***
Yürüdüyüm yolların sonu bilinməz mənim,
Mən dəryada Musanın izi üstə gəlmişəm.
Süzülmüşəm Allahın qələminin ucundan,
Səmadan dörd kitablıq sözü üstə gəlmişəm.
Bıçaqtək sancılmışam köksünə yaranışdan,
Tək ürəyi saxlayar tək sinə yaranışdan.
Əcəldən doğulmuşam əksinə yaranışda,
Mən ürəyi səmada, gözü üstə gəlmişəm.
Bir doğuluş ruhumu atdı burda bazara,
Yoluxdurdu cismimi min sağalmaz azara.
Öləndə üzü üstə qoyun məni məzara,
Çün dünyaya gələndə üzü üstə gəlmişəm.
Görən, uçar səmada dərd yükün daşıyan ruh?
Cisim asılı qalar, vücudu boşayar ruh.
Mənəm ölü bədəndə əbədi yaşayan ruh,
Ruhum torpağın altda, özüm üstə gəlmişəm.
Müqəddəs Tur dağından, Kərbalanın düzündən,
Uhudun çöllərindən, bulaqların gözündən,
İsanın çarmıxından, Məhəmmədin sözündən
Misra-misra süzülüb, yazı üstə gəlmişəm.
Mənim anam nə gəzir, mənim atam nə gəzir,
Mən dünyaya Allahın dizi üstə gəlmişəm…
Deyirəm ki, Yasəmən…
Yer ola tanrıdan oğurladığın havanı tutub bir az da dərinə çəkəsən,
Ya da bütün boşluqları ağciyərlərin yerinə çəkəsən.
Bəlkə bir gün qar yerinə nağıllar yağa buludlardan,
Bəlkə sonda üç alma çıxa qəbiristana cənazə daşıyan tabutlardan.
Bir nəğmə söyləyə yağışlar da damla-damla süzüldükcə çətirlərdən,
Başlar kəsilirkən hayqıran “əkbər”ləri silib atasan sətirlərdən.
Çaxmaya göydə şimşəklər,
Qopmaya yerdə tufanlar…
Bir atəşkəs müqaviləsi ilə barışdırasan göy ilə yeri,
Və unudasan barıt qoxusunu,
mərmiləri,
müharibələri…
Unudasan döyüşdən sonrakı böyrək ağrılarını, sətəlcəmləri.
Qaçıb tullayasan özünü dənizə,
Ruhun yelkəninə çevrilə sükuta üzən gəmilərin.
Ya bir dalanda
cibinə ilişib qalmış son qumbaranı çəkib sıxasan öz köksünə,
Bəlkə axır nəfəsdə üstünə hopmuş,
buz bağlamış qan isinə.
Ya özünü tanrı sanıb, ağrıların üzərinə öz ruhunu çəkib atasan,
Ya bir qızın döşlərinə körpəsitək pərçimlənmiş xərçəngləri söküb atasan.
Elə bəxtəvər olasan,
Sənə məktub gətirən bir qasidə çay deyəsən,
Ya bir çarmıxa dönəsən,
Qollarına mismarlanmış İsaya lay-lay deyəsən.
Bir dərgahın ola,
Ən sonuncu dilənçini də götürüb aparasan bu qara şəhərin küçələrindən.
Ya kainat olasan,
Gizlədəsən üfunətli zibillikləri,
murdar dalanları gecələrinlə.
Ölümsüz olub edama
məhkum hər məhbusun boynu üçün ağrıyasan,
Gecənin birində əllərini qızdırmaqçün oğurlayıb,
Edam kötüklərini doğrayasan.
Hə, Yasəmən…
Və sonda bir məzarda ayılasan ki, hər tərəfin duman,
qatı bulud.
Və yenə də üçcə dəfə kilsə zəngi,
Və sükut…
***
İlahi, saymısanmı heç?
Bu neçənci daxmadır ki,
Bu payızdan tək çıxacaq.
Bu neçənci gecədir ki,
Sabaha
bir adam əskik çıxacaq.
Bir ruh sivrilib çıxacaq,
Bir bədən və bir ömür arasından.
Qoca, idbar ölüm gəlib,
Və düşünmədən asacaq
Kimisə öz əsasından.
Sırasını gözləmədə,
Bir ulduz da axmaq üçün
Yerində keşik çəkəcək.
Bu gedişin aclığını
Evdə üç adam çəkəcək,
Çöldə bir pişik çəkəcək.
Bir çətir az açılacaq
bu payız buludun altında.
Neçə üsyan qalxacaq e…
Ki, tanrıya
Bu boz sükutun altından.
Bir çiyin əskik gələcək
Gedən tabutun altında.
Bu ölüm deyil,
Mən belə ölmərəm, ölmərəm.
Ağlama,
gedirəm elə.
Gedirəm… Tanrının dilin öyrənəm.
***
Tanrıların gözündən
Yayınmış məmləkətin
Tinində, dalanında
İtlər qarovulçudur.
Bu şəhrin adamları
Dağılmış, çiliklənmiş,
Yolun azmış yolçudur.
Tam yazılan ömürlər
Ayaq açmış, yerimiş,
Gəlib yarıya çatmış.
İntihar kəndirləri
Yarımçıq ömürlərdən
Özünə calaq edib,
Gedib tanrıya çatmış.
Yollarında daşlar da
Yorulub, əldən düşüb,
Day yalın ayaqları
Əzərək yara etmir.
Məsum dilənçilərin
Ovcunu qabar etmiş
Qaraüzlü qəpiklər
Tiranların, şahların
Üzünü qara etmir.
Ən bədheybət yuxular
Gəlir, burda çin çıxır.
Gecə lampalarından
Gecə ağrı tökülür,
Gündüz vaxtı cin çıxır.
Vaxtsız güllələdilər
Ən təmiz sevgilər,
Və ən təmiz hissləri.
Neçə xain gizlənir
Altında, kölgəsində
Bu yalançı büstlərin.
Titrəyir yer də, göy də
Bu dərbədər ruhların
Qan qoxan üsyanından…
Günün günorta vaxtı
Cənazə namazını qıldılar, ömrüm-günüm,
Sonuncu ümidin də,
Sonuncu gümanın da.
Ya məsafələr uzaq,
Ya da ki yol qaranlıq,
Ədalət kürsüsündə
Bizimçün sıra çatmır.
Dur e, gedək, Yasəmən,
Daha burdan dualar,
Vallah, tanrıya çatmır.
Elçin Məmmədov