Nəqşıcahan
Ey ruhumu qarış-qarış göy üzündən
yer üzünə sipər kimi naxışlayan,
Naxçıvanım.
Su yaddaşı ömür-ömür sevgi payım,
könüllərə məhəbbəti bağışlayan
Naxçıvanım.
Ana yurdum, qəlb ocağım,
Sevgi payım, nur çırağım,
Fəsil-fəsil dəyişənim,
Nəfəs-nəfəs alacağım
mavi səmam, göy dənizim.
Bayrağımın üç rəngində dalğalanan
mələklərin qanadısan,
Ucadan da ucadasan,
Əzəmətli Şahdağımsan.
“Könlümün sevgi məhbubu” Vətən,
“El bilir ki, sən mənimsən”,
misramdakı şah beyitim.
Xudayarın dastanında
Azərbaycan ürəyimsən.
Xarıbülbül səsi gələn
Şəhidimin məzarında
solmayacaq güllərimsən.
Nəfəsimsən, həvəsimsən,
ayə-ayə, dua-dua, təkrar-təkrar
içimdəcə eşq səsimsən.
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Məmməd Araz, Nizamilər
Füzulilər məskənisən.
Sən bir bütöv Azərbaycan,
Dünyamızın gur səsisən.
Dolub-daşan selmi deyim?
Yurdum-yuvam, elmi deyim?
Tükənməyən ilmi deyim?
Tariximin yaddaşından toplandıqca
çıxılmayan Nəqşicahan,
Təkrar-təkrar oxuduğum nəğməsən sən.
Sənə alqış!
Sənə əhsən!
Ölümün nişanlısı
Həyatla ölümün astanasında
Gözümüz yaşılıdır, arzular sınıq.
Yeganə cənnətdir, ümiddir xəyal,
Bizlər də ölümün nişanlısıyıq.
Adaxlar adayıb, yola salırıq,
Bəxtsiz gəlinlərin bəxtin açırıq,
Bəzən də fəxr ilə deyirik bunu –
Bizlər də ölümün nişanlısıyıq.
Dalğalar içində batıbdır qayıq,
Bu qədər yaxınkən nədən ayrıyıq?
Əl çalın ölümə, küsməsin bizdən,
Bizlər də ölümün nişanlısıyıq.
Kainat bütövdür, bizsə yarıyıq,
Birimiz günəşik, birimiz ayıq.
Həqiqət acıdır, unutmayaq ki,
Bizlər də ölümün nişanlısıyıq.
Ömürdən gedir
Çağlayan dənizdim, kükrəyən çaydım,
Özüm-özlüyümdə gizlənən aydım.
Başımı qaldırıb göyə boylandım,
Gördüm, ulduzlar da ömürdən gedir.
Dərd verib, qəm alıb ağladım nahaq,
Beləcə, adladım ömrü baş-ayaq.
İynəni birlikdə götür, saplayaq,
Yaş ötür, cavanlıq ömürdən gedir.
İlləri salmadıq çərçivələrə,
Özümüz çərçivə adamı olduq.
Nələri itirib, nələri tapdıq,
Suallar içində əsdik, sovrulduq.
Gedirsən, sən də get ömürlər kimi,
Gethaget dünyası bu imiş məgər?
Çərçivə içindən çıxart şəklimi,
İtən yaddaşında qalsın nöqtələr.
Göydələn
Könlümə ucalan nərdivanlardan
Yıxıldım üzüstə, yerlərə dəydim.
Həsrət ağacından günləri bir-bir
Dərib ürəyimin içinə sərdim.
Beləcə, çevrildin xatirələrə,
Sən o xatirədə təzəcə qaldın.
Ömrümə hörülən kərpiclər kimi
Getdikcə böyüdün, göyə ucaldın.
Ucalmaq nə gözəl yaraşdı sənə!
Boyun neçə qarış artdı, görəsən?
Adına yeni bir ad da tapmışam –
Göylərə ucalan kiçik göydələn…