.....

.....

Məhəmməd Çalğın – Ağzımda bir dəniz var, intihar etməli…

Məhəmməd Çalğın – Ağzımda bir dəniz var, intihar etməli…

VƏTƏN

Nədir, Tat oğluyla qol-qola gəzirdin bu küçələrdə?
Nədir, Ərəb atından düşmürdün?
Nədir, Azərbaycan çəkmələri ilə rəqs edirdin Parisdə?
Nədir, xaraşov deyirdin Vladimirə?
Aynada üzünə baxırsanmı heç?
Heç, sifətindəki stressdən xəbərin varmı?
Gördünmü?
Hay gərək kişinin evindən çıxa
Gördünmü?
Özgələrdən yar olmaz?
Gördünmü?
Oynaşa ümid olan ərsiz qalar vətən
Gördünmü?

Səs tellərinin arxasında, alt paltarlarını dəyişirdi Amerika
Hami görürdü.
Kipriklərinin arxasında çimirdi İngilis
Hamı bilirdi.
Sinəndəki limonlara duz səpirdi Fransa
Hamı duyurdurl
Sən duymadın
Sən bilmədin
Sən görmədin vətən
Hamı görürdü.

Nə çox arzularımın üstünə asfalt salındı şəhərlərində
Nə çox başıma qapaz çalındı küçələrində
Nə çox göz yaşlarımı köynəyimin qollarında itirdim
Və nə çox düşüncələrimi məscidlərində
Nə çox oğlanların satdılar məni
Nə çox qızların aldatdılar məni
Və nə çox fahişələrin…
Fahişələrinə gözlərim qurban
Fahişələrinin boynumda analıq haqları vardır vətən.

Nədir, sinəndəki gümbəzlərdə ucalırdı naməhrəm səsi?
Nədir, reklam olurdu yanaqlarında özgələrin öpməsi?
Nədir, “səni sevirəm” məktubu yazırdın Ağsaraya
Yaponiya dizincəndir atom bombasının üstünə bıçaq çəkirdi
Nədir, gözlərindəki mavi lenzi borc alırdın Volqa çayından?
Nədir, “sənsiz ölərəm” məktubu yazırdın Kremlinə?
Norveç yarıncandır
Xoşbəxtlikdən vicdan əzabına düçar olubdur
Nədir, günəşin qorxusundan gizlənibsən zirzəmidə?
Pəncərəni aç!
Həllə deyirlər Vətən,
Hüllə deyirlər Vətən,
O quyudan dışarı çıx
Gör nə deyirlər Vətən?

ŞƏHİD ANASININ OXŞAMASI

Sən gedəndə,
Həyətimizi gilas iyi bürümüşdü.
Sən gedəndə,
Rafail də getdi, qonşunun oğlu
Günayın qardaşı Fazil də getdi.

Gilas ağacının kənarındayam indi
Gilaslar quruyub yerə töküldülər,
Rafail qayıtdı
Sağ əlini cəbhədə əkmişdi çiçək açsın.

Fazil də qayıtdı
Nə olsun ki ayaqlarını unutmuşdu
Sən, qayıtmadın.

DİL

Qorxu
Axmaqcasına insanı bərdələşdirir
Dilim ağzımdan düşdü,
Dilim söz tutmur.

Bu roman, müxatiblərini uduzmasın deyə
Karakterlərin bir neçəsi ölməlidir!
Bu sinemanın səndəlləri boş qalmasın deyə
Bu film gülməlidir.
“Qorxma, qorxma” dedilər
Mən elə qorxmuşdum.
Dilim
Söz tu-tu-tutmurdu…

Bu şəhərdə, hərflər qaçırlar,
Kəlmələr qaçırlar,
Dil qaçır,
Bir nəfər,
Dil kəsir bu şəhərdə.

Günəş uşaqları qızardarkən bu yaz günləri Təbrizdə,
Uşaqlar saralırlar
Moskvada,
Aleksandr salamatdır – şükürlər olsun
Danimarkada,
Silvia özünə təklif cəşni tutub – təbriklər
Amerikada,
Can, McDonaldda qızıllı dondurma yeyir ömrü çoxalsın – əhsən
Təbrizdə,
Uşaqlar ölürlər.

