.....

.....

Mən bəxtimdən narazıyam – Nargilə Yusifqızının şeirləri

Mən bəxtimdən narazıyam – Nargilə Yusifqızının şeirləri

Mən bəxtimdən narazıyam

Hərdən dönüb kəpənəyə
Ruhum uçur yerdən göyə
Heç bilmirəm axı, niyə
Taleyi qara yazıyam,
Mən bəxtimdən narazıyam

Xəzan vurmuş çiçəklər tək
Soluxuram ləçək ləçək
Başın üstə bir çətir çək
Yayda dolu havasıyam
Mən bəxtimdən narazıyam

Nə verdin ki, tale, mənə
Tamarzıyam “can” demənə
Hər pərdənə, hər siminə
Qəmli Ədalət sazıyam
Mən bəxtimdən narazıyam

Naçar qalıb basdım səbri
(Kiritmədi minnən biri)
Göz yaşımın dəli Kürü
Həsrətimin Arazıyam
Mən bəxtimdən narazıyam

Adam

Deyirlər sevimli bəndələrini
Hərdənbir sınağa çəkər yaradan
Allahın sevimli bəndəsiyəmmi,
Nə qədər sınağa çəkilər adam?!

Hayana qaçsaq da bu tale bizim
Göz yaşı tökməkdən solub bənizim
Nə qədər yazsam da bitməz, əzizim
Dərdin pəncəsində tək gülər adam

Nə deyim, belədir dünya əzəldən
Yoxdu bir əyrisin tapan, düzəldən
Sonda heç seçilməz quru xəzəldən
Həyat ağacından tökülər adam.

Evlər var ki…

Gecə keçir zülmətiylə
Mənsə hələ yatammıram
Dikib gözüm pəncərəyə
Fikirləri atammıram

Düşünürəm ehhh..görəsən
İşıq gələn o evlərdə
Varmı mən tək fikir çəkən
Varmı mən tək dözən dərdə?!

Evlər var ki, gecə yarı
Amma işıq hələ yanır
Bəlkə də ağır xəstə var
Görənlər xoşbəxtdir sanır

Evlər var ki,pəncərədən
Qəhqəhə səsi ucalır
Digər işıq gələn evdə
Bir cavan dərddən qocalır

Evlər var ki, uçuq-uçuq
Divarı var, damı yoxdur
Xarabadı,qurd ulayır
Orda bəxtin kamı yoxdur

Evlər də var qoşa-qoşa
Pəncərəli, pəncərəsiz
Orda həyat bir tamaşa
Evlər var ki mənzərəsiz

Bax belədir, bu evlərin
İşıqları sönür, yanır
Kimisinin vaxtı gedir
Kimisinə vaxt dayanır!

Qaranlıq

Sevmirəm gecənin qaranlığını
Qara buludlar da məni qorxudur
Elə düşünürəm ölmüş kimiyəm
Sanıram dünyanın dibi, sonudur

Amma bir tək bundan əminəm ki, mən
Qaranlıqdan doğar işıqlı səhər
Günəşli səhərin xətrinə çox vaxt
Qaranlığa dözmək olar birtəhər

Bilirəm, qaranlıq işıq doğacaq
Səbrlə gözlərəm gələn sabahı
Mənim ümidlərim gecə doğulur
Toxum qaranlıqda cücərir axı!

Qərib yolçu

Mən bir qərib yolçuyam
Gəl tanıy yolu mənə
Yağışda islanmışam
Neyləsin dolu mənə

Qönçəm açmadı, soldu
Bağrım yandı kül oldu
Getdiyim yol sağ yoldu
Göstərmə solu mənə

Yaşasam da yüz sənə
Ömrüm bitəcək yenə
Deyəcəklər divanə
Qəlbi dərd dolu, mənə

Düşdüm çətinə, dara
Günlərim oldu qara
Eyləmədi bir çara
Tanrının qulu mənə

Sözlərimi oxu, sən
Gülab ətri qoxusun
Kaş ki, rəhmət oxusun
Tanrının qulu mənə.

Şirin yalan yoxsa acı gerçək?

