.....

.....

Nadir Məmmədlinin şeirləri

Nadir Məmmədlinin şeirləri

Mən səni itirdim bu yaz günündə –
Təzəcə açmışdı novruzgülləri.
Donub xəyalının bir an önündə,
Bir dəli duyğuyla gəzdim çölləri.

Körpə çiçəklərin çöhrəsi nəmli,
Suların səsində sevgi harayı.
Sərgərdan yellərin ağısı qəmli,
Qayalar donuxmuş matəm alayı.

Ulduzlu göylərin sındı tilsimi,
Söndü dalğa – dalğa, bitdi həyəcanım.
Ümid bir yaralı qaranquş kimi
Çırpılıb köksümə tapşırdı canın.

Ey könül mülkündə qurub cah-cəlal –
Məni ulduzlara uçuran həvəs …
Əlvida, ey gözəl, ey süslü xəyal!
Salam, ey yolsuzluq, ey qorxunc qəfəs.
Mart 1985

***

İzin ver gül çöhrənə
Son dəfə baxıb gedim.
Qəlbinə köçüb qalım,
Gözündən çıxıb gedim.

Saçının buruqları
Könlümün duraqları.
Tabunu, yasaqları
Büsbütün yıxıb gedim.

Ey gözəllik zəngini,
Pozdun hər ahəngimi.
Gözlərinin rəngini
Bəxtimə sıxıb gedim.

Ayrılıqlar yolumda…
Həsrətindən solum da .
Bəxt ulduzun olum da,
Bir gecə axıb gedim.

YALQIZ QADIN
O ay camalına, ey mələksima,
Hansı ehtiyacın düşüb kölgəsi?
Yalqız ürəyinə min aləm fəda!
Səni də qul etdi qullar ölkəsi.

Yoluna daş atdı hansı duyğusuz,
Hansı qayğılara saçın süpürgə?
O gözəl gözlərin çoxmu uyğusuz?
Baxaram, baxaram, könlüm üşürgər.

Səfalət mülkünə çevrilən vətən!
Burda dələduzlar haram qatdıyır.
Ey zərif çiçəyim, neyniyəsən sən ,
Burda kişilərin bağrı çatdıyır.

Burda pula gedir vəfa, etibar,
Bura insanlığın bazar yeridir.
Gəl də bu girdabdan özünü qurtar…
Bura ləyaqətin məzar yeridir.

***


Qulaqlarımda
zamanın qəhqəhəsi –
Xəyalımda
kəndimizin köhnə mənzərəsi.
Bir Allah idi, bir mən,
bir də ötən günlərimin xarabalıqları.
Gedirdim
ağlaşan xatirələrə sarı.
Baba ətirli bir qayanın
edam kötüyünə ilişdim,
Bir uçuq dəyirmana düşdüm.
Fırlandı başıma çay yatağı,
Fərhad qopardı
çayırı çıxmış çəmən.
Nə Allah qalmışdı,
nə bəndələr –
Bir çay yatağıydı, bir mən.
Bir də bir uçuq dəyirman.
Danışdıq,
danışdıq ağrımızdan, acımızdan.

***


Dərdini göylərə ulayan
ey zavallı yalquzaq!
Mənim dərdimi
qaranlıqlara danış –
Qaranlıqlar dərin ,
uzaq …