.....

.....

MİN BİR GECƏ – Vüsal Ağanın şeirləri

MİN BİR GECƏ – Vüsal Ağanın şeirləri

MİN BİR GECƏ.

Bu da inad imiş, qələm dərd yazdı,
Hər kəlmə bir fikrin başını qatdı.
Bu gecəm sətirlər içində azdı,
Hər ümid gümanın dizində yatdı.
Vərəqə əkdim səni yar
Sözlərə çəkdim səni yar.

Qəlbimdə kök atan bahar gülümsən,
Günəş üfüqündə görürəm səni.
Bu günüm, sabahım, ömrüm, günümsən,
Göylərə qurşaq tək hörürəm səni.
Ahımdan tökdüm səni yar
Sözlərə çəkdim səni yar.

Ömrümün alınmaz qalası bu eşq,
Qəlbimi isidən ocaq yerisən.
Dillərə dastan tək qalası bu eşq,
Bəlkə də Vüsalın sınağ yerisen.
Ruhuma bükdüm səni yar
Sözlərə çəkdim səni yar.

QALANDA ÇİÇƏKLƏ GÜL ARASINDA!

Qadın bu dünyada zərif gül-çiçək,
Göz-gözlə görüşər, çırpınar ürək.
Qorxuram itirəm ağlımı görcək,
Qalanda çiçəklə gül arasında!

Oxşasa ruhunu tər sünbül-süsən,
Gülər səadətlə – bəxtindən küsən.
Gözəllik önündə nə duman, nə çən,
O, göz qamaşdırır tül arasında!

Ruhuma od salıb bir qaragözlü,
Çıxmaz xatirəmdən o laləüzlü.
Əriyim eşqinə kaş gizli-gizli,
Sirr olum dodaqla dil arasında!

Ürəyim dənizdir, damarlarım çay,
Sevda sellərilə salır hay-haray.
Sevgisiz insanın taleyinə vay,
O, itən ocaqdır kül arasında!

MƏNİM

Sevgidən yazıram ürəyim dolu,
Ruhum saf bildiyim bir eşqin qulu.
Keçir ürəyimdən sevdanın yolu,
Ayağım izimdə böyüyür mənim.

Bəlkə də səmadan düşüb pay gəlib,
Ürəyi böyüyüb, bağrini dəlib.
Sevən ürəyimə, kim dəyər verib,
Həsrətim özümdə böyüyür mənim.

Zaman da işləmir çəkir cilovu,
Hicran qara saça səpir qırovu.
Yaxır qəlbimizi həsrət alovu,
Ocağım közümdə böyüyür mənim.

Bəxtim əvvəlcədən yazılıb qara,
Yaralı ürəyə olmadı çara.
Həsrət varlığımı çəkdikcə dara,
Sevgisi gözümdə böyüyür mənim.

Deyirlər sevənin gözləri yaşdır,
Ahından çatlayan ürək, yox, daşdır,
Məhəbbət deylir yaman qarğışdır,
Naləsi üzümdə böyüyür mənim.

Qırılmış qəlblərdən, söz açan eşqin,
Ürəkdən ürəyə iz açan eşqin.
Qəlbimdə dünyaya göz açan eşqin,
Laylası dizimdə böyüyür mənim.

Zaman tələsərək sürətlə getdi,
Payız gizlənincə qış ”dada yetdi”.
Üşüyən ruhum da şaxtada itdi,
Ümüdüm dözümdə böyüyür mənim.

KAŞ UŞAQ QALAYDIM

Uşaqlıq illəri bir də qayıtmaz,
Acılı, şirinli ən gözəl çağlar.
Böyüyüb qəfildən dəyişir insan,
Yox olur bir anda sanki uşaqlar.

İl keçir yaş üstə yaş gəlir yenə,
Qayğısız günlərdən uzaqlaşıram.
İnsan yaşlandıqca böyüyər axı,
Mən isə get-gedə uşaqlaşıram.

Böyüyən bəlkə də özüm deyiləm,
İçimdə uşaqlıq böyüyür mənim.
Ömrün də təkrarı olaydı kaşki,
Böyümək kəsilib canıma qənim.

İndi uşaqlığın həsrətindəyəm,
Kaş yenə kiçilib uşaq olaydım.
Böyümək nə yaman çətin iş imiş,
Kaşki heç böyüməz uşaq qalaydım.

Böyümək get-gedə qorxudur məni,
Böyüyüb gedirik ölümə sarı.
Böyüyüb bir gün mən yox olacamsa,
Kaş uşaq qalaydım, ölməzdim barı…!!!

“VAXTIMIZ AZDIR”

Ötsə ömürdən bir il,
Yay, payız, qışdı, yazdı.
Dostlar, gənclik illəri
Kamandı, tardı, sazdı.

Kədərin üstən atlan,
Qatlan qismətə, qatlan.
Gələcəyə qanadlan,
Bu bir arzu-murazdır.

Qəlbimiz çoşqun dəniz,
Olaq mehriban, əziz.
Ömrü xərcləməyək biz,
Çünki vaxtımız azdır!