Yenə düyün düşüb, xəyallarımla
Gerçəklər içində azıb qalmışam
Doğrusu hansıydı, yalanı hansı
Mən xəyallarımı doğru sanmışam

Azmışam yalançı xəyallarımın
Göz yaşı axıdan tüstülərində
Doğru üşüdəndə səhvən qızındım
Yalanın yalançı istilərində

Mən nədən bu yerə gəldim, ilahi
Uymuşam şeytanın bal barmağına
Heç dönüb baxmadım bircə dəfə də
Doğruların acı bağırmağına

Uyaraq şeytanın fitnə-felinə
Hərdən harama da saldım meylimi
Doğrular o anda kəsdi yolumu
Sandığım doğru yol bu deyildimi?

Yalan və həqiqət, özün ayır, seç
Doğru acısıyla fərqlidur ondan
Əsla aldatmasın şirinisi səni
Acı doğru xoşdur şirin yalandan

Halal yolu seçib doğru yaşa, sən
Halalı haramdan seçən göz, əldir
Şirin yalanlarla yaşamaqdansa
Acı həqiqətli ölüm gözəldir!

Qalib olsun əzrayil

Bilirsənmi, sənsiz hər şey dəyişib
Yeməyin də dadı- duzu başqadı
Həyat sanki yaşanmayır, əzizim
O da elə gün ötürür, baş qatır

Darıxmağa axı nə ad qoyasan
Lap çıxarır çiləsindən insanı
Hərdən elə qəribsəyir ürəyim
Göz yaşlarım xatırladır leysanı

Oturmuşam, dərin fikrə gedərək
Xatirələr yenə sənə üz tutub
Çəkəmmirəm gözlərimi yolundan
Gözləyirəm, ölümünü unudub

Anlayıram, səni geri qaytarmaq
Mümkünsüzdür, bu, baş tutan iş deyil
Mən gələrəm görüşərik, eybi yox
Bu dəfə də qalib olsun əzrail

Əlvida və nida!

Bu həyatda ayrılıq hər şeydən möhtəşəmdir
Mən bundan zövq alıram, sanki işim, peşəmdir

İtirmək yazılıbdı sanki mənim alnıma
Həyatdan almışam hey ayrılıq haqda namə

İtirdim əzizimi, itirdim can dostumu
Ayrılıq doğmamdımı, yoxsa ki, dostumdumu?

Axı dost öz dostuna yaşatmaz bu acını
Həsrətin yollarında ağartmışam saçımı

Hicranın alovunda qovrulmuşam, bişmişəm
Ayrılıq acısını badə-badə içmişəm

Bu həyat, bu mən, bu siz, deyin neyləyim indi?
Həyat ağrı acıya dözüb tab edənindi

Ayrılığa həsr edib ömrümü verdim bada
Gedirəm ayrılıqla…eh..əlvida…və nida!

Durna köçü

Yenə qızıl payız yorğanın sərib
Bağçalar xəzəldən xalı toxuyur
Susub, daha gəlmir quşların səsi
Yol-iriz, bağ-bağça payız qoxuyur

Nağıla bənzəyir hara baxırsan
Durnalar səmada qatar qatardı
İndi kövrəlsək də bu mənzərəyə
Yazda bir qayıtmaq ümidi vardır

Belədir, son bahar köçən quşların
Yazda qayıtmağı bir adət olar
O durna köçü tək payızda gedən
Baharda dönməsə müsibət olar!

Möcüzə

Selin axarına düşən ağac tək,
Həyat öz kökümdən qopardı məni.
Dözərdim gur sular içinə düşsəm…
Suyun lal axanı apardı məni!

Hələ əl eylədim dalğalar üstdən,
Hamı üz çevirdi eləbil qəsdən,
Ümidim var idi, bu son nəfəsdə,
Kimsə xilas edib, tutardı məni.

Qərq oldum dəryaya, dalğaya dözdüm.
Boğula- boğula sularla üzdüm
Bu da qismət, deyib həyatdan küsdüm,
Yaşatdı zamanın bu ardı məni

Axırda çəmənli bir düzə düşdüm…
Zülmətlər içindən gündüzə düşdüm…
İlahi eylədi möcüzə, düşdüm,
Tanrının sağ əli qurtardı məni.