.....

.....

Bakir Laçınlının şeirləri

Bakir Laçınlının şeirləri

Nəsihət

Hər gün düzgün yola, səni çəkirəm,
Əməl et, qəlbimə, dəymə sən ALLAH.
Üzündən, gözündən, zəhrimar yağır,
Baxıb qaşlarını, düymə sən ALLAH.!

Daim yaxşı gəlsin, sorağın, səsin,
Yaşa ürəyində, sən hər bir kəsin,
Qoy səni el sevsin, el tərifləsin,
Bu qədər özünü, öymə sən ALLAH.!

Gözəl tanıyıram, ürəyi daşsan,
Harda cəhil olsa, tez orda başsan,
İncimə sözümdən, sən başıboşsan,
Özündən zəifə, söymə sən ALLAH.

Açdı hər bir şeyi, göstərdi zaman,
Pis yola düşməyə, vermərəm aman,
Susursan, ürəyim, sıxılır yaman
Cavab ver, gözünü, döymə sən ALLAH

Sənə çox demişəm, azı min kərə,
Bakiri nahaqdan, gəl salma şərə.!
Düzgün göstərişə, öyüdə görə,
Ağzını, burnunu, əymə sən ALLAH.

Olmuşam

Deyirsən mən səndə, istək görmədim,
Hər zaman qadanı, alan olmuşam.
Gözləyib yolunu, qarda, yağışda,
Tufanda, yollarda, qalan olmuşam.

İstərəm başımı, köksünə sıxam,
Üzüm də gəlmir ki, gözünə baxam,
Elə bil həyatda, artıq mən yoxam,
Hörmətdən düşmüşəm, yalan olmuşam.

İmkan ver, bir azca, xəyala dalım,
Qapanıb özümə, qoy təkcə qalım,
Fürsət axtarıram, kimisə çalım,
Sanki bir qəzəbli, ilan olmuşam.

Dərdini çəkməkdən, olmuşam xəstə,
Gözüm olmayıbdır, qeyri bir kəsdə,
Bakirəm, dərd qoydun, dərdimin üstə,
Kədərdən saralıb, solan olmuşam.

Dəyməz

Gəzsən də aranı, gəzsən də dağı,
Su yoxsa, köçünü, tökməyə dəyməz.
Lazımsız, faydasız, şoran torpağı,
Zəhmətlə şumlayıb, əkməyə dəyməz.

Gözün heç qalmasın, özgə malında,
Zəhərə çevrilər, saxta balın da,
Qədirsiz, qiymətsiz, qohum yolunda,
Pis olub, boynunu, bükməyə dəyməz.

Həmişə sadə ol, dartma özünü,
Ağzından çıxmamış, bişir sözünü,
Ümidli olaraq, *yada gözünü,
İllərlə gözləyib, dikməyə dəyməz.

Döyər ayağını, başmağın darsa,
Heç qaça bilməzsən, mənzilin gorsa,
Hər şeyin ölçüsü, biçisi varsa,
Biçimsiz libası, tikməyə dəyməz.

Bağa baxırsan ki, görəsən barın,
Dərəsən almasın, heyvasın, narın,
Ömrünü çürüdən, vəfasız yarın,
Ay Bakir, dərdini, çəkməyə dəyməz

Baxmır

Çörəklə imtahan, etməsin ALLAH,
Ac adam, yağlıya, yavana baxmır.
Qəddarın gözləri, sanki tutulub,
İnsafsız tutduğu, divana baxmır.

Sevməyən, sevginin, qədrin bilərmi.?
Dərdli, qəlbi daşla, dərdin bölərmi.?
Bəxtin gətirməsə, üzün gülərmi.?
Qismət nə qaçana, qovana baxmır.

Can qədri bilinər, xəstə yatanda,
Pak vicdan sızlayar, suça batanda,
Deyirlər ay Bakir, əcəl çatanda,
Əzrayıl qocaya, cavana baxmır.

Ağlamır ki, ağlamır

Deyirlər ki, dərd eləmə, danış, gül,
Xoşrəftar ol, ürəyindən kini sil,
Sevgilim də, yola verir, elə bil,
Əhdi-peyman, bağlamır ki, bağlamır.

*Gül üzümə, qoy açılsın, gül-çiçək,
Qəddar olma, eşq badəsin, süz içək,
Onnandısa, gəl sinəmə, bir dağ çək.!
Zalım qızı, dağlamır ki, dağlamır.

Kaş biləydin, halım gör nə təhərdi?!
Yuxum gəlmir, baxıram ki, səhərdi.
Yemək-içmək, sanki mənə zəhərdi,
Qazanım da, buğlamır ki, buğlamır.

Mən Bakirəm, nələr gördüm dünyada?
Vaxtsız məni, qucaqladı dərd-qada,
Yurd salmışam, Məcnun kimi, səhrada,
,,Leylim,, isə, ağlamır ki, ağlamır.
*üzə gülmək

Qadasın aldığım

Ay gözəlim, görüşünə gəlmişəm,
Yorub məni, yol qadasın aldığım.
Acı sözün, qulağımdan getməyib,
Et dilini, bal qadasın aldığım.

Bu məkanda, ruhum tutmadı qərar,
Səni gördüm, dünya mənə gəldi dar,
Külək vurar, saçlarını dağıdar,
Ört başına, şal qadasın aldığım.

Mən sevirəm, bu yerlərin qızını,
Bilirsən ki, çox çəkmişəm, nazını,
Bas sinənə, köklə telli sazını,
Bir ,,Dilqəmi,,çal qadasın aldığım.

Səni görcək, təbim coşur, hey daşır,
Şölən vurur, gözlərim də qamaşır
Gülüşünə, gör necə də yaraşır!
Çənəndəki, xal qadasın aldığım.

Sənsiz yoxdur, şöhrətim də, şanım da,
Ruhun gəzir, damarımda, qanımda,
Darıxıram, gəl Bakirin, yanında,
Bir neçə gün, qal qadasın aldığım.