.....

.....

Nəcibə İlkin – Qışın buz köksünə sancıldı əlim…

Nəcibə İlkin – Qışın buz köksünə sancıldı əlim…

Mənə göz yaşı göndərin

Eh…bu gün əsməyən külək,
Bəlkə də yağmayan qaram.
Gözlərini döyən bulud,
Başıma tökülən qoram.

Həsərətimin pəncərəsi,
Kəndin toz basmış evidi.
Ağlamaqdan doyan gözüm,
Gör səni kimlər kiridir.

Sözlərimin yaxasından,
Asılıb yuxu bayquşlar.
Dənizun balıq gözündə,
Bir ümid də belə qışlar.

Qocalığın qırışıları,
Ləpələnib sahil döyür.
Bu dünyanın əyrisindən,
Kimlər keçib, özün öyür.

Bölünürük döngə-dönğə,
Dilənirik küçə-küçə.
Gündə yüz yol yalvarırıq,
Allah günahmızdan keçə.

Bu dünyanın qurd dişini,
Sinəmizə batırmışıq.
Boş ümidli arzuları
Özümüzlə yatırtmışıq.

Dənizə gülən üzümün
Qasırğası tutur məni.
İki əlimlə sıxdığım,
Boş ürək də atır məni…

Bu gün dərdim çiçək açıb,
Bu gün şehlənib qucağım.
Mənə göz yaşı göndərin,
Bəlkə kiriyə ocağım.
19.02.23.

İllərin o tayı gözləyir məni

Bahar deyə-deyə dolaşdı dilim,
Qışın buz köksünə sancıldı əlim,
Bəxt da qar tutarmış, daha nə bilim….
İllərin o tayı gözləyir məni.

Dağlar əl eylədi, duman gəl dedi,
Həsrət yollarımda mənə dil dedi,
Eşqim yaşa dedi, baxtım öl dedi,
İllərin o tayı gözləyir məni.

Neyləyim bu qəlbi sərxoş dünyaya,
Məni məst eyləyib saldı sevdaya,
Sirdaşım, həmdəmim oldu daş, qaya,
İllərin o tayı gözləyir məni.

Xəyallar başına yığıl ha yığıl,
Dərdlərin əlində olmuşam nağıl,
Məni yaşatmadın a dünya dağıl,
İllərin o tayı gözləyir məni.
2011.

Gedəsən

Soyunub qəm köynəyini
Üzü dağlara gedəsən.
Gəzib dağları doyunca
Sonra da gözdən itəsən.

Acını çəkə ev-eşik,
Yol gözləyə dost-tanışın.
Çiliklənən xatirələr
Ola sənin məzar daşın.

Dolasan bulud gözlərə
Payız olub, yaz güləsən.
Baş daşından gülümsəyib
Yağış kimi töküləsən.

Anan gələ görüşünə,
Atan qucaqlaya səni.
Sevincdən daşın çatlaya
Dərdlərin ağlaya səni.

Güləsən torpaq üzünə,
Güləsən külək yaşına.
Son gülüşün xatirinə,
Hamı yığıla başına.

Səni sevən könüllərin
Qalasan qız yaddaşında.
Darıxdığın ölüm üçün
Ölməyəsən bu yaşında…
18.09.23.

Şirin-şirin güləsən

Bir uçuq daxman ola,
Oturub qəmlənəsən.
Dərdini güzgü bilib,
Elə güzgülənəsən.

Gözlərin qəhərlənə,
Nar kimi sıxılasan.
Köksün elə titrəyə
Dəniz tək çalxanasan.

Çəkib qəmin ətrini
Bir az ləpələnəsən.
Dərdlərin gül üzünə,
Şirin-şirin güləsən.

Bulud-bulud ağlayıb
Göylərə çəkiləsən.
Dərdlərin yuya səni,
Kəfənə büküləsən.

Şəklini çəkə yollar
Yer də qısqanclıq edə.
Əzrayıl dostun ola
Səni tərk edib gedə…

GƏLMƏ GÖRÜŞÜMƏ

Gəlmə görüşümə, gəlmə,
Heç zəng də eləmə…
Unut olub keçənləri,
O mənli xatirələri…
Heç olmamış kimi
Qara bir örtüyə bük, bərk-bərk!
Üstündən qara bir xətt çək!
Hicranımın əli elə qanlıdı,
Səni yenidən ağuşuna alacaq,
Bakirə hisslərimi oyadacaq..
Yox .. istəmirəm, gəlmə.
Könlümün yuvasında sənin üçün
üşüyən günlərimi qoruyuram..
Yana-yana sevgi ilmələri toxuyuram.
Həsrətimin üzü elə soyuqdu,
Lap Sibirin uzaqları kimi…
Əllərim yanır, sənin üçün alışan
dodaqlarım kimi.
Sökəyirəm dodaqlarımı
həsrətimin buz aynasına,
Soyuq nəfəsində çırpınıram,
Özümü məhbəsdə sanıram.
Gəlmə görüşümə, gəlmə
Gəlsən də danışma, dinmə…
Get.. bütün ümidlərim sənin olsun,
Təkcə sənsizliyimi aparma..