.....

.....

Məhəbbət – Xalidə Abdullayevanın şeirləri

Məhəbbət – Xalidə Abdullayevanın şeirləri

Məhəbbət

Məhəbbətdir hisslərin ən dərini,
Qəbulumdur həm acı, həm şirini.
Bir az şirin etsən əgər dilini,
Eşq yolunda duman olmaz, çən olmaz.

Təməli saf eşqi qoyma talana,
Meyl salma əsla boşa, yalana.
Sadiq olsan əgər anda-amana,
Bu sevda heç zaman yarı, tən olmaz.

Bir məni görəsən getsən də hara,
İstəməm, düşəsən möhnətə, dara.
Uyma şirindilli vəfasız yara,
Əhdə sadiq qalmaz kimsə, mən olmaz.

Qərib bir diyarın qərib anıyam

Vədəsiz saçıma yağdı bəyaz qar,
Bürudu sağımı, solumu qubar.
Məni yad diyarda olanlar anlar,
Qərib bir diyarın qərib anıyam.

Ağlıma gələnlər başıma gəldi,
Çisgin də, duman da yaşıma gəldi.
Nə gəldi, ömrümün qışına gəldi,
Qərib bir diyarın qərib aniyam.

Gözümu dikmişəm vətənə sarı,
Bilsəydim, sevməzdim vəfasiz yarı.
Yad eldə rəhm də etmədi barı,
Qərib bir diyarın qərib anıyam.

Doğmalar yad oldu, bu yad şəhərdə,
Dadıma çatmadı bircə nəfər də.
Artıq dad eləyir dərdli Xalidə –
Qərib bir diyarin qərib aniyam.

Sevə-sevə ayrı qalmaq

Göyün üzü yenə
tutqun, qaranlıq,
Sənli xatirələr doğur bir anlıq.
Harda qaldı, hara getdi cavanlıq?
Yenə gündüzumdə zülmət gecədir,
Ay insafsız, söylə, danış, de görüm,
Sevə-sevə ayrı qalmaq necədir?

İçim qan ağlıyır vətəndən uzaq,
Haradan biləydim bu sevgin tuzaq.
Hansı məhəbbətdən deyək, danışaq?
Əvvəli nöqsandır, sonu tənədir.
Ay insafsı, söylə, danış de görüm,
Sevə-sevə ayrı qalmaq necədir?

Mən səni özümə həmdəm seçmişdim,
“Ən yaxın sirdaşım, canım” demişdim,
İnanıb sözünə sadiq bilmişdim,
Səndəki istəkdə boş bəhanədir.
Ay insafsız, söylə, danış, de görüm,
Sevə-sevə ayrı qalmaq necədir?

Güvəndiyim dağlara da yağdı qar,
Yalanmış verdiyin o ıhd, o ilqar.
Çiyninə yüklənib ağır günahlar,
Qazandığın nədir, savabın nədir?
Ay insafsız, söylə, danış, de görüm,
Sevə-sevə ayrı qalmaq necədir?

Nə qaldı

Ömrü verdim hədər yerə yelə mən,
Zaman ötdü, saçlarıma düşdü dən.
Düşünürəm qəmli”qəmli mən hərdən –
Nə qaldıki cavanlıqdan yadigar?

Can qalmadı, canımı da zay etdim,
Nadan kəsə ürəyimi pay etdim,
Peşman oldum, əbəs yerə vay etdim,
Nə qaldı ki cavanlıqdan yadigar?

Sınıq qəlbim sına- sına sızladı,
Bu qəm-qüssə məni elə haqladı.
İçim yandı, öz ağlıma ağladı,
Nə qaldı ki cavanlıqdan yadigar?

Qərib eldə qəriban
tək dolandım,
Əzəl gündən viranətək talandım,
Doğma yurdun həsrətindən qalandım,
Nə qaldı ki cavanlıqdan yadigar?

Məhəbbətə əsir düşdüm, oldum qul,
Allah, özün imdad elə, kömək ol.
Ömür ötdü, geriyə də yoxdur yol,
Nə qaldı ki cavanlıqdan yadigar?

Şəhid Aqil

Can etdi fəda Azəribaycanına Aqil,
Qurban elədi canını ünvanına Aqil.

Hər kəsdə hünər yox vətən üçün şəhid olsun,
Aqil kimi oğlan gərək olsun, igid olsun!

“Aqil” desələr, söylə, cəsarətdə birinci,
Xəlqin qoçaq övladı, şücaətdə birinci!

“Aqil” desələr, söylə, şəhidimdir, canımdır,
Hər damla onun qanı mənim doğma qanımdır!

Tarixlərə həkk oldu bu əfsanə bir insan,
Torpaqları uğrunda canından keçən oğlan.

Şabran yetiribdir bu cəsarətli cavanı,
Şabranda Piremsen köyüdür yurdu, məkanı.

Ey sorğu-sualsız şəhidim, sahibi-cənnət,
Allah bu məqamı özü etmiş sənə qismət!

Qanınla vətən döndü gülüstanə, ey əsgər!
Hər damla şəhidin qanı bir laləyə bənzər.

Aciz qələm, istərsən əgər vəsfi gözəl yaz,
Yetməz, şəhidin şəninə yüzlərcə qəzəl yaz!

Ey Xalidə, el naminə can verdi şəhidlər,
Xəlq içrə danılmaz, unudulmaz bu igidlər!