Əllərimi sənə verdim,
Əllərimin ucunda bir park var, istirahət etməli.
Gözlərimi sənə verdim,
Baxışlarımda bir ev var, gecə getməli.
Hələ ağzım yadımdan çıxıb,
Ağzımda bir dəniz var, intihar etməli…

Ağzımdan danışdım yadıma düşdü,
Ağzımda bir dilim var, yüz illik zindan veriblər
Dişlərimi dilimə casus düzüblər ağzımda.
Dilim su üzündə yanır
Söz tutmur dilim
Di, di, di, dil.
Yenə də dilimi dişlədim
Oooooooy
Yandı!
Dilim, dilim, dilim
Sənin səsin gözəldir
Kafeçiyə söylə bir çay gətirsin…

ŞEYTAN

Yuxularımda bir şəhər var
Bir küçə var yuxularımda
İki ev üz-üzə baxırlar illərdir
Küçənin ortasında əxlaq polisləri xəyallara silah çəkiblər…

Sən, o taydakı evdə çay içirsən pəncərənin arxasında
Bu taydakı evin pəncərəsindən boylanan mənəm.

Şüşələr, özlərini xəyallara sürtürlər
Xəyallar, şüşələri öpüb keçirlər
Küçə əxlaq polislərinin işğalındadır…

Sən, o taydakı evdə çay içirsən pəncərənin arxasında
Mən, bu taydakı evin pəncərəsindən boylanıram
Aramızda
Şeytan var…

TUBAYA MƏKTUB

Yenə də səni sevirəm Tuba
Eşidirsənmi?
Yenə də səni sevirəm
Və səni sevdikcə doslarıma borcum çoxalır.
Gündüzlər yatıram Tuba
Gecələr işim səni sevməkdir
Səni sevirəm…
Ay fətva verir
Səni sevirəm….
Ulduzlar inqilab edirlər
Yeni hakimiyət qurulur…
Yeni nizam…
Yeni qanun…
Bu məktubun ortasında azadlıq bitir
Sinəndəki dəvə quşlarından bir karvan gəlir – yükü nardır
Ağzından bir güyərçin uçur – məktubu bir qatardır.
İcazə ver bu məktubda sənə bir çay süzüm Tuba
İcazə ver stəkan danışsın dodaqlarından
Və şəkər – ağzından
Dodaqların butadır, həkk olunub Azərbaycan qadınının kalağayısında
Dişlərin hasardır, dilin zindan çəkir öz qalasında
Bu necə baldır, gizlədibsən dişlərinin arxasında?
Bu necə şandır, qalmışam həvəsində?
Bu necə mumdur, əriyir Alim Qasimovun səsində?
Saussure dilini dadmadan öldü
Və yetim qaldı dilçilik…

Mən də müsəlmanam Tuba
Mən də istəyirəm göbəyini təvaf edəm axşamlar
Mən də istəyirəm saçlarına and içəm gündüzlər
Gözlərini qoruyan kipriklərinə aş pişirmişəm
Sinəndəki günbəzlərə nəzirim var
Çayını iç Tuba, soyumasın.

Yenə də Duman Ərdəmə qoşulmuşam Tuba
Yenə də qaraçuxam məndən küsübdür
Yenə də istixdam olmuşam dərdə
Yenə də xatirələrini addımlayıram küçələrdə
Saçlarını makaroni bişirtdirirəm “Mun be mun¹”da
Gözlərini içirəm “Xansalar²”da
Dişlərinə tapşır xəyalımdan keçməsinlər mən çay içəndə
Qənd ilə çay içmərəm
Gözlərin “Şəhnaz³” qızlarıdır Tuba
Cəhalətin üstünə pıçaq çəkirlər “Valman”⁴ ağzında, açıq göbəkləri ilə
Barmaqların Təbrizin işığına fırlanırlar
Dırnaqlarına qonan kəpənəkləri ilə.

Yenə də səni sevirəm Tuba
Qulağın məndədirmi?
Yenə də səni sevirəm
Və səni sevdikcə doslarıma qalib gəlirəm
İcazə ver şeir ölkəsi yaradım Tuba
Sən birinci xanım ol
Mən də şeirin sultanı.

Bilirəm, bu sətirləri oxuduqca deyəcəksən…
“Mən qadınam, əlimdən nə gələr ki?!”
Xədicə də qadın idi
Məhəmmədi peyğəmbər etdi
Məryəm də qadın idi
İki daşın arasında İsanı böyütdü.
Maria da qadın idi
Mayakovskini dünyaya tanıtdı
Sən, sən olsaydın…
Mən sürünməzdim şəhərlərdə…
Sən, sən olsaydın
Mən saatlarıma qovra çəkməzdim küçələrdə…
Sən, sən olsaydın,
Xətrinə dəyməsin Tuba
Sən, eşşək ağacısan
Bəli!..
Eşşək ağacı…

¹ Təbrizdə kafe adıdır.
² Təbrizdə şairlərin bir yerə toplandığı çayxana adıdır.
³ Təbrizdə Xiyaban adıdır.
⁴ Təbrizdə məhəllə adıdır.