.....

.....

“Məni gözəl xatırla…” – Ətayə Odərin şeirləri

“Məni gözəl xatırla…” – Ətayə Odərin şeirləri

***

Sanarsan ki, ümidlərin tükənən yeri,
Bir gün gələr, var sandığın, dönüb yox olar.
İllər sonra bir çevrilib, baxanda geri,
Görərsən ki, sən çəkdikcə, dərdlər çoxalar…

Anlamazsan hikmətini, təzada bir bax,
Əsir düşən ümidlərin, arzusu olmaz.
Hər gün yeni bir həsrətə açılan sabah,
Zülmətlərə məhkum olar, nuru da qalmaz

Keçmişləri vərəqlərsən, ömürdən ötən,
Xatirələr göz önündə ilğıma dönər.
Diləklərə inam ilə yol alıb, gedən,
Bir ümidin işığı da yarımçıq sönər…

***

“Məni gözəl xatırla…”

Bir gün əgər ölərsəm,
“Məni gözəl xatırla…”
Ürəyimin əzabın,
Gözlərimin həsrətin,
Görmə, duyma, eşitmə!
“Məni gözəl xatırla…”
Nə yaşanan həyatım,
Ürəyinə dərd olsun,
Nə də ki, mənlə bağlı,
Əzabların sərt olsun.
Düşün ki, yaşanmayıb,
Nə o boyda ayrılıq,
Nə də bitməyən həsrət.
Məndən sonra nə üzül,
Nə də özünə qəsd et.
Geri gələn ki, deyil,
Yaşananlar, olanlar
Səni heç incitməsin,
Xatirində qalanlar.
Həyatdır də – hər kəsin,
Fərqli yazılar bəxti,
Kiminə ömür – əzab,
Kiminə qızıl təxtdi,.
Geri qayıdan deyil,
Ötən bir anın belə.
Qalan həyatını da
Acıyla vermə yelə.
Çalış, bundan sonrakı
Ömrün sevgiylə dolsun.
Gələcək günlərində,
Gözəl xatirə olsun.
“Mənisə xatırlama!”
– demirəm ki,
Mən sənə.
Xatırla! Yalnız gözəl
Xəyallar aləmində.
Necə gəlib, tapmışdın
Görmədiyin birini?
Necə həsrət vermişdi,
İlk Vüsala yerini?
Ürəklər sevgi dolu,
Baxışlarda min sual
Bə’zən səsli-haraylı,
Bə’zən sakit, susqun, lal…
Necə unuda bildin,
O yaşanan günləri?
Yadından necə sildin,
O sevdalı illəri?
Yox… Yox…
Çalış, unut sən,
Qəlbini dərd yormasın.
O sevdiyim baxışlar,
Yollara iz salmasın.
Yaşa ömrü sevgiylə,
Bu sevdadan uzaq dur.
Ömrünü sevgi dolu,
Xoşbəxtliklə başa vur!
Mənli xəyallarda da
Üzülmənə qıymaram,
Sən unut, xəyalları!
Mən xəyaldan doymaram…
“Məni gözəl xatırla…”

***

Keçdi, ağrısı keçdi,
Göynəyən yeri qaldı.
O qədər üzüldü ki,
Hər şeydən geri qaldı…

Bu yazığın yenə də
Bitmir acısı, dərdi.
Ay kərəminə qurban,
Yenə sınaqmı verdin?

Zaman-zaman gücünə,
Qüdrətinə inandı.
Heç kimsəyə qıymadı,
Bircə tək özü yandı…

Üstünə elə getdi
Ağrıların, dərdlərin
Həyat geri çəkildi,
“Yenə də sənmi gəldin?”

***

Ürəyimə vurduğun yara elə dərin ki,
Heç bir təbib sağaltmaz, ölənəcən qan verər…
Mən güllər əkəcəkdim, qanqalların yerinə,
İndisə tikanlıqda qərib ruhum can verər…

İnsanları tanımaq çətindən də çətinmiş,
Dəyişməz əqidənin əvəzi yoxmuş demə…
Hisslərinin köləsi olanları tanıdım,
Bu dünya düzəlməz ki, heç üzülmə, qəm yemə…

Onsuz da ağrılardan qəlbim dəlik-deşikdi,
Kim qarğayıb hissinin köləsi etdi səni?
Yaşadığın o sevda geri gəlməyəcəkdi,
Sən kimi aldadırdın – ya özünü, ya məni?

Qoruyacaqdım səni əzablardan, acıdan,
Dərd bağlamış ürəyin mənimlə güləcəkdi.
Mən elə bilirdim ki, sevgin safdır, təmizdir,
Bu boyda sədaqətin qədrini biləcəkdin…

Bir daha ağrılardan yanan ürəyə dəymə!
Səninçün bir macara, kimisinə nəfəsdir,
Heç kimin qürurunu hissin önündə əymə,
Yəqin vərdiş etmisən, daha həvəsdi, bəsdi!..

***

Yaman darıxıram, yenə bu axşam
Yenə də xəyalın gözümdə bitib…
Bəlkə daha dönüb mən sən olmuşam?
Sənsiz nə vardısa yadımdan itib…

Gözlərim bir şirin yuxuya həsrət,
Sənli xatirələr uyutmur məni
Bilirsən, ay ömrüm, nədədir dəhşət?
Daha xəyalın da ovutmur məni…

Gecələr ağrılar artan olurmuş,
Gecə vahiməsi ağırmış yaman.
Sənsiz gecələr də üzə dururmuş
Səhərlər açılmır, keçmir ki, zaman…

Daha taqətim yox, gücüm də yetmir,
Sənsizlik səbrimi alıb əlimdən…
Bəs niyə xəyalın gözümdən getmir?
Özündən bir soruş, mənim dilimdən.