Lal sevgi
Lal sevgi yaşadıq, torpağa gömdük,
Üstündən il ötdü, özgə göründük.
Məsafələr uzaq, davranışlar yad,
Sandılar yaşadıq, amma süründük.
Düşündük, özgəsin sevirik artıq,
Bizi üzməyəcək hicran, ayrılıq.
Amma yalan imiş, sevmədik axı,
İllərdir, qəlbimiz zülmət, qaranlıq.
O sevgi dil açıb baxışda qaldı,
Ürəklər alışdı, qəlbə qor saldı.
Lal oldu sevgimiz, gəlmədi dilə,
Sevgisiz yaşamaq yaşanmaz haldır.
Apar məni
Axtarmıram dərdi axı,
Özü gəlib tapar məni.
Kiçik gördüm böyük dağı,
Zirvəsində tutar məni.
O zirvənin adı – bəla,
Şirinlikdə dadı – bəla,
Yaxın olan yadı – bəla,
Özgələrdən qopar məni.
Öz ruhuna qonaq elə,
Kəs qolumu, calaq elə.
Demədim ki, alaq elə,
Gülüstana apar məni.
Ruhum ensin qönçə gülə,
Bihuş olsun incə gülə.
Sarılıb ölüncə gülə,
Cismimdə rahatlar məni.
Baharlar sazaqdır
Baharlar sazaqdır, göy üzü nəmli,
Ruhum da küskündür, bir payız dəmli.
Elə sonsuzluğa köklənmişəm ki,
Yazdığım misralar kədərli, qəmli.
Süzülmür qələmdən nəşəli sözlər,
Bir həsrət yuvası, intizar gözlər.
Təbəssüm üzümə qonaq olsa da,
Baxışım hicranın kölgəsin izlər.
O kölgə buludlar altında Günəş,
O həsrət közündən yaranan atəş.
Nə sönüb kül olar, arxayın olum,
Nə də alovunu mənə edər bəxş…
Anlayıram
Həyat dolu biriyəm mən,
Ruhu ölən diriyəm mən.
Təbəssümüm dünya boyda,
Ürəyi kül yeriyəm mən.
Gah sakitəm, gah da dəli,
Ruhum olub xəzan yeli.
Kəlmələrim gülüstandır,
Duyğularım kədər seli.
Danışarsam, güllər açar,
Susqunluğum dünya yıxar.
Sözlərimə məna verən
Boğazıma qəhər tıxar.
Məni bir mən anlayıram,
Ruhuma bel bağlayıram.
İçimdəki duyğuları,
Özüm üçün saxlayıram.
Bir anlamın görmədim ki!
Sirri verə bilmədim ki!
Qəlbimdəki boşluqları
Tək özümə silmədim ki!
Sildim bütün insanlığa,
Güvənmədim bir varlığa.
Bu dünyanın işığından
Nur almadım içimdəki qaranlığa.