yazmışdın adıma?
Heç düşmədin yadıma,
Fəqət indi dadıma,
Yetişərsən, İlahi?!
Qara saçımda ağ dən,
Heç nə gəlmir əlimdən,
Yaman gündədir bəndən,
Sən necəsən, İlahi?!
Yerdən göyə bir səddir,
Bu nə hiylə, nə fənddir?
Qulağım səsə bənddir,
Gələn sənsən, İlahi?!
Asi oldum mən Sənə,
Kərəm etdin Sən mənə,
Səhv etsəm dönə-dönə,
Əff edərsən, İlahi?!
Unutmuşam dünümü,
Gəl, ağ eylə günümü,
Eşidirsən ünümü?
Səsin gəlsin, İlahi !