.....

.....

Mənim qapım sənsən… – Müşfiqə Baləddinin şeirləri

Mənim qapım sənsən… – Müşfiqə Baləddinin şeirləri

Mənim qapım sənsən…

Sirrimi toxuyub ümidlərimə,
Gecənin qayğılı çiyninə atdım
Deyirlər yerin də qulaqları var
Ona pıçıldadım, sənə çatdırsın

Çatdırsın , həsrətin bir ümman olub
Batırıb içində səhərlərimi
Gəzir küçə – küçə, dalanba dalan
Dolaşır ünvansız şəhərlərimi

Mənim qapım sənsən, mənim yuvam sən,
Yol çəkir gözlərim bir naxış ilə
Səpilib səhmanım yollar üstündə
Gəl, mənim yuvamı yır yığış elə

Gecikmə, bu qədər gecikmə mənə,
Mənim ürək ritmim düzləri hörmür
Həkimlər sadəcə telləri görür
Yollarda qırılan izləri görmür.

İndi bilirsənmi nəyə bənzəyir
Bu qədər darıxmaq, qarğışlı həsrət?
Quru çöl, susuz göl, çat vermiş torpaq
Bir damla mirvari yağışa həsrət

Bu gecə toxuyub ümidlərimi
Sən gedən yolların üstünə atdım
Deyirlər yerin də qulaqları var
Səndən pıçıldadım, gəlib çatdırsın….

Sənə tərəf

Bilirsənmi ötüb keçən günlərim,
Necə çətin, necə ağırdı sənsiz.
Necə deyim, necə izah edim ki,
Qurduğum xəyallar dağıldı sənsiz.

Elə bil ki ,payız çöküb ruhuma,
Elə bil ki ,hər yan qara dumandı.
Məni belə yarıyolda buraxma,
Məni qoyma bu gecəylə, amandı!

Bir çiçəyəm, torpağım sən, suyum sən,
Şaxta vurar, yaza çata bilmərəm.
Axı könlüm anasız bir uşaqdır,
Ovundurub başın qata bilmərəm.

Gəl ,gözümü yoldan yığım ,gecikmə
Axı mənim bir sevgilik yolum var.
Gəl, həsrətim, gəl ,sarılım boynuna,
Sənə tərəf bir qucaqlıq qolum var.

Ömrün növbəti pilləsi

Kim bilir, arzular hara aparar,
Kim bilir, yollarım uzaqdır, yaxın!?
Kim bilir, ömründə neçə saat var,
Neçə dəqiqə var arzuma yaxın?

Ömür sirr, ümid sirr, ölüm sirr qalır,
Həyata keçməyən arzu Pir qalır
Ömrümün sonuna neçə mil qalır ,
Alnımda qazılan yazıma baxın.

Qorxu min il çəkər, hünər bircə an,
Çəkilər qaranlıq, doğar bir cahan.
İtər xatirələr, qalar bir ad-san,
Yerişimə deyil, izimə baxın.

Nələr yaşamışam, nə yaşayacam,
Ümidlə əl-ələ şən yaşayacam,
Nə qədər yüküm var, mən daşıyacam,
Səsimdə boğulan sözümə baxın.

Ürəyimə eşq toxuyum.

Gecə səssiz, bulud yorğun,
Gəl sənə şeir oxuyum.
Qışdı, sevgin üşüməsin,
Ürəyimin üstə qoyum.

Bu nəğməyə saz yaraşır,
Gülüşümə naz yaraşır,
Çiçək ömrə yaz yaraşır,
Ətir saçım, gül qoxuyum.

Dindir könlün, dilə gəlsin,
Yarım “gülə-gülə gəlsin”,
“Elə getsin, elə gəlsin”-
Ürəyimdə eşq toxuyum

UNUTMAQ ISTƏMİRƏM!

Unutmaq istəmirəm,
BARMAĞINDA İZ SALAN MİLYON KƏSMƏ YOLLARI,
O yollardan başladı mənim kövrək qəlbimdən, sənin qəlbinə cığır.
Unutmaq istəmirəm ,hələ yadda yad olan soyuqlaşan qolları.
Mənə dərdim yük oldu sənəsə dərddən ağır .

Bir kimsəsiz , daş kimi, yetim kimi böyüdü,.
Nə nağıllar danışıb göydən alma düşürdüm.
Mən qəlbimi dərdimə qurban kəsib payladım,
Sənin payına qatıb
ağlımı urəyimlə bir qazanda bişirdim.
Unutmaq istəmirəm
Qaranlıq gecələrdə asılaraq tavandan zillənən baxışını.
Nifrət,həsrət qarışıq o qəzəbli o qəmli, xəritə üzündəki
qırışıq naxışını .
Qoy ələsin durmadan bu bəlalı başıma
Qarını yağışını,
sevəcəyəm qışını!.

Daş basaraq qəlbimə ötən xatirələri soyutmaq istəmirəm.
Üzüdönük bəxtimdən tikə tikə qoparaq
Unutmaq istəmirəm